Hüceyrə qılafı – meyvə və tərəvəzin toxumalarının hüceyrələrini əhatə edir.
Qılaf protoplastın fəaliyyəti nəticəsində onun xaricində əmələ gəlir və protoplazmanın ayrılmaz bir hissəsinə çevrilir. Qılaf hüceyrəyə mexaniki möhkəmlik verir və protoplazmanı xarici təsirlərdən qoruyur. Əsasən sellüloza, hemisellüloza və protopektindən təşkil edilmiş hüceyrə qılafı bir neçə təbəqədən ibarətdir. Belə qılafın keçiriciliyi yaxşıdır, belə ki, o, xarici məhlulları hüceyrəyə yaxşı çəkir ki, buradan da molekullar və ionlar qılafdan sitoplazmanın səthinə asan keçə bilir.
Adətən yetişmiş bitki hüceyrəsində birinci və ikinci qılaf ayırd edilir. Birinci qılaf cavan hüceyrələrin hüceyrə divarını yaradır, tərkibində çoxlu su olur, lakin hüceyrə böyüdükcə hüceyrə daxilində yeni qatlar əmələ gəlir, qalınlaşır və sellüloza ilə zəngin olan ikinci qılaf yaranır. Getdikcə qalınlaşan qılaf üzərində üçüncü qılafın qatları əmələ gəlir. Yaranan qatlar üzərində iki qonşu hüceyrə arasında maddələr mübadiləsinin gedişini təmin edən məsamələr əmələ gəlir. Qılafın üzərində əmələ gələn məsamələr quruluşca 2 cür olur: sadə və haşiyəli məsamələr.
Xarici şəraitdən, maddələr mübadiləsinin istiqamətindən və hüceyrənin daşıdığı vəzifədən asılı olaraq qılaf nəinki qalınlaşır, hətta onun kimyəvi tərkibi də dəyişir. Hüceyrə qılafı odunlaşır, mantarlaşır və kutinləşir, selikləşir və minerallaşır.
Qılafa liqnin (odun) hopduqda odunlaşır. Odunlaşma qılafa bərklik və möhkəmlik verir. Odunlaşmış qılaf, maddələri hüceyrəyə çox çətinliklə buraxır. Məsələn, yetişib ötmüş turp, çuğundur və s. Bəzən əks odunlaşma müşahidə olunur. Məsələn, armud və ya heyvanın saxlanma zamanı yetişməsi. Hüceyrənin qılafına yağabənzər maddə suberin (mantar) hopduqda qılaf mantarlaşır, mumabənzər maddə kutin hopduqda isə kutinləşir. Qılafı mantarlaşmış və kutinləşmiş hüceyrələr istər qazları, istərsə də mayeləri hüceyrənin daxilinə və xaricinə keçirmir. Qılafın bütün səthi mantarlaşdıqda hüceyrənin canlı möhtəviyyatı məhv olur.
Həddindən artıq su hopması nəticəsində selikləşən qılafın kimyəvi tərkibi o qədər də dəyişmir. Selikləşmə az təsadüf edilən hadisədir. Təbii halda qarpız toxumlarının qabıq hissəsi meyvənin daxilində suyun çoxluğundan, eləcə də əksər yosunların xarici səthi selikləşmiş olur. Albalı, gavalı, gilas, alça, ərik ağacları qabığının çatlarından sarımtıl yapışqan maddənin axması hallarına tez-tez rast gəlmək olur. Bu yapışqanlı maddə – selikləşmiş hüceyrə kütləsidir. Hüceyrənin qılafına çox vaxt mineral (kalsium və silisium) duzlar hopur və qılafı minerallaşdırır. Qonşu hüceyrələrin protoplazmaları, məsamənin qapayıcı pərdəsindəki kiçik deşiklərdən keçən nazik tellərlə birləşir və bütün orqanizmin canlı hüceyrələri arasında əlaqəni təmin edir. Məsamələrdən birləşən protoplazma tellərinə plazmodesmalar deyilir.