Gülnaz Abdullazadə

Gülnaz Abutalıb qızı Abdullazadə (d.7 sentyabr 1946, Bakı, Azərbaycan SSR) — Azərbaycan musiqişünası, bəstəkar-musiqişünas, filosof, fəlsəfə elmləri doktoru (1990), professor (1992), Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru.[1]

Gülnaz Abdullazadə
Abdullazadə Gülnaz Abutalıb qızı
Doğum tarixi (78 yaş)
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elmi dərəcəsi
Elmi adı professor (1992)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2007

Gülnaz Abdullazadə 1946-cı il sentyabrın 7-si Bakı şəhərində anadan olmuşdur. Bülbül adına orta ixtisas məktəbini və 1971-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir.[2] O, 1963-cü ildən elmi-pedaqoji fəaliyyətə başlamışdır. 1976-cı ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına daxil olan Gülnaz Abdullazadə 1979-cu ildə təhsilini başa vurmuşdur. Həmin il fəlsəfə elmlər namizədi, 1990-cı ildən isə fəlsəfə elmləri doktorudur.

Gülnaz Abdullazadə 1982-1987-ci illərdə Xarici Dillər Universitetində kafedra müdiri,1990-cı ildən isə Bakı Musiqi Akademiyasının elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektorudur. O, həmçinin bəstəkarlar ittifaqının üzvüdür. Azərbaycan musiqişünaslığında ilk dəfə olaraq muğamların fəlsəfi mahiyyətinin araşdırılması onun adı ilə bağlıdır. Gülnaz Abdullazadə 40-a qədər elmi əsərin və monoqrafiyaların müəllifidir. Hal-hazırda bəstəkar kimi fəaliyyət göstərməkdədir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Gülnaz Abdullazadə Azərbaycan və dünya musiqisinin fəlsəfi problemlərinə və Azərbaycan bəstəkarlarının yaradıcılığına dair bir sıra əsərlərin müəllifidir. Öz elmi-nəzəri konsepsiyalarında muğamların və folklor musiqisinin fəlsəfi mahiyyyətinə əsaslanır. "Musiqi sənətinin fəlsəfi mahiyyəti" (Bakı, 1985), "Musiqi, insan, cəmiyyət" (Bakı, 1991), "Azərbaycan fəlsəfəsi" (həmmüəlliflə, Bakı, 1993), "Hegelin musiqi estetikası" (Bakı, 1999) monoqrafiyalarının müəllifidir.

"Azərbaycan muğamlarının fəlsəfi mahiyyəti" (Bakı, 1983), "Qədim və orta əsrlərin musiqi mədəniyyəti" (Bakı, 1996) adlı monoqrafiyalarında; 4-7 noyabr 1997-ci ildə IV Uluslararası Türk Kültürü Konqresində "Üzeyir Hacıbəyovun milli musiqi haqqında estetik düşüncələri" (Ankara, Atatürk Kültür Mərkəzi), 13-16 noyabr 2002-ci ildə Uluslararası Avropada və Türk Cumhuriyyətlərində musiqi mədəniyyəti və tədrisi konqresində "Avropa not sistemli peşəkar musiqinin Şərq şifahi ənənəli peşəkar musiqisi ilə müqayisəsi və onların inteqrasiya yolları" (Ankara, Qazi Universiteti) adlı məruzələrində; "Üzeyir Hacıbəyov: Şərq-Qərb dialoqu" ("Azərbaycan milli musiqisinin tədqiqi problemləri" (elmi məqalələr toplusu), III buraxılış, Bakı, Elm, 1999) və "Avropa not sistemli peşəkar musiqinin Şərq şifahi ənənəli peşəkar musiqisi ilə müqayisəsi və onların inteqrasiya yolları" ("Azərbaycan milli musiqisinin tədqiqi problemləri" (elmi məqalələr toplusu), V buraxılış, Bakı, Elm, 2004) məqalələrində "Hacıbəyov" fenomeninə tarixi-nəzəri və elmi qiymət verilmiş, onun həyatı, yaradıcılığı, Şərq-Qərb musiqi mədəniyyətinin inteqrasiyası prosesində oynadığı rol tədqiq edilmiş, Azərbaycan muğam ladlarının sistemləşdirilməsinin özünəməxsusluğunun üslub cəhətləri və s. problemlərə dair tarixi və nəzəri cəhətdən münasibət bildirilmişdir. [3]

G.Abdullazadənin elmi, pedaqoji və ictimai fəaliyyəti ilə yanaşı, bəstəkar kimi də çoxlu əsərləri var. Bunlardan "Azərbaycan xalq mövzusu əsasında 15 vokaliz", "Fortepiano üçün prelüd və sonatina", "Fortepiano triosu", "Üç hissəli simfoniya" və başqa əsərlərini göstərmək olar. Hal-hazırda professor G.Abdullazadə BMA-nın Elmi işlər üzrə prorektorudur.

  1. Azərbaycan Qadın Ensiklopediyası. Bakı: Azərbaycan Milli Ensiklopediyası nəşriyyatı. 2002. səh. 21.
  2. "Abdullazadə Gülnaz Abutalıb qızı". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-01.
  3. "Abdullazadə Gülnaz Abutalıb qızı". 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-20.