Hümmət Lalayev

Hümmət Mədət oğlu Lalayev (1902, Salyan, Cavad qəzası30 aprel 1978, Salyan, Salyan rayonu) — Salyan rayon istehlak cəmiyyəti idarə heyətinin sədri, Azərbaycan Texniki Təchizat İdarəsi Salyan rayonlararası satış bazasının direktoru.

Hümmət Lalayev
Hümmət Mədət oğlu Lalayev
Doğum tarixi
Doğum yeri Salyan, Azərbaycan SSR
Vəfat tarixi
Vəfat yeri Salyan
Vətəndaşlığı SSRİ SSRİ
Milliyyəti azərbaycanlı

Hümmət Lalayev 1902-ci ildə Salyan qəzasının Bala Surra kəndində anadan olub. Hələ körpə ikən atası vəfat etdiyindən kiçik yaşlarından işləməyə başlamışdır. 15-16 yaşlarında yaxınlıqdakı Bankə balıq vətəgəsində işə düzəlmiş, elə o vaxtdan siyasi həyata qoşulmuşdur. Üç illik fəhlə stajı imkan verir ki, o dövrün çətin ictimai-siyasi durumundan baş çıxara bilsin.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra yenidən kəndə qayıdır, burada ilk gənclər təşkilatının yaradıcılarından biri olur. Başqa həmyaşıdları ilə birlikdə kənddə ictimai-siyasi iş aparır və çox çəkmir ki, ÜİK (b) P-nin sıralarına qəbul olunur. 1926-cı ildə xidmətə çağrılır və yenicə yaradılmış Azərbaycan diviziyasının ən fəal əsgərlərindən olur. 1928-ci ildə ailə vəziyyəti ilə əlaqədar yenidən doğma kəndə qayıtmaq məcburiyyətində qalır. Əvvəlcə Bankə balıq kombinatında nəqliyyat şöbəsi rəisinin köməkçisi, sonra isə Azərbaycan Su Təsərrüfatı Həmkarlar İttifaqının rayon müvəkkili işləyir, 1931-1938-ci illərdə əvvəlcə Ərəbqardaşbəyli kənd partiya təşkilatının katibi və "Bolşevik" kolxozunda MTS-in direktor müavini olmuş, Qızılağac və Şorsulu kəndlərində kənd sovetinin sədri vəzifələrində işləmişdir.

1942-1951-ci və 1954-1964-cü illərdə Salyan rayon istehlak cəmiyyəti idarə heyətinin sədri, 1964-1974-cü illər ərzində isə Azərbaycan Texniki Təchizat İdarəsi Salyan rayonlararası satış bazasının direktoru vəzifəsində çalışmışdır. O, 1974-cü ilin oktyabrında ölkə əhəmiyyətli fərdi təqaüdə çıxmış, 1978-ci ilin aprel ayının 30-da 76 yaşında vəfat etmişdir.

Rayon İstehlak Cəmiyyətinə rəhbərlik etdiyi 20 il ərzində o, Salyanda Azərbaycanın bütün rayonlarından fərqli ticarət sistemi yarada bilmiş, məhz bunun sayəsində Salyan ticarəti uzun illər qabaqcıl təcrübə məktəbi kimi respublikada məşhur olmuşdur. Salyanlılar indi də yeri düşəndə deyirlər ki, Böyük Vətən müharibəsi illərində camaatı aclıq və səfalətdən, ölümdən qurtaran əsas simalardan biri də Hümmət Lalayev olub. Salyanda bir vaxtlar yaşadığı küçə Hümmət Lalayevin adını daşıyır.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayevin atasıdır.