Hüseynqulu xan Hacı Mirzə Mehdi xan oğlu Etimadəddövlə (?-?) — Urmiyanın hakimi.
Hüseynqulu xan Hacı Mirzə Mehdi xan Etimadi-Dəftərin oğlu, o da Hacı Mirzə İshaq xan Mustovfinin, o da Mirzə Məhəmməd Mustovfi Təbrizinin oğludur. Bu ailə Azərbaycanın qədim əyanlar zümrəsinə məxsusdur.
Hüseynqulu xan Etimadəddövlə bir neçə dəfə Urmiyanın hakimi olmuşdu. İşlədiyi dövrdə ədaləti, işgüzarlığı və davranışı ilə seçilirdi.
1917-ci ildə Rusiyada inqilab baş verəndən sonra Cənubi Azərbaycanda da oyanma baş verdi. Daha heç kim köhnə qayda-qanunla yaşamaq istəmirdi. Yeni qəzetlər yarandı, nümayişlər baş verdi. Şeyx Məhəmməd Xiyabani, İsmayıl Növbəri və başqa inqilabçılar tez-tez Urmiyada görünməyə başladılar. Şəhərin Məşrutədən sonrakı sakit havası pozuldu. Mirzə Həbib Ağazadə yaratdığı qəzetlərdə onun əleyhinə yazılar verdi. Ondan şikayətlər yazıldı.
Hüseynqulu xan Etimadəddövlə işdən çıxarılandan sonra Təbrizə döndü. Təbriz valisi şahzadə Məhəmmədhəsən mirzə Qovanlı-Qacar onu himayəsinə götürdü. Valilikdə işlə təmin etdi.