Gəncə üsyanı və ya Usta Bəndər üsyanı — 1231-ci ildə Gəncədə Usta Bəndərin başçılığı ilə Xarəzmşahlara qarşı qalxmış üsyan.
Hadisələrin şahidi olan tarixçi Nəsəvi yazırdı ki, Cəlaləddinin iqamətgahı olan Gəncədə xarəzmlilərin hakimiyyətinə qarşı üsyan əhvali-ruhiyyəsi çoxdan mövcud idi. Bu hərəkatda şəhər əhalisinin bir qismi fəal iştirak edirdi.[1]
Üsyana qalxmış əhali şəhər hakiminin sarayını dağıtdı, məmurlar və qulluqçular öldürüldü, şəhərdəki Xarəzm qornizonu məhv edildi. Cəlaləddinin üsyançılarla danışıqları bir nəticə vermədi, az sonra Cəlaləddin özü qoşun hissələri ilə Gəncə ətrafında məskən saldı və üsyançılara əminamanlıq vəd etdi. Lakin üsyançılar şəhərdən çıxaraq sultan ordusuna hücum etdilər. Amma Xarəzm ordusu üsyançıları geriyə çəkilməyə məcbur etdi. Cəlaləddin üsyanı yatırtdı, üsyan rəhbərlərindən 30 nəfəri edam etdirdi, Bəndər isə tikə-tikə doğrandı.[2]