Həmid Mustafayev

Həmid Mustafayev (1932–2011) — Görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar geoloqu, Şöhrət ordenli(2005) Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,

Həmid Mustafayev
Mustafayev Həmid Veysəl oğlu
Doğum tarixi
Doğum yeri Bakı Azərbaycan SSR
Vəfat tarixi (78 yaşında)
Vəfat yeri Bakı Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi geologiya-mineralogiya
Elmi dərəcəsi geologiya-mineralogiya elmləri doktoru
Elmi adı Professor
Üzvlüyü AMEA-nın müxbir üzvü
Mükafatları "Şöhrət" ordeni — 2005

H. Mustafayev 1932-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1956-cı ildə Moskva Dövlət Universitetinin Geologiya fakültəsini bitirmişdir. Moskvada Mineralogiya, Geokimya, Nadir Elementlərin Kristallokimyası İnstitutunun aspiranturasında oxumuşdur.

H. Mustafayev 1956–1960-cı illərdə keçmiş SSRİ Geologiya Nazirliyinin Qırğızıstan və Azərbaycandakı istehsalat təşkilatlarında işləmişdir. 1963-cü ildə AEA-nın Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləməyə başlamışdır. H. Mustafayev metallogeniya, geokimya və petrologiya sahələrində görkəmli mütəxəssis olmuşdur. O, maqmatik formasiyaların petrologiyası və metallogeniyası məsələlərini həll etmək üçün statistik-mineraloji-geokimyəvi istiqamətli tədqiqatları inkişaf etdirmiş, mezozoy qranitoid kompleksi üzrə fundamental tədqiqatları yerinə yetirmişdir. Onun elmi proqnozu Kiçik Qafqazın şimal-şərq hissəsində sənaye əhəmiyyətli yeni mis-porfir filizləşməsinin kəşf olunması ilə təcrübədə təsdiq olunmuşdur. O, Azərbaycanın maqmatik formasiyalarının müasir təsnifatının, yeni metodika ilə tərtib olunmuş və 1979-cu ildə nəşr olunmuş "Azərbaycanın maqmatizm və metamorfizm xəritələri"nin və respublikanın maqmatik süxurlarının yeni təsnifatının müəlliflərindəndir. H. Mustafayev Azərbaycan ərazisinin filiz rayonlarının yeni təsnifatını tərtib etmiş, yataqların axtarışının mineraloji-geokimyəvi kriterilərini hazırlamış, ölkənin müxtəlif metallogenik zonalarında mis, qalay və bir sıra başqa metalların miqdarının proqnozlaşdırılması və resurslarının açılması imkanlarının nəzəri əsaslandırılması üzrə işlər aparmışdır. Həmkarları ilə birlikdə mis-kolçedan, kolçedan-polimetal, kolçedan-qızıl filizi yataqlarının geoloji-genetik modelləşdirilməsini, onların formasion analizini aparmış, ilk dəfə olaraq onların geoloji-mineraloji-geokimyəvi parametrlərinin informasiya dərəcəsini müəyyən etmişdir.

H. Mustafayev 1965-ci ildə fəlsəfə doktoru, 1975-ci ildə isə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini, professor elmi adını almış, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü seçilmişdir.

H. Mustafayevin 120-dən çox elmi əsəri, o cümlədən 5 monoqrafiyası (3-ü həmmüəlliflərlə) nəşr olunmuşdur. O, AMEA-nın Geologiya İnstitutunun Metallogeniya şöbəsinə başçılıq etmişdir.

Həmid Mustafayev 2011-ci ildə Bakıda vəfat etmişdir.

Mustafayev Həmid Veysəl oğlu

  1. "Azərbaycan Respublikası Elmlər Akademiyasının akademik İ. M. Qubkin adına Geologiya İnstitutunun bir qrup işçisinə Azərbaycan Respublikasının adlarının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1991-ci il tarixli, 270 nömrəli Fərmanı Arxivləşdirilib 2021-04-07 at the Wayback Machine  (az.)
  2. "Arxivlənmiş surət". 2023-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.