Hərbi məhkəmə — Azərbaycan Xalq Cümhuriyyəti ordusu tərkibində məhkəmə işlərinə baxan ədliyyə orqanı.
İlk dəfə Nazirlər Şurasının 1918-ci il 5 dekabr tarixli qərarı ilə Gəncə (Yelizavetpol) dairə məhkəməsinin nəzdində yaradılmışdı; tərkibinə sədr, iki üzv, prokuror, prokuror müavini və başqa şəxslər daxil idilər. Sonradan hərbi məhkəmə strukturu və səlahiyyətləri daha da genişləndirilməklə müstəqil quruma çevrildi. 1919-cu il yanvarın 12-də general-mayor Dubrovski hərbi məhkəmənin sədri təsdiq edildi. Hərbi məhkəmənin sədri hərbi nazirin təqdimatı əsasında Nazirlər Şurası tərəfindən təsdiq edilir və nazirin əmri ilə bütün orduya elan olunurdu. 1919-cu il iyulun 14-də general-mayor Dubrovski hərbi nazirliyin hərbi ədliyyə hissəsinin rəisi təyin edildiyindən, hərbi məhkəmənin rəisi vəzifəsinə Teymur bəy Makinski təyin olundu.
Azərbaycanda baş hərbi məhkəmə təsis edildikdən sonra hərbi dairə məhkəmələrinin qərarlarına kassasiya qaydasında şikayət verilməsi ləğv olundu. Hərbi məhkəmə haqqında Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919-cu il 14 aprel tarixli qanununa əsasən, belə şikayətlər birbaşa hərbi nazirin özünə verilə bilərdi. Hərbi məhkəmlərin qərarlarının icrası ilə bağlı hərbi nazirin geniş səlahiyyətləri var idi. O, məhkəmə işinin yenidən və yeni heyət tərəfindən aparılmasına qərar verə bilər, təyin edilmiş cəzaları dəyişdirə və yügülləşdirə bilərdi. Belə ki, 1919-cu il martın 14-də, Novruz bayramı ərəfəsində imzaladığı əmrlə hərbi nazir silahlı soyğunçuluğa görə barələrində ölüm hökmü çıxarılmış 6 nəfər əsgərin cəzasını 6 illik həbslə əvəz etmişdi. Hərbi nazir digər bayramlar ərəfəsində də əfv əmri imzalayaraq məhkumları ya bağışlayır ya da onların cəzasını yüngülləşdirirdi.[1]