Xarəzmşahlar dövləti

Xarəzmşahlar İmperiyası — (özb. Xorazmshohlar davlati, Xorazm) bir Türk dövləti. Orta əsrlərdə Amudərya bölgəsi "Xarəzm", hökmdarları isə "Xarəzmşah" olaraq adlanırdı. XI əsrin sonlarına doğru bu bölgədə qurulan dövlətə də Xarəzmşahlar adı verildi.

imperiya
Xarəzmşahlar
خارزم
Bayraq
Bayraq
Xarəzmşahların 1190-dan 1220-ə qədər olan sərhədləri
Xarəzmşahların 1190-dan 1220-ə qədər olan sərhədləri
 
 
 
 
1077 — 1231

Paytaxt Köhnə Ürgənc, Səmərqənd, Qəzni, Təbriz
Rəsmi dilləri Türkcə[1] , Farsca[2]
Dövlət dini Sünni islam[3][4]
Valyuta Dirhəm
Ərazisi 3.600.000 km² 1217-ci il [5]
Əhalisi 11 067 000[6]
İdarəetmə forması Oliqarxiya
Sülalə Xarəzmşahlar sülaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xarəzmşahlar sülaləsinin nəsli, Səlcuq Sultanı I Məlikşahın saray xidmətində olan Anuş Təkindən gəlir.[7] Səlcuq dövlətinə bağlı olaraq mərkəzdən təyin edilən qubernatorlarla idarə olunan bu əyalət Anuş Təkin zamanında sərbəst yaşamağa başlamışdı. 1128-ci ildə Xarəzm qubernatoru olaraq təyin edilən Atsız dövründə yarı müstəqillik qazanmışdır. 1141-ci ildə Böyük Səlcuq sultanı Əhməd Səncərin Katvan döyüşündə Quru Hıtay tərəfindən məğlubiyyətə uğradılmasından istifadə edən Atsız Səlcuqlulara qarşı üsyan etmiş və 1142-ci ildə Xorasana hücum edərək MərvNişapuru işğal etmişdir. Ancaq 1143 və 1147-ci illərdə Əhməd Səncər Atsıza qarşı səfərləri təşkil etmiş və ikinci səfərdə Atsız dövlətin mərkəzi olan Ürgənci itirərək təslim olmuşdur. Atsız və El Aslan dövrlərində, həm İraq Səlcuqları, həm də Quru Hıtay ilə mübarizə aparılırdı. El Aslan, Sultan Səncərin ölümündən sonra müstəqilliyini elan etdi. Ələddin Təkiş dövründə İraq, Azərbaycan, Qara dənizin şimalı, Xorasan və Şərq Türkistanın bir hissəsi ələ keçirilmişdir. Ələddin Təkiş özünü Səlcuqluların varisi elan etmiş və "Səncər" ünvanından istifadə etmişdir. Abbasilər ilə yaxşı əlaqələr qurmuş və Batinilərə qarşı xəlifəni müdafiə etmişdi. Buna görə Səlcuqların varisi olan Xarəzmşahların Ələddin Təkiş dövründə yüksəlişi başlamışdır. Ələddin Təkiş, əvvəl Quru Hıtayı məğlub etdi və 1194-cü ildə Reydə III Toğrul Bəyin ordusunu məğlubiyyətə uğradaraq İraq Səlcuqlarını yox etmiş və Qərbi İranı ələ keçirmişdir. Xarəzmşahlar qısa müddətdə sərhədlərini Şərqi Anadoludan Mavəraünnəhrə qədər genişləndirmişdirlər. Ələddin Təkişin oğlu olan Ələddin Məhəmmədin dövründə Quru Hitay və Qərbi Qaraxanlılar və Şərqi Qaraxanlılar məğlub edildi. Müasir Pakistan və Əfqanıstanı torpaqlarına qatmışdır. Ələddin Məhəmmədin ən böyük arzusu Çini ələ keçirmək idi, lakin bu dövrdə Monqollar Çində böyük söz sahibi olmuşdurlar. Odur ki, Monqol təhlükəsini hiss etmiş və onlarla yaxşı dolanmağa çalışmışdır və monqollarla ticarət razılaşması imzalamışdır, lakin monqol ticarət karvanının Xarəzmşahlar qubernatoru İnalcık tərəfindən talanması və tacirlərin də saqqallarının yandırılıb geri göndərilməsi üzündən monqollarla əlaqələr pozulmuşdur. Bu hadisə tarixə "Otrar faciəsi" kimi daxil olmuşdur. Karvanın talanmasına səbəb karvanda bahalı əşyalar və qiymətli malların olması idi.

1220-ci ildə bütün ölkə monqollarının işğalına məruz qaldı və Xarəzm dövlətinin sonu yaxınlaşdı. Bundan sonra Orta Asiyada monqol işğalı başlanmış və türk dünyasında böyük məğlubiyyətlərə gətirib çıxarmışdır. Ələddinin oğlu Cəlaləddin Xarəzmşah Əfqanıstanda monqollarla mübarizə edərək cənuba çəkilmiş və Hind çayını keçərək Hindistana daxil olmuşdur. Çingiz Xan monqol düzənliyinə döndükdən sonra Cəlaləddin İrana dönüb, İraqdan Azərbaycan bölgəsinə daxil olmuş və 1225-ci ildə Atabəyliklərindən olan Eldənizliləri məğlub edərək Təbrizi almışdır. Cəlaləddin Azərbaycandan hərəkət edərək Gürcüstanı işğal etmiş və Cənubi Qafqazdan Şərqi Anadoluya qədər torpaqlarını genişləndirmişdir. Ancaq Cəlaləddinin Şərq Anadolunun suverenliyi səbəbindən Anadolu Səlcuqluları və Suriyanın hökmdarı Əyyubilər ilə ziddiyyəti düşmüşdür. Cəlaləddin Xarəzmşahlar dövlətini yenidən qurmaq istəsə də, müvəffəqiyyət qazana bilmədi.1231-ci ildə kürd qiyamçılar tərəfindən öldürüldü.[8] Ölümündən sonra Xarəzmşahlar dövləti tamamilə məhv olmuşdur.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Mərkəzi Asiyanın ən qüdrətli türk dövlətlərindən biri olan Xarəzmşahlar dövləti cənubda Aral gölündən Amudəryanın şimal sahillərinədək olan ərazini əhatə edirdi. Bu diyar Xarəzm adı ilə məlumdur. Əhalisi özbək, qaraqalpaq, tatar, xəzər, uyğur, qazax, tacik, türkmən və digər xalqlardan ibarət idi.

V əsrin ortalarında bu ərazidə Eftalitlər dövləti yaradılmışdır. VII əsrin əvvəllərində burada formalaşmış Türk xaqanlığı Şərq və Qərb xaqanlıqlarına parçalandı. VIII əsrdə Xarəzmi ərəblər işğal etdilər və əhali İslam dinini qəbul etdi. IX əsrdə Mərkəzi Asiya xilafətdən ayrıldı və Samanilər dövləti yarandı. X əsrdə Şərqi Türkmənistan və Yeddi Su yeni yaranmış Qaraxanlılar dövlətinin tərkibinə daxil oldu. Əhalinin əsas məşğuliyyəti əkinçilik və köçəri maldarlıq idi. XI–XII əsrlərdə Mərkəzi Asiyada feodal münasibətləri hökmran rol oynadı. 1017-ci ildə Mahmud Qəznəli Xarəzmi fəth etdi və qulamı Altun Taşı ora hakim qoydu. Altun Taşın oğlu Harun 1034-cü ildə Xarəzmi Qəznənin asılılığından azad etdi, lakin bu nominal xarakterli idi. Harunun əsas dayağı Xarəzm əhalisi deyil, onun qulamları idi. Səlcuqlarla müharibəyə başı qarışan Məsud Mahmud Qəznəli Xarəzmi sakitləşdirə bilmədi və 1041-ci ildə onun üzərinə Cənd şəhərinin oğuzlarının yabqusunu göndərdi, lakin 1044-cü ildə onu qovdular və səlcuqlar Xarəzmi öz qulamları ilə idarə etməyə başladılar. Onlardan biri olan Anuş Təkini Məlikşah Xarəzmin əmiri təyin etdi. Onun oğlu Qütbəddin Məhəmmədi 1097-ci ildə Börküyarıq Xarəzmə hakim qoydu.

Qütbəddin Məhəmməd "Xarəzmşah" titulunu qəbul etdi ki, bu da həqiqətə uyğun deyildi. Belə ki, dövlət tam müstəqillik qazanmamışdı. O, "öz tayfasından qopmuş" türk idi. Onun dayağı kanq (kəngər) və türkmən tayfaları oldu. Oğlu Atsız zəifləmiş səlcuqlardan azad oldu. O, bacarıqlı diplomat və sərkərdə idi. Qıpçaq və türkmənlərlə müharibəyə başlayaraq o, Manqışlaqı ələ keçirdi.

1138-ci ildə Səlcuq sultanı Səncər Xarəzm üzərinə hücum etdi. 15 noyabr 1138-ci ildə Xarəzm uğrunda döyüşdə məğlub olan Atsız yeni qoşun toplamaq üçün getdi. Sultan Səncər 1139-cu ildə Mərvə gəldi. Atsız xan yeni qüvvələrlə Xarəzmə qayıtdı. O, 1139–1140-cı illərdə Buxaraya yürüş etdi.

Bu zaman Mavəraünnəhrdə hərbçilər qiyam qaldırdılar. Şəhər hakimi Mahmud xan xəyanət edərək səlcuqların tərəfinə keçdi, sultan Səncəri karluklara hücum etməyə çağırdı. Atsız xanı dəstəkləyən karluklar qarakitaylardan kömək istədilər. 9 sentyabr 1141-ci ildə Katavan döyüşündə Sultan Səncər itkilərlə Dərqamadək sıxışdırıldı. Sultan Səncər və Mavərənnəhr hakimi Mahmud xan Termizə qaçdılar. Qarakitaylar geri çəkilmədilər və Xarəzmşahlar dövləti onların əlinə keçdi.

1156-cı ildə Əlaəddin Atsız vəfat etdi. Onun varisləri El Arslan və oğlu Təkəş Xarəzmin müstəqilliyinə nail oldular. Səlcuq sultanlığı və Qaraxanilər dövləti süqut etdiyindən yeganə təhlükə qoşununun İl Arslanı öldürdüyü Kidan dövləti idi. 1174-cü ildə Təkəş Cənubi Xorasanı tutdu və onun hakimi Müəyyid Ay-Abanı öldürdü. Onun oğlu Təkəşin vassalığını qəbul etdi.

Təkəş 1187-ci ildə Nişapura, 1192-ci ildə Reyə, 1193-cü ildə Mərvə yürüş etdi. O, 3 iyul 1200-cü ildə vəfat etdi və hakimiyyətə oğlu Əlaəddin Məhəmməd gəldi. O, dövlətin ərazisini genişləndirib Xorasanın bir hissəsini geri qaytardı, Buxaranı Xarəzmə birləşdirdi, 1212-ci ildə qarakitaylara son qoyub Sistanı, Kirmanı, Təbəristanı, Azərbaycanı, Arranı özünə tabe etdi.

Çingiz xan Xarəzmin işğalını planlaşdırırdı. O, əvvəlcə Xarəzmlə ticarət əlaqələri qurdu. Ona tabe olmayan merkit tayfaları Xarəzmşahların ərazisinə qaçdılar. Monqol qoşunu onları təqib edərək Xarəzmin sərhədini keçdi. Xarəzmşah Əlaəddin Məhəmmədin komandanlığı ilə silahlı dəstələrin monqolları dayandırmaq cəhdləri baş tutmadı. Əlaəddin Məhəmməd əsir düşsə də, oğlu Cəlaləddin onu azad etdi.

Müharibəyə bəhanə Otrar faciəsi oldu. Monqollarla sərhəd qalası olan Otrarın hakimi Yanal xan Xarəzmə gedən monqol tacirlərini qarət etdirdi və Xarəzmşahların ərazisinə buraxmadı. Çingiz xan Yanal xanı tələb etsə də, Ələddin Məhəmməd rədd cavabı verdi və qasidi öldürmək əmri verdi. 1219-cu ilin sentyabrında Çingiz xan 200 minlik qoşunla Mərkəzi Asiyaya yürüş etdi. Xarəzmşah Əlaəddin Məhəmməd Xəzər dənizindəki Abaskun adasına qaçdı, sətəlcəm olub 1220-ci ilin dekabrında vəfat etdi. Xarəzmşahlar dövləti tədricən zəiflədi və süquta uğradı.

Xarəzm Mərkəzi Asiyanın ticarət yollarının qovşağında yerləşirdi. Şəhərlərdə sənətkarlıq və ticarət inkişaf etmişdi. Böyük İpək yolunun bir qolu oradan keçirdi. Xarəzm dövləti hətta Şərqi Avropa ilə də ticarət əlaqələri saxlayırdı. Karvan yollarının ətrafında karvansaraylar tikilmişdi.

Xarəzmdə əkinçilik və maldarlığ nisbətən üstün mövqe tuturdu. XI–XII əsrlərdə Xarəzmdə feodal torpaq sahibliyi var idi. İqta torpaq sahibliyi geniş yayılmışdı. Dövlətdə ordunun əsasını türk tayfaları təşkil edirdilər.

Yayıldığı ərazi və mədəniyyəti

[redaktə | mənbəni redaktə et]

Dövlətin ən güclü olduğu dövrdə yayıldığı ərazi İran, Cənubi Qafqaz, Dağıstan, Oman körfəzi, Əfqanıstan, Mavəraünnəhr, Xarəzm, Balxaş ilə Aral göllərinin arası olmuşdur. (5.000.000 km²).

Xarəzmşahlar hər cəhətdən İran mədəniyyətinin xüsusiyyətlərini özündə özündə daşımışdır. Sənət üslubları isə Səlcuq üslubunda olmuşdur. Dövlətin idarə sistemi Böyük Səlcuq İmperiyasındakı kimi olmuşdur. Xarəzmşahlar, Orta Asiyanın Monqol işğallarından əvvəlki sonuncu gücü və güclü dövləti olmuşdur.

"Xarzəm", "xarəzm" "havarizm", "xorazm" sözləri hal-hazırda "horzum" olaraq işlədilir.[9][10][11]

Xarəzmşahlar hərbi və inzibati təşkilatı, ana xətləri ilə Böyük Səlcuqlulardan alınmışdır. Xarəzmşahlar ordusu, Təkəş zamanında, şərqin ən böyük hərbi qüvvəsi halını almışdı. Xarəzmşahlarda maliyyə işləri Divan – ı İstifâda, hərbi işlər isə Divan – ı Arz’da görülərdi. Divana sultanın vəkili sifəti ilə vəzir – i əzəm başçılıq edərdi. Xarəzmşahlarda ordu, əsas (xüsusi) ordu və əyalət əsgərlərindən meydana gəlirdi. Məmləkətin hər tərəfinə dağılmış haldakı iqta sahiblərindən təşəkkül edən böyük bir süvari qüvvələri mövcud idi. Ayrıca, müxtəlif ştatlarda hərbi qubernatorların əmri altında xüsusi qüvvələr vardı. Bunlar, sultana tam bağlı olub, istənilən yerə göndərilə bilərdilər.

Xarəzmşahlar dövlətində də bütün müsəlman-Türk dövlətlərində olduğu kimi şəriət və ənənə qanunları mövcud idi. Məmləkətdə ən çox Hənəfi və qismən də Şafei məzhəbinin hökmləri tətbiq olunardı. Şəriət məhkəmələrə qazılar baxırdı. Orduya mənsub olanların şəriət məsələlərini həll etmək üçün, Kazasker, yəni ordu qazıları vardı.

Xarəzmşahlar dövründə paytaxt Cürcan başda olmaqla, Herat, Bəlx , Mərv, Nişapur, Buxara və Səmərqənd bir elm və sənət mərkəzi halına gəlmişdi. Cürcanda on böyük vəqf kitabxana vardı. Nişapur, elm və sənət adamlarının toplandıqları parlaq bir mədəniyyət mərkəzi olmuşdu. Şəhərdəki köhnə binalar təmir edilmiş, şəhər yeni-yeni mədrəsələr, hânkâhlar və saraylar ilə bəzənmişdi. Hökmdar və şahzadələr, ümumiyyətlə yaxşı təhsil görmüş, mədəniyyət sahibi olan insanlar idi. Hökmdar və şahzadələr alimləri və şairləri saraylarında yığır, onlara ən böyük dəyəri verir və himayə edirdilər. Məsələn, Atsız, Xorasan yürüşündən dönüşdə Zəməxşəri, Fəxrəddin Razi, Şəmsəddin Məhəmməd kimi alim və elm adamlarını Xarəzmə gətirmişdi. Ovfi, Xarəzmdəki elm və sənət adamlarını göydəki ulduzlara bənzədir. Bu vəziyyət, monqol istilasından əvvəl, Xarəzmin mədəni inkişafını çox yaxşı ifadə edir. Məmləkətin hər tərəfində kitabxanalar, xəstəxanalar, apteklər inşa edilmişdi.

Xarəzmşahlar hökmdarları

[redaktə | mənbəni redaktə et]
  1. Bobodzhan Gafurovich Gafurov, Central Asia:Pre-Historic to Pre-Modern Times, Vol.2, (Shipra Publications, 1989), 359.
  2. Kathryn Babayan, Mystics, monarchs, and messiahs: cultural landscapes of early modern Iran, (Harvard Center for Middle Eastern Studies, 2003), 14.
  3. Bosworth in Camb. Hist. of Iran, Vol. V, pp. 66 & 93; B.G. Gafurov & D. Kaushik, "Central Asia: Pre-Historic to Pre-Modern Times"; Delhi, 2005; ISBN 81-7541-246-1
  4. C. E. Bosworth, "CHORASMIA ii. In Islamic times" in: Encyclopaedia Iranica (reference to Turkish scholar Kafesoğlu), v, p. 140, Online Edition: "The governors were often Turkish slave commanders of the Saljuqs; one of them was Anūštigin Ḡaṛčaʾī, whose son Qoṭb-al-Dīn Moḥammad began in 490/1097 what became in effect a hereditary and largely independent line of ḵǰᵛārazmšāhs." (LINK Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine)
  5. "Arxivlənmiş surət". 2014-08-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-21.
  6. "Arxivlənmiş surət". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-21.
  7. Encyclopaedia Britannica, "Khwarezm-Shah-Dynasty", (LINK Arxivləşdirilib 2008-05-08 at the Wayback Machine)
  8. "Arxivlənmiş surət". 2008-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-21.
  9. url = www.avsarobasi.com/avsar…/avsar-oymak-ve-obalari.html?id=467
  10. url = www.avsarobasi.com/forum/index.php?topic=593.0;wap2
  11. url = http://www.derki.com/inceledik/item/696-soyadlarimizin-kokeni Arxivləşdirilib 2013-10-10 at the Wayback Machine