Hərbi dəniz qüvvələri, həmçinin donanma və ya flot — hərbi əməliyyatların okean və dəniz teatrlarında strateji və əməliyyat vəzifələrini həll etmək üçün nəzərdə tutulmuş silahlı qüvvələr növü.[1][2][3][4] Hərbi dəniz qüvvələri həm müstəqil əməliyyatlar keçirməklə, həm də silahlı qüvvələrin digər qolları ilə birgə səylərlə öz problemlərini həll edir.
Azərbaycan donanma tarixi çox qədim çağlara gedib çıxır. Buna sübut olaraq Qobustandakı qayaüstü rəsmləri göstərmək olar[5]. Orta Çağlarda Azərbaycanda feodal xanlıqlarının yaranması, eləcə də IX–X əsrlərdə vikinqlərin və rusların dəniz tərəfdən hücumları ilə gəmi tikintisi yeni inkişaf qazanır. Özəlliklə Şirvanşahlar dövlətinin güclənməsi ilə Bakının önəmi bir liman şəhəri kimi artır. 1175-ci ildə I Axsitan Bakı yaxınlığında 73 rəqib gəmisini qıraraq rus donanmasını məğlub edir. Bu fakt XII əsrdə Şirvan donanmasının yüksək keyfiyyətindən xəbər verir. 1172-ci ildəki Şamaxı zəlzələsindən sonra paytaxtın köçürülməsi Bakının önəmin daha da artırır. Saray şairi Xaqani Şirvaninin yazdığına görə, Bakı böyük limana və Xəzərdə uluslararası ticarətin mərkəzinə çevrilir. Şirvanşah III Fəribürzun vaxtında Bakı adaların birində hərbi baza kimi istifadə edilən Səbayıl qalası tikilir.[6]
Orta Çağ səyyahlarının qeydlərindən Şirvan gəmilərinin görünüşü haqqda əldə etmək olur: "görkəmcə qaleraya oxşayırlar, amma ölçüləri tartanınkı kimidir". Beləliklə, Şirvan gəmisi uzunburun, hündürdallı, əyik dirəkləri və qıyqacı yelkənləri olan iki dorlu, qaleraya oxşayan və tartana ölçülü, 30 tonnadək yükü qaldıra biləcək gəmi olmalı idi.[7]