Hüsniyə İkram qızı Məhərrəmova (30 sentyabr 1981, Bakı) — Azərbaycan teleaparıcısı, Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycan şərhçisi və nümayəndə heyətinin rəhbəri.
Hüsniyə Məhərrəmova | |
---|---|
Doğum tarixi | 30 sentyabr 1981 (43 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | aparıcı, prodüser |
Fəaliyyət illəri | 2005-ci ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Hüsniyə Məhərrəmova 30 sentyabr 1981-ci ildə Bakıda anadan anadan olmuşdur.[1] 1987–1998-ci illərdə Bakıda yerləşən 255 və 151 saylı orta məktəblərdə təhsil almışdır. O, orta məktəblə paralel musiqi məktəbində fortepiano şöbəsində də oxumuşdur. 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti aktyorluq fakültəsinə qəbul olmuş, 2003-cü ildə oranı bitirdikdən sonra Bakı Musiqi Akademiyasının solo oxuma fakültəsinə daxil olaraq ikinci ali təhsilini almışdır. Eyni ildə "Sing Your Song" yarışmasında iştirak etmiş və burada üçüncü yeri tutmuşdur.[2] Eyni zamanda, musiqişünaslıq üzrə magistratura pilləsində təhsilini davam etdirmişdir.[3]
Təhsil aldığı illərdə Hüsniyə Məhərrəmova fəaliyyət istiqamətini dəyişmiş və televiziyaya müraciət etmişdir. 2005-ci ildə İctimai Televiziya açılarkən burada müsabiqədən keçmiş və bir neçə gün sonra ilk efirinə çıxmışdır.[2] 2014-cü ilin may ayınadək o, burada prodüser, musiqili və əyləncəli verilişlər departamentinin direktor müavini və aparıcı işləmişdir.[4]
Hüsniyə Məhərrəmova 2007–2008-ci illərdə TRT Avaz-da çalışmış, 2010–2014-cü illərdə İctimai Televiziyanın musiqili və əyləncəli verilişlər departamentində direktor müavini olmuşdur. 2014–2016-cı illərdə "Euromedia" şirkətinin Bakı şöbəsinin icraçı direktoru olmuşdur. 2019-cu ilin iyul ayında Azərbaycan Dövlət Televizyasının beynəlxalq əlaqələr və protokol departamentinin rəhbəri vəzifəsinə təyin edilmiş,[5] 2020-ci ilin yanvar ayınadək burada çalışmışdır.[6] Hüsniyə Məhərrəmova 2020-ci ildən etibarən özəl sahədə direktor və media direktor vəzifələrində fəaliyyət göstərir.[7]
Hüsniyə Məhərrəmova Avroviziya Mahnı Müsabiqəsində müşahidə şurasının üzvü[2], 2008-ci ildə Azərbaycanın yarışmada debütü üçün keçirilən yerli seçim mərhələsinin aparıcısı, 2008 Avroviziya Rəqs Müsabiqəsi və 2009 Avroviziya Mahnı Müsabiqəsində xal təqdimatçısı olmuşdur. 2010 Avroviziya Mahnı Müsabiqəsidə şərhçi və reportyor, 2011 Avroviziya Mahnı Müsabiqəsində milli şərhçi, 2012-ci ildə Maltanın müsabiqədə iştiraçı üçün aparılan yerli seçim mərhələsində beynəlxalq münsiflər heyətinin üzvü olmuşdur.[8] Azərbaycanda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində təşkilat komitəsinin üzvü və koordinator, 2012, 2013 və 2014-cü illərdə nümayəndə heyətinin rəhbəri, 2015, 2016 və 2017-ci illərdə prodüser və menecer kimi fəaliyyət göstərmişdir. 2019-cu ildə yenidən Azərbaycan nümayəndə heyətinin rəhbəri seçilmişdir.[9]
Hüsniyə Məhərrəmova 2008-ci ildə "Coldünya" rok qrupunun üzvü Samir Cəfərov ilə ailə qurmuşdur.[1] Biri qız, biri oğlan olmaqla əkiz övladları var.[10]
Hüsniyə Məhərrəmova 2005–2020-ci ildə bir sıra verilişlərin aparıcısı və prodüseri olmuşdur:
Tarix | Adı | Telekanal | Rol |
---|---|---|---|
2005[2] | Müzik ekspress | İctimai TV | Aparıcı |
2006–2010[11] | Qaraj | İctimai TV | Aparıcı, prodüser |
2007–2008 | Qafqazlardan əsən küləklər | TRT Avaz | Aparıcı |
2010[11] | Show N1 | İctimai TV | Aparıcı, prodüser |
2012[11] | Eurasia Star | İctimai TV | Aparıcı |
2013–2014[12] | Fort Boyard | Azad Azərbaycan TV | Prodüser |
2014[13] | Böyük səhnə | Azad Azərbaycan TV | Aparıcı, kastinq-menecer, prodüser |
2016–2019[14] | V Element | Azad Azərbaycan TV | Aparıcı |
2019–2020[6] | 1azTV | AzTV | Aparıcı |