Əliqismət Lalayev

Əliqismət Hümmət oğlu Lalayev (4 iyul 1956, Salyan, Salyan rayonu ) — Naxçıvan MR-nın əməkdar incəsənət xadimi (1986), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2016) sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət UniversitetininBakı Xoreoqrafiya Akademiyasının pedaqoqu, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru (2008-ci ildən).

Əliqismət Lalayev
Əliqismət Hümmət oğlu Lalayev
Doğum tarixi (68 yaş)
Doğum yeri Salyan, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elm sahəsi teatr
Elmi dərəcələri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
İş yeri Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2016 "Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 1986 "Sənətkar" medalı — 2019
"Fəxri mədəniyyət işçisi" döş nişanı — 2016 "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı

Əliqismət Hümmət oğlu Lalayev 1956-cı il iyul ayının 4-də anadan olub. Əmək fəaliyyətinə 1972-ci ildə başlayan Ə.Lalayev ilk müstəqil addımlarını mədəniyyət sahəsində atmış, əvvəl klub müdiri işləmiş, daha sonra isə Salyan rayon "Qələbə" qəzetində korrektor vəzifəsində çalışmışdır.

Əliqismət Lalayev 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) rejissorluq fakultəsinə daxil olmuş və 1980-ci ildə həmin İnstitutu fərqlənmə diplomu ilə bitirərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xüsusi təyinatı ilə Naxçıvan Muxtar Respublikasına göndərilmişdir. Bir müddət Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinində çalışan Ə.Lalayev ordu sıralarına həqiqi hərbi xidmətə cağırılmışdır.

1982-ci ildə ordudan tərxis olunan Ə.Lalayev 1988-ci ilədək Naxçıvan Dövlət Musiqili Dram Teatrında rejissor kimi fəaliyyətini davam etdirmişdir.

1988-ci ildə Salyan şəhərinə qayıdan Ə.Lalayev müxtəlif illərdə "Qələbə" qəzeti redaksiyasında məsul katib, rayon mədəniyyət şöbəsinin müdürü vəzifələrində calışmış, 1993-cü ilin sentyabrında M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktor müavini vəzifəsinə irəli çəkilmişdir.

O, 1995-ci ilin aprelindən 2006-cı ilə kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Baş İncəsənət İdarəsinin rəisi, 2006-cı ilin yanvar ayından isə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

6 may 2008-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin əmrinə əsasən, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) direktoru vəzifəsinə təyin olunmuşdur.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Əliqismət Lalayev 1968-ci ildən dövrü mətbuatda çıxış edir. Yüzlərlə məqalə, oçerk və zarisovkanın müəllifidir. Yazılarında əsasən mədəniyyətin müxtəlif sahələrini işıqlandırır, mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığından bəhs edir. O, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. Milli mədəniyyətimizin inkişafında xidmətlərinə görə 1986-cı ildə Naxçıvan MR-nın Əməkdar İncəsənət xadimi və 2016-cı ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülmüşdür.[1] 2013-cu ildə Azərbaycan Respublikası Sabitklik və İnkişaf Mərkəzinin təsis etdiyi "Ədəbi Lider" qızıl döş nişanı ilə təltif edilib. 2016-cı ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" adına və döş nişanına layiq görülüb. 2019-cu ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalı ilə təltif edilib.[2] Sənətşünaslıq üzrə fəlsəfə doktoru,dosentdir. Ə.H.Lalayev Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Mədəniyyət və İncəsənət departmentinin direktorudur.

2022-ci ildə Müdafiə sənayesi naziri Mədət Quliyevin müvafiq əmri ilə “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Ə.H.Lalayev 1995–2008-ci illərdə Mədəniyyət Nazirliyində (daha sonralar Mədəniyyət və Turizm Nazirliyində) işləyərkən Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına və Sərəncamlarına əsasən respublikada keçirilən irimiqyaslı, dövlət səviyyəli tədbirlərin, ictimai və siyasi xadimlərin, elm, mədəniyyət və incəsənət xadimlərinin yubileylərinin, milli mədəniyyətimizin təbliği məqsədi ilə Rusiyada, Türkiyədə, Almaniyada, Fransada, Amerikada, Avstriyada, Misirdə, Səudiyyə Ərəbistanı Krallığında, Birləşmiş Ərəb Əmirliyində, Ukraynada, Belarusiyada, Gürcüstanda keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin təşkilatçısı və çoxsaylı Beynəlxalq Festivalların iştirakçısı olub. Rəhbərlik etdiyi Baş idarə (daha sonra şöbə) bütün ölkə teatrlarının, dövlət musiqi kollektivlərinin, sərgi sallonlarının yüksək səviyyədə fəaliyyətinə cavabdehlik daşıyıb. Həmin illərdə ölkədə teatr, musiqi və təsviri sənət sahəsindəki böyük uğurlarda bu idarənin (şöbənin) böyük xidmətləri olub.

1995-ci ildən başlayaraq Ümumili Liderimiz Heydər Əliyevin və 2003-cü ildən sonra cənab İ.Əliyevin iştirakı ilə keçirilən bütün yüksək səviyyəli dövlət tədbirləri, seçkilərilə bağlı ölkədə təşkil olunan mədəni-kütləvi tədbirlər, Prezident inaqurasiyaları, çoxsaylı Beynəlxalq mədəniyyət layihələri bilavasitə onun başçılıq etdiyi Baş idarənin (şöbənin) rəhbərliyi ilə hazırlanıb və bu tədbirlər zamanı böyük məsuliyyət hər zaman bu idarənin (şöbənin) əməkdaşlarının və şübhəsiz ki, onun üzərinə düşüb.

Əliqismət Lalayevin milli teatr sahəsindəki fəaliyyəti daha çox diqqəti cəlb edir. İstər Naxçıvandakı uzun illər teatr yaradıcılığı, istər incəsənət Baş İdarəsinin rəisi və sonralar incəsənət şöbəsinin müdiri vəzifələrində işləyərkən teatrlarımızın inkişafı, yaradıcılığıq fəaliyyətinin istiqamətləndirilməsi sahəsində onun xidmətləri xüsusi qeyd edilməlidir. Hələ Naxçıvan teatrında quruluşcu rejissor vəzifəsində çalışarkən gənc, istedadlı aktyor və rejissor elə ilk tamaşalarından teatr ictimaiyyətinin diqqətini cəlb etmiş və mütəxəssislər hər zaman onu bacarıqlı, ümidverici bir yaradıcı şəxs kimi qiymətləndirmişlər. Onun hazırladığı əsərlər ideya-bədii düşüncə tərzi, səhnə yozumu, müasirliyi, gənclik cəsarəti ilə fərqlənmiş, bu tamaşalar və oynadığı müxtəlif rollar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xüsusi mükafatlarını almışdır.

O, bu gün də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının fəaliyyətində diqqəti cəlb edən uğurlu tamaşaların hazırlanmasına rəhbərlik edir. Onun layihələri əsasında və bədii rəhbərliyi ilə teatrda hazırlanan əsərlər bu gün Akademik Musiqili Teatrının yaradıcılığında əsl dönüş yaratmışdır.

Teatr ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan və dövlət teatrları tarixində ilk antrepriz tamaşa kimi yadda qalan N.Qoqolun "Evlənmə" (2011) tamaşası məhz Əliqismət Lalayevin rəhbərlik etdiyi dövrdə ən yaxşı səhnə əsəri kimi Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə" mükafatına layiq görülmüşdür.Mədəniyyət Nazirliyinin daha bir "Zirvə" mükafatı isə Əliqismət Lalayevin rəhbərliyi ilə hazırlanan Ü.Hacıbəyovun "O olmasın bu olsun" komediyasına verilmişdir. Milli teatr sənəti sahəsindəki uğurlarına görə 2012-ci ilin may ayında "Yaxşıların yaxşısı" Milli Mükafatına layiq görülmüş Əliqismət Lalayev, teatrın vətənimizin hüdudlarından kənarda tanınması üçün də böyük layihələr həyata keçirmişdir. Belə ki, onun rəhbərliyi dövründə teatrın kollektivi bir çox Beynəlxalq Festivallarda iştirak etmiş, Rusiya (Moskva, Novosibirsk, Yekaterinburq), Gürcüstan (Tiflis, Marneuli, Bolnisi), Türkiyə (Bayburt),İran(Təbriz,Tehran),Albaniya (Elbasan) dövlətlərində qastrollarda olmuş, həmçinin Azərbaycan teatrının tarixində ilk dəfə olaraq okeanın o tayına – Amerikaya səfər etmişdir.

  1. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-23.
  2. ATV. "Azərbaycan Dövlət Akademik Musiqili Teatrında mükafatlandırma mərasimi" (az.). Youtube.com. 05.07.2019. İstifadə tarixi: 2019-07-05.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]