Gürcü doqquzdonu

Gürcü doqquzdonu (lat. Lonicera iberica) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.

Gürcü doqquzdonu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Qafqazda, Şimali İranda yayılmışdır. İlk dəfə Gürcüstanda təsvir edilmişdir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1,5-3 m-ə çatan, alçaqboylu, dağınıq çətirli koldur. Yarpaqları 2-4 sm uzunluğunda qısa saplaqlı, xırda, yumurtavarı-ovalşəkillidir, hər iki tərəfi, xüsusilə alt hissəsi sıx tükcüklüdür. Çiçəkləri ağ və ya sarımtıl rəngli olub, xaricdən zəif tüklüdür, orta hissəsi qabarıqdır, 5-6 yaşından çiçəkləyir, nektarlıdır. Kasacığı sarımtıldır, yatıq tükcüklüdür. Vegetasiyası aprelin ikinci yarısından başlayaraq oktyabrın axırı, noyabrın əvvəlinə qədər davam edir. Tezböyüyən bitkidir. Meyvələri 6-8 yaşından başlayıb avqustun ikinci yarısında və ya sentyabrın birinci yarısında yetişir. Qırmızı rəngli giləmeyvələri yeməlidir, iki ədədi bir-birinə bitişikdir. Toxum və ya qələmlərlə çoxaldılır.

Qışa az davamlıdır. Meşə bölgələrində — düzəndən başlamış orta dağ qurşağına qədər olan ərazilərdə bitir. Son dövrlərdə dekorativ bitki kimi bir çox özəl həyətyanı sahələrdə becərilir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda, Lənkəranda, Astarada, Masallıda təsadüf edilir. Mərkəzi Nəbatat Bağında və Mərdəkan dendrarisində introduksiya edilmişdir. Abşeronda mədəni şəraitdə becərilir.

Dekorativ bitkidir, yaşıllıqlarda və torpaq eroziyasına qarşı aparılan meşə - meliorasiya tədbirlərində istifadə edilir.