Haçaqaya(dağ)

Haçaqaya dağı-Tovuz və Gədəbəy rayonları arasında yerləşən,2200 metr yüksəkliyində olan ziyarətgah.

Haçaqaya
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 2200 m
Yerləşməsi
Ölkə Azərbaycan
Rayon

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Tovuzla Gədəbəy arasında yerləşən Haçaqayaya Xınna dərəsindən qalxan yol Keşkənd yolu ilə çox sərt yamacdan keçir. İnzibati olaraq Tovuz rayonuna aid olsa da, buraya nisbətən rahat yolla yalnız Gədəbəyin Slavyanka kəndi ərazisindən keçərək getmək mümkündür. Slavyankadan 21 kmlik məsafədəki pirə maşınla 2–3 saatlıq yoldur. Yol boyu bulaq suları, möhtəşəm dağ mənzərəsinin müşayiət etdiyi bu yer Qərb zonasının ən böyük ziyarətgahıdır. Yüksəklərə qalxdıqca yaylaq camaatının qurduğu alaçıqlar qarşınıza çıxır. Yerlilər bu yaylaq evlərinə "binə" deyirlər. Əsrarəngiz mənzərə, təmiz hava və inanclar buranı yay aylarında bölgənin ən çox üz tutulan ziyarətgahına çevirir. İnsanlar buraya qurban kəsməyə, arzularının yerinə yetməsi üçün dua etməyə, bir çoxları isə sadəcə əsrarəngiz təbiət abidəsini izləmək üçün üz tuturlar. Bir-birindən düz bucaq formasında ayrı düşən 3 böyük qaya 100 illərdir öz görkəmi ilə insanlarda bir maraq yaradır. Nəticədə haqqında rəvayətlər dolaşır, əfsanələr yaranır. Haçaqaya dağı haqqında ən çox danışılan və onun ziyarətgaha çevrilməsinə səbəb olan əfsanə isə IV Rəşidi xəlifəsi Əli ibn Əbu Talibin adı ilə bağlıdır. Əfsanəyə görə, xəlifə Əliyə xəbər çatır ki, Tovuz-Qazax ellərində Salsal adlı bir pəhləvan müsəlmanlara zülm edir. Buna görə Azərbaycana gələn Həzrəti Əli Haçaqaya dağlarında Salsal pəhləvanla üz-üzə gəlir. Qılıncı ilə pəhləvana zərbə endirsə də, Salsalı kəsmir. Hz. Əli hirslənərək qılıncı dağa çırpır. Dağ iki yerə bölünür və Haçaqaya yaranır. O, əllərini göyə qaldırıb: "İlahi, bu nə möcüzədir?" deyə soruşur. Göydən səs gəlir ki, onun əynində 124 min peyğəmbərin adı yazılmış libas geyinib. Ona görə qılınc onu kəsmədi. Rəvayətə görə, Hz. Əli zalım pəhləvanı Zəyəm çayına ataraq qalib gəlir. Bundan sonra burada namaz qılır, süfrə açıb yemək yeyir və ölkəsinə qayıdır. Bu əfsanəyə uyğun olaraq uzun illərdir insanlar Haçaqaya dağına gələrək Hz. Əlinin süfrə açdığı yerdə qurban kəsir, qayaların arasını gəzir və sonda xəlifənin dirsək və atının nal izi olduğu söylənilən qayanı ziyarət edərək evlərinə dönürlər.[1] Bəzi ziyarətçilər Haçaqayadan daş parçası qopararaq bərəkət, ruzi rəmzi olaraq evlərinə aparırlar. Bütün ziyarətgahlar kimi Haçaqayanın da baxıcısı və abadlığı ilə məşğul olan şəxs var. Hazırda bu missiya Gədəbəy rayon sakini Nurəddin Əsgərov tərəfindən həyata keçirilir. N. Əsgərov ərazinin ziyarətgah olaraq min ildən çox yaşı olduğunu bildirir. Ötən əsrin 70-ci illərinə kimi insanların ziyarətə atla, ulaqla, yaxud piyada gəldiklərini söyləyib. Onun sözlərinə görə, əraziyə ilk avtomobil yolu onun babası tərəfindən çəkilib. "Babam Seyid Mirsadıq bölgənin sınaqlı seyidlərindən olub. Ona verilən nəzirlər hesabına buraya ilk dəfə maşın yolu çəkdirib. Ondan sonra ziyarətgaha daha kütləvi axın başlayıb. Babamın ölümündən sonra bir müddət buralar baxımsız qalsa da, müstəqillik dövründən başlayaraq imkanlı şəxslərin köməyilə burada ziyarətçilər üçün daha yaxşı şərait yaratmağa çalışırıq"-deyə N. Əsgərov məlumat verib. N. Əsgərov buraya ən çox yay aylarında insanların kütləvi şəkildə ziyarətə üz tutduğunu bildirib: "Haçaqaya ziyarətgahı duaların qəbul olduğu yerdir. Əvvəllər yalnız Gəncə-Qazax zonasından insanlar gəlirdilərsə, indi bütün Azərbaycandan ziyarətçilər buraya üz tuturlar. İnsanlar ziyarət edir, əhd edirlər ki, niyyətimiz qəbul olsun, gəlib qurban kəsəcəyik. Niyyətləri qəbul olduqdan sonra gəlirlər, qurbanlarını kəsirlər. Yay aylarında burada gün ərzində 30–40–50 qurban kəsilir". Qayanın üstünə çıxıb, ordan yarığın içinə də girmək 400 pilləlik xüsusi dəmir pilləkənlər vasitəsilə mümkündür. Haçaqayanın içərisinə daxil olanı vahimə basır. Qayaların arasında adam özünü qarışqa kimi hiss edir. Sanki divarlar indi üstünə uçacaq. Qaya divarlarının arasından yay-qış həmişə su damcılayır. Qılıncın zərbəsindən ağlamağa başlayan qayanın gözyaşı olduğuna inanırlar. Bu ziyarəti tamamlamaq xeyli yorucu, amma olduqca maraqlıdır. Ziyarət sonrası fiziki və ruhani rahatlıq hiss edilir. Eyni zamanda Haçaqaya dağı hansı niyyətlə gedilməsindən asılı olmayaraq, Azərbaycanın gəzməli və görməli yerlərindən biri hesab edilir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Tovuz rayonu
  2. "Haçaqaya ziyarətgahı". 2021-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-04.