Hüseynov Həbibulla Eynulla oğlu (10 oktyabr 1910, Ərdəbil – 16 aprel 1945, Kalininqrad vilayəti) — Cənubi Azərbaycandan olan Qızıl Ordu polkovniki və Sovet İttifaqı Qəhrəmanı (ölümündən sonra). Ərdəbildən Bakı şəhərinə mühacirət edən Hüseynov burada yükləyici və montajçı olaraq işləmişdir. Komsomol xətti ilə 1928-ci ildə Qırmızı Ordu sıralarına qatılmış və artilleriya zabiti olmuşdur. O, Böyük təmizləmə zamanı həbs edilmiş və İran casusu olmaqda ittiham edilmişdir. Aylar sonra azad edilmiş və zenit artilleriya batalyonunun komandanı olmuş, İkinci Dünya Müharibəsində bu vəzifədə xidmət etmişdir. XIII atıcı diviziyanın bir hissəsi olan bölməsi almanların başlatdığı Barbarossa əməliyyatından sonra Belarusiyanın qərbində mühasirəyə düşmüş, lakin Hüseynov sağ qalanlara rəhbərlik edərək mühasirəni yarmağı bacarmışdır. Onun batalyonu sonradan yenidən təşkil edilmiş və Kalinin ilə Rybinskin hava hücumundan müdafiəsində iştirak etmişdir. 1942-ci ilin iyununda Hüseynov zanit artilleriya batalyonunun komandanı kimi İvanovonun müdafiəsinə qatılmışdır. 1942-ci ilin oktyabrında o, zenit artilleriya alayının komandanı olmuş və iki ay sonra I Mühafizə ordusunun tərkibinə köçürülmüşdür. Onun alayı Tatsinskaya hücumuna qatılmış və bu hücumda 24-cü tank korpusu tərkibində çıxış etmişdir. 1943-cü ilin iyun və sentyabr ayları ərzində o, IV zenit artilleriya diviziyasının qərərgah rəisi kimi xidmət etmişdir. 1943-cü ilin sentyabrında o, 67-ci zenit artilleriya diviziyasının komandanı təyin edilmiş və ölümünə qədər bu vəzifədə xidmət etmişdir. Onun diviziyası Baltik hücumu, Kurlandiya mühasirəsi, Şərqi Prussiya hücumu və Kalininqrad hücumunda iştirak etmişdir. Hüseynov 1945-ci ilin aprel ayının 16-da Kalininqrad hücumunda iştirak edərkən öldürülmüşdür.[1][2]
Hüseynov Həbibulla | |
---|---|
Hüseynov Həbibulla Eynulla oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Ərdəbil İran |
Vəfat tarixi | (34 yaşında) |
Vəfat yeri | Qaydau kəndi |
Vəfat səbəbi | Odlu silahdan atəş |
Dəfn yeri | Mariyampole Zabitlər Məzarlığı |
Vətəndaşlığı |
Qacar imperiyası SSRİ |
Atası | Hüseynov Eynulla |
Milliyyəti | azərbaycanlı |
İxtisası | Hərbçi |
Təhsili | Zaqafqaziya Piyada Məktəbi |
Fəaliyyəti | hərbi qulluqçu |
Partiyası | |
Tanınır | İkinci Dünya Müharibəsindəki iştirakına görə |
Mükafatları |
|
Hüseynov 10 oktyabr 1910-cu ildə Ərdəbildə fəhlə ailəsində dünyaya gəlmişdir. O, Şimali Azərbaycana mühacirət etdikdən sonra Bakı limanında yükləyici kimi işləməyə başlamış və fəhlə gənclər üçün təşkil edilən gecə məktəbində təhsil almış, yeddinci sinfi burada bitirmişdir.[3] Hüseynov sonra Leytenant Şmidt adına zavodda montajçı köməkçisi olaraq işləmişdir.[1][4]
Komsomol xətti ilə 1928-ci ildə Qırmızı Orduya qəbul edilmişdir. 1929-cu ildə Sovet İttifaqı Kommunist Partiyasına qəbul edilmişdir. 1932-ci ilin iyununda Zaqafqaziya Piyada Məktəbini,[3] sentyabrda Bakıda Artilleriya komandirlərinin təkmilləşdirmə kurslarını bitirmişdir. Sentyabrda Qırmızı Bayraq Qafqaz Ordusunun 193-cü artilleriya alayında taqım komandiri olaraq xidmət etməyə başlamışdır. Bu bölmə Bakıda yerləşməkdə idi. 1934-cü ilin aprelində o, 190-cı zenit artilleriya alayının batareya komandiri olmuş, sentyabrda yenidən 193-cü alaya göndərilmiş və batareya komandiri, diviziyon komandirinin köməkçisi və divizyon komandiri olmuşdur. 1936-cı ildə baş leytenant rütbəsinə yüksəlmişdir.[1]
3 iyul 1938-ci ildə o, kapitan rütbəsinə yüksəlmişdir. Eyni ildə o, NKVD tərəfindən həbs edilmiş və İrana casusluq eləməkdə ittiham edilmişdir. Həbsxanada bir neçə ay keçirdikdən sonra azad edilmiş və ordudakı vəzifəsinə bərpa edilmişdir. 1939-cu ilin mayında Minskdə yerləşən Belarus Hərbi Dairəsinin 188-ci zenit artilleriya alayında batalyon komandiri təyin edilmişdir. 1940-cı ilin fevralında 312-ci əlahiddə zenit artilleriya batalyonunun komandiri olmuşdur. Bu batalyon Zambrov şəhərində yerləşən Xüsusi Qərb Hərbi Dairəsinin 13-cü atıcı diviziyasına daxil idi.[1]
Hüseynov müharibədə 22 iyun 1941-ci il tarixindən döyüşməyə başladı.[3] Onun batalyonu Belorusiyanın qərbində mühasirəyə düşsə də, o, bu mühasirəni yarmağı bacardı. 1941-ci ilin iyununda batalyonun iki alman qırıcısını vurduğu bildirilir. İyulda batalyon yenidən təşkil edildi və Kalinin Hava Müdafiəsi Ərazisinə köçürüldü. 30 sentyabrda Hüseynov yaralansa da, yenidən döyüşə qayıtdı vı noyabrda mayor rütbəsinə yüksəldi. Batalyonu ilə Moskva döyüşündə iştirak etdikdən sonra 1942-ci ilin fevralında Rybinsk-Yaroslavl Hava Hücumundan Müdafiə Ərazisinə köçürüldü. 1942-ci ilin iyununda Hüseynov 38-ci əlahiddə zenit artilleriya batareyasının komandiri təyin edildi və İvanovonun müdafiəsinə göndərildi. Oktyabrda o, 658-ci zenit artilleriya alayının komandiri oldu və Moskvanın hava hücumundan müdafiəsinə göndərildi. 20 oktyabrda polkovnik-leytenant rütbəsinə yüksəldilən Hüseynovun alayı Ali Komandanlığın Ehtiyat Qüvvələrinin IV zenit artilleriya diviziyasının, qısa müddət sonra da I Mühafizə Ordusunun bir hissəsi oldu. Bu alay Kiçik Saturn əməliyyatında və Millerovo-Voroşilovqrad hücumunda iştirak etmiş və bu hücumlar zamanı 24-cü tank korpusuna əlavə edilmişdir. Alay 1942-ci ilin dekabrında Tatsinskaya hücumuna da qatılmışdır. 1942-ci ilin 16 dekabrından 1943-cü ilin 10 yanvarına qədər alayın döyüşçüləri 21 qırıcını, 3 tankı və xeyli sayda alman canlı qüvvəsini məhv etmişdir. 10 fevralda Hüseynov ikinci dəfə yaralandı və 25 fevralda "Qırmızı bayraq" ordeni ilə mükafatlandırıldı.[5] 1943-cü ilin aprelində onun alayı 268-ci zenit artilleriya alayı adlandırıldı və onun komandiri olaraq Hüseynov 5 apreldə ikinci dəfə "Qırmızı bayraq" ordeni ilə mükafatlandırıldı.[6] 23 apreldə Hüseynov polkovnik rütbəsinə yüksəldildi.[1]
1943-cü ilin iyununda Hüseynov IV zenit artilleriya diviziyasının qərərgah rəisi oldu və Donbas hücumuna qatıldı. Sentyabrda Moskva Hərbi Dairəsinin tərkibində yeni yaradılmış 67-ci zenit artilleriya diviziyasının komandanı təyin edildi. Bu diviziya Moskvanın sənaye bölgəsini qorumaqla yanaşı, yeni əsgərlərə döyüş keçməklə də məşğul idi. 1944-cü ilin iyulundan diviziya Birinci Baltik cəbhəsində döyüşməyə başladı. Diviziya Baltik hücumu zamanı Riqaya hücumda və Memel döyüşündə iştirak etmiş və bildirilənə görə 59 alman təyyarəsini məhv etmişdir. 3 noyabrda Hüseynov "Qırmızı ulduz" ordeni ilə mükafatlandırıldı. Bundan sonra isə diviziyası ilə birlikdı Kurlandiya mühasirəsinə qatıldı. Şərqi Prussiya hücumu zamanı, 1945-ci ilin yanvarı ilə apreli arasında bu diviziya hərbi qüvvələr üçün hava hücumundan müdafiə təmin etdi. 24 yanvarda Hüseynov I dərəcəli "Vətən müharibəsi" ordeni ilə təmin edildi.[7] Samland hücumu zamanı diviziya hücuma keçən piyada ordusuna atəş dəstəyi verməli idi və Hüseynov özü şəxsən ön cəbhədən döyüşü idarə edirdi. 16 apreldə Hüseynov Fischhausenin şimalında öldürüldü. O, Mariyampole Zabitlər Məzarlığında dəfn edilmişdir. 29 iyun 1945-ci ildə o, ölümündən sonra "Lenin" ordeni və Sovet İttifaqı Qəhrəmanı adı ilə mükafatlandırıldı.[3][1][8][9]
Sovet İttifaqı Balıqçılıq Sənayesi Nazirliyinin gəmilərindən birinə onun adı verilmişdir.[3][1] 1995-ci ildə Bakının Binəqədi rayonunun Dadaşov küçəsində abidə ucaldılmışdır.[10]