Geokimyəvi tsikl

Geokimyəvi tsikl - Vernadskiyə görə, Yer qabığında kimyəvi elementlərin və onların birləşmələrinin dövranına səbəb olan hadisə və proseslərin məcmusu. Elementlərin tarazlıqda olan birləşmələri, elementlərin bir geosferdən digərinə keçməsi nəticəsində bu tarazlığın pozulması, uzunmüddətli (geoloji baxımdan) dəyişilmələrin vaxtaşırı təkrarı Yer qabığı atomlarının əksəriyyətinin iştirak etdiyi xüsusi dövrü proseslər yaradır. Bir termodinamik örtüyü əhatə edən elementin Yer qabığının bütün proseslərində dövrü miqrasiyalarını əhatə edən dövrü proses (tsikl) və ümumi geokimyəvi tsikl fərqləndirmək lazımdır. Kimyəvi xassələrinə uyğun olaraq hər elementin öz geokimyəvi tsikl vardır. Bu tsikllər atomların yalnız əsas hissəsi üçün dönərdir: onların bir qismi daim və qanunauyğun olaraq dövrandən çıxır və ya yenidən dövrana qoşulur. Planetar miqyasda geokimyəvi tsikl səthi hadisələr olub, Yer qabığından kənara çıxmır. Bu anlayış müxtəlif termodinamik örtüklərdə gedən ayrı-ayrı prosesləri bir-birilə əlaqələndirməyə və beləliklə, Yer qabığında elementin tarixini bərpa etməyə imkan verir.

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.