Həsən bəy Qazıyev

Həsən bəy Qazıyev və ya tam adı ilə Həsən bəy Axund Molla Xəlil oğlu Qazıyev (1878, İrəvan – 1950, Naxçıvan) – Azərbaycanlı pedaqoq, müəllim, İrəvan Müəllimlər Seminariyasının məzunu.[1]

Həsən bəy Qazıyev
Digər adı Həsən bəy Axund Molla Xəlil oğlu Qazıyev
Doğum tarixi
Doğum yeri İrəvan
Vəfat tarixi 1 iyul, 1950
Vəfat səbəbi Mədə xəstəliyi
Dəfn yeri Naxçıvan şəhər qəbristanlığı
Həyat yoldaşı Bülbül xanım İbrahim bəy qızı Süleymanova
Uşaqları Cavad Qazıyev, Şamil Qazıyev, Əqil Qazıyev, Şəfiqə Qazıyeva, Şölə Qazıyeva
Atası Axund Molla Xəlil Molla Kərim oğlu Qazıyev
Anası Dilbər xanım
Milliyyəti Azərbaycanlı
Dini İslam
Təhsili İrəvan Müəllimlər Seminariyası
Fəaliyyəti Pedaqoq, müəllim
Fəaliyyət illəri 1901-1950
Mükafatları "Azərbaycan SSR əməkdar müəllimi" fəxri adı — 1943

Həyatı və şəcərəsi

[redaktə | mənbəni redaktə et]

Həsən bəy Qazıyev 1878-ci ildə İrəvan şəhərində anadan olmuşdur.[2] 1 iyul 1950-ci ildə Naxçıvan şəhərində vəfat etmiş və Naxçıvan şəhər qəbiristanlığında dəfn olunmuşdur.[3]

Həsən bəy Qazıyevin atası İrəvanın məşhur din xadimlərindən Axund Molla Xəlil Molla Kərim oğlu Qazızadə idi. Axund Molla Xəlil Qazızadə 1815-ci ildə İrəvanda doğulmuş və 1884-cü ilin fevral ayının 22-də bu şəhərdə vəfat etmişdir. Qazızadələr nəslinin nümayəndələri uzun müddət İrəvanda qazılıq etmişdirlər. Axund Molla Xəlil 1867-1883-cü illərdə İrəvan Quberniya Ruhani Məclisinin sədri olmuşdur. Bu Ruhani Məclisi İrəvan şəhərində Göy Məsciddə yerləşirdi. Həsən bəy Qazıyevin həyat yoldaşı Bülbül xanım idi. Bülbül xanımın anası Bilqeyis Qazıyeva Mirzə Cabbar bəyin nəslindən idi. Həsən bəy Qazıyev rəssam, Əməkdar incəsənət xadimi Şamil Qazıyevin atasıdır.

Həsən bəy Qazıyev atasını 7 yaşında itirdikdən sonra anası Dilbər xanımın himayəsində yaşamışdır. Böyük qardaşı Axund Molla Abdullanın köməkliyi ilə ibtidai təhsilini Azərbaycan dilində, orta təhsilini isə rus dilində İrəvan şəhərində almışdır. 1896-cı ildə İrəvan Müəllimlər Seminariyasına qəbul olmuş və həmin seminariyanı 1900-cü il 6 iyunda bitirmişdir. O, 1936-cı il 25 iyunda öz tərcümeyi-halında belə yazırdı:

"Mən anadan olmuşam İrəvanda 1878-ci ildə. Yeddi yaşıma çatdıqda atam vəfat etmişdir. Böyük qardaşımın köməkliyi ilə qabaqca türk məktəbində (4 il), sonra isə rus məktəbində (6 il) və axırda İrəvan Müəllimlər Seminariyasında təhsilə davam edib, 1900-cü ildə məktəbi bitirmişəm"

Seminariyadan ibtidai sinif müəllimi ixtisası ilə məzun olmuşdur.

Həsən Qazıyev ümumilikdə 50 ilə yaxın əmək fəaliyyəti ilə məşğul olmuşdur. 1901-1903-cü illərdə Uluxanlı kənd ikisinifli normal məktəbində müəllim, 1903-1905-ci illərdə Nehrəm kənd məktəbində nəzarətçi, 1905-1907-ci illərdə Yengicə kənd beşillik təhsil müddətinə malik olan bir dərəcəli məktəbdə nəzarətçi, 1907-1909-cu illərdə İrəvan rus-tatar məktəbində müəllim, 1909-1915-cu illərdə İrəvan Dövlət Palatasında ştatdankənar məmur, ştatlı məmur, mühasib köməkçisi vəzifələrində işləmişdir. 16 aprel 1915-ci ildən 1 aprel 1919-cu ilə qədər İrəvan Qəza İnspektorluğu Dəftərxanasında kargüzar işləyir. 1921-ci ildə ailəsi ilə birlikdə Naxçıvana köçmüşdür. 1921-1950-ci illər arasında Naxçıvan qəzasının maarif müdiri, Ordubad Pedaqoji Texnikumunda və Ordubad Birinci Dərəcəli Məktəbində müdir, Naxçıvan Zikur Texnikumunda (Naxçıvan Pedaqoji Texnikumunda) təbiət və rus dili müəllimi, Naxçıvan Dövlət Müəllimlər İnstitutunda və Naxçıvan şəhər 5 nömrəli məktəbdə rus dili müəllimi işləmişdir.

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 iyul 1943-cü il tarixli fərmanı ilə Həsən Qazıyevə Azərbaycan SSR əməkdar müəllimi fəxri adı verilmişdir.[4]

  1. Naxçıvan Ensiklopediyası (az.). I. səh. 333. 2024-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-24.
  2. Fərman Xəlilov. Maarif fədaisi: Həsən bəy Qazıyev (az.). səh. 7. 2024-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-24.
  3. Fərman Xəlilov. Maarif fədaisi: Həsən bəy Qazıyev (az.). səh. 44. 2024-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-24.
  4. Fərman Xəlilov. Maarif fədaisi: Həsən bəy Qazıyev (az.). səh. 43. 2024-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-24.