Gülbahar Şükürlü (Gülbahar Müzəffər qızı Şükürlü; 20 mart 1962, Bakı – 5 yanvar 2024[1]) — Azərbaycan Respublikasının əməkdar artisti (2009), Azərbaycan musiqiçisi, qarmon ustası.
Gülbahar Şükürlü | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 20 mart 1962 |
Doğum yeri | |
Vəfat tarixi | 5 yanvar 2024[1] (61 yaşında) |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Mükafatları |
Şükürlü Gülbahar Müzəffər qızı 20 mart 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhərindəki 26 saylı orta məktəbdə ilk orta təhsilini almışdır. Orta məktəbi bitirdikdən sonra 4 nömrəli İncəsənət Gimnaziyasına daxil olmuş, təhsilini orada davam etdirmişdir. 2020-ci ilin sentyabr ayında başında aşkar olunan onkoloji şişə görə əməliyyat olunub[2]. 2023-cü ilin yanvarında sənətçi xəstəliyin yenidən baş qaldırdığını bildirib.[3] 5 yanvar 2024-cü ildə vəfat edib.[4] Buzovnadakı Əliayağı qəbiristanlığında dəfn olunub.[5]
Ailəli idi, 2 övladı var.
16 yaşından qarmon sənəti ilə məşğul olan Gülbahar xanım el şənliklərində, məclislərdə çıxış edərək qısa müddət ərzində sevilən sənətçi xanımlardan biri olaraq özünəməxsus şirin ifası ilə çoxlarının qəlbinə yol tapmışdır.
Uzun müddət Azərbaycan Respublikasının Xalq artistləri Mələkxanım Əyyubova və Səkinə İsmayılova, sevilən müğənni Zöhrə Abdullayeva və başqaları ilə birgə çalışmışdır.
1993-cü ildə Azərbaycanın tanınmış müğənnilərindən biri olan Zöhrə Abdullayevanın təkidi ilə Gülbahar Şükürlü efirə çıxaraq Dövlət Televiziyasında 30 dəqiqəlik solo konsertlə çıxış edərək böyük tamaşaçı kütləsinin rəğbət və sevgisini qazanmışdır. Bununla da Gülbahar xanım daha da tanınaraq Dövlət Televiziyasında digər verilişlərə dəvət alaraq solo çıxışlar edir.
1998-ci ildə Gülbahar xanımın bəstələdiyi "Aytac" rəqsi ona xeyli uğur gətirmiş, ilk albomu da "Aytac" olmuş və Gülbahar xanımın ən uğurlu layihələrindən biri olmuşdur. 2000-ci ildə bu rəqs "İlin rəqsi" nominasiyası ilə mükafatlandırılmışdır. "Aytac" rəqsindən başqa Gülbahar xanım "Rusifi", "Ləman", "Rəvanə" rəqslərinin müəllifidir, lakin bütün bu rəqslər və ifalar içində Gülbahar xanıma ən çox uğur gətirən rəqs "Aytac" rəqsi olmuşdur. Bu rəqsə məşhur akkordeon ifaçısı Elşan Dadaşovla birgə klip də çəkilmişdir.
Yaradıcılıq dövrü ərzində Gülbahar xanımın 4 albomu işıq üzü görmüşdür. "Aytac", "Rusif", "Ləman" və "İnanmaram" albomları. İlk klip isə "Ləman" rəqsinə çəkilmişdir.
7 mart 2009-cu il Azərbaycan Respublikasında mədəniyyət sahəsində xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb[6]