Güllü Əbil qızı Əbilova (16 sentyabr 1924, Bakı – 17 iyul 1994) — arxeoloq, tarix elmləri namizədi.
Güllü Əbilova | |
---|---|
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi[1] | |
2 iyul 1971 – 1980 | |
Əvvəlki | Zərifə Şükürova |
Sonrakı | Rəfiqə Qazıyeva |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 sentyabr 1924 |
Doğum yeri | |
Vəfat tarixi | 17 iyul 1994 (70 yaşında) |
Partiya | |
Fəaliyyəti | arxeoloq |
|
|
Güllü xanım 1924-cü il sentyabr ayının 16-da Bakının "Qara şəhər" adlandırılan bir guşəsində, adlı-sanlı neftçi ailəsində dünyaya göz açmışdır. Atası Əbil Abdulla Əli oğlu yarım əsrdən artıq bir müddətdə neft mədənlərində işləmiş, əməksevərliyinə, işinə olan ciddi məsuliyyətinə görə böyük şan-şöhrət qazanmışdır. Anası Kübra xanım İkinci dünya müharibəsinin ağır illərində əmək fəaliyyətinə başlamış, Bakı Şəhər Sovetinə deputat seçilmişdi.
Müharibənin ağır illərində orta təhsilini uğurla başa çatdıran Güllü xanım 1943-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olur, qədim və zəngin tariximizi öyrənməyi qarşısına məqsəd qoyur. Minillikləri əhatə edən təkrarolunmaz maddi mədəniyyət tariximiz, Azərbaycan arxeologiyası Güllü Əbilovanın əsas maraq dairəsini, elmi araşdırmalarının başlıca istiqamətini təşkil edir. Tələbə ikən çöl axtarışlarında fəal iştirak edir. Onun dövrümüzün ən genişmiqyaslı qazıntıları sayılan Mingəçevir tədqiqatlarında iştirakı daha səmərəli işlərindəndir. Mingəçevir qazıntıları Azərbaycan arxeoloqları, o cümlədən Güllü Əbilova üçün əsl təcrübə məktəbi olmuşdur. Mingəçevirdə — Kürün hər iki sahilində mədəni irsimizin bütün tarixi mərhələlərinə aid 20 mindən artıq nadir maddi mədəniyyət nümunələri üzə çıxarılmışdı. Onların sistemləşdirilməsi və qeydiyyata alınmasında Güllü xanımın əməyi böyükdür.
1948-ci ildə Güllü Əbilova ali təhsilini müvəffəqiyyətlə başa vurarkən ona universitetdə qalmaq, elmlə məşğul olmaq, arxeologiya ixtisası üzrə mühazirələr oxumaq təklif olunmuşdu. Gənc mütəxəssis bundan sonra universitetdə təzə yaradılan arxeologiya kafedrasında fəaliyyətə başlayır. Tezliklə Güllü xanım tərəfindən ilk dəfə olaraq Azərbaycan dilində arxeologiya fənninə aid dərs proqramı hazırlanır və çapa verilir. Eyni vaxtda, onun təşəbbüsü ilə universitetdə zəngin arxeoloji fond yaradılır. Beləliklə, müxtəlif illərdə Azərbaycanın ayrı-ayrı bölgələrindən, o cümlədən Mingəçevirdən tapılmış nadir maddi mədəniyyət nümunələri fondun əsasını təşkil edir. Arxeologiya ixtisası üzrə elmi araşdırmalarını genişləndirmək və dərinləşdirmək məqsədilə Güllü Əbilova 1950-ci ildə universitetin aspiranturasına daxil olur. Azərbaycan alimi Yevgeni Alekseyeviç Paxomov ona elmi rəhbər təyin edilmişdi. Güllü Əbilovaya "Cənubi Qafqazın meqalit abidələri" mövzusunu işləmək tapşırılmışdı. Mövzu uzaq tunc dövründə Azərbaycanın dağlıq bölgələrində — əlçatmaz yüksəkliklərdə ucaldılmış qalalar — meqalit tikililər mövcud qədim cəmiyyətlərin iqtisadi-ictimai və ideoloji sistemləri haqqında məlumatları ehtiva edirdi. Cənubi Qafqazın, o cümlədən Azərbaycanın meqalit abidələri hələ 30-cu illərdə rus sovet alimi İ.Meşşaninov və azərbaycanlı alim İ.Cəfərzadənin tədqiqatlarında mühüm yer tutmuşdu.
Güllü xanım 1953-cü ildə dissertasiya işini uğurla başa çatdıraraq müdafiəyə təqdim edir. Dissertasiya işində ilk dəfə olaraq meqalit abidələrin dəqiq təsnifatı verilir, Avrasiya məkanının oxşar abidələri ilə müqayisə aparılır.
1954-cü il yanvar ayının 14-də Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında dissertasiyanın rəsmi müdafiəsi keçirilir. Şura üzvləri və rəsmi opponentlər Saleh Qazıyev və İshaq Cəfərzadə dissertasiya işini yüksək qiymətləndirirlər. Maraqlıdır ki, iddiaçının dissertasiyasında tənqid olunan İshaq Cəfərzadənin özü belə işin Azərbaycan tarixşünaslığı üçün böyük əhəmiyyət kəsb etdiyini öz rəyində təsdiqləyir. Alimlik dərəcəsi aldıqdan sonra Güllü xanım Azərbaycan Dövlət Universitetində arxeologiyanın əsasları və Azərbaycan arxeologiyası ixtisasları üzrə mühazirələrini davam etdirməklə yanaşı, çox sevdiyi Tarix Muzeyində də elmi və təşkilati fəaliyyətlə məşğul olur. Muzeydə arxeologiya şöbəsinə rəhbərlik Güllü xanıma tapşırılmışdı.[2]