Cavanşir Hacı Ağalar xan Qasım bəy oğlu (1758, Şuşa – 1834, Tehran) — Qarabağ bəyi, kapitan, Pənahəli xanın qardaşı nəvəsi.
Hacı Ağalar xan Cavanşir | |
---|---|
Hacı Ağalar xan Qasım bəy oğlu Cavanşir | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Qarabağ xanlığı |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran, Qacarlar dövləti |
Həyat yoldaşı | Məstan xanım |
Uşaqları | Qasım xan, Məhəmməd bəy adlı oğulları, Aftab bəyim, Xırda bəyim, Dürnisə bəyim, Şəhribanu bəyim adlı qızları |
Fəaliyyəti | hərbi lider[d] |
Qasım bəyin dördüncü oğlu Ağalar bəy 1758-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Böyüyüb özünü tanıyandan savaş sənəti ilə məşğul idi. Qardaşları Hacı Bəylər bəy və Rüstəm bəylə bərabər Mehdiqulu xana xidmət edirdi. Xan bu qardaşların xətrini çox istəyirdi. Onlara Qarabağ ərazisində bəs deyincə tiyul vermişdi. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.
Hacı Ağalar bəy Zabux, Şəki, Qarakilsə, Əngələvüd, Daşkənd, Qubadlı, Yuxarı Hal kəndlərinin, Hacıağalarbəyli, Şükür-Muğanlı, Bərgüşadlı, Əliyanlı, Tatar, Tatarlı, Xocamusaqlı, Eyvazsərkarlı, Zodmanlı, Çullu obalarının yiyəsi idi.
Hacı Ağalar bəy 1810-cu il olaylarında atası Qasım bəylə bərabər Abbas mirzənin qoşunlarına qarşı göstərdiyi səylərə görə ruslar tərəfindən kapitan çini ilə ödüllənmişdi.
Hacı Ağalar bəy xanlıq dönəmində Sisyan, Tatev, Bərgüşad, Əcanan mahallarının naibi, Zəngəzur ellərinin kələntəri olmuşdu.
1822-ci ildə sonuncu Qarabağ hakimi Mehdiqulu xan Cavanşir İrana qaçandan sonra yaxınları gözdən salındı. Hacı Ağalar bəyi tutub, Rusiyanın dərinliklərinə sürgün etmək istədilər. Lakin bir təhər aradan çıxmağı bacardı.
1826-cı ildə Hacı Ağalar bəy Şuşada ruslara qarşı qiyam qaldırıb, İrana keçdi. Abbas mirzə ona xan ünvanı ikram edib, ordusunun bir dəstəsinə başçı tikdi. Hacı Ağalar xan ruslara qarşı can-başla mübarizəsini davam etdirdi.
Hacı Ağalar xan qacar ordusunda Qarabağ atlı dəstəsinin sərkərdəsi idi. K. N. Smirnov yazır: "İsmayıl mirzənin rusların üzərinə hücumu Gorusun şərqindən oldu. Naxçıvan alayının süvariləri Hacı Ağaların (Qarabağ atlılarının başçısı) başçılığı altında Naxçıvan yolu ilə irəliləyib, Xınzirək və Gorus arasında rusları mühasirə etdilər. Ruslardan 6 dağ topu və 1000 nəfər əsir götürdülər.[1]
Hacı Ağalar xan başqa bir hücumda, Həkəri çayının yaxasında, rus qoşununa xeyli ziyan vurmuş və əsir götürmüşdü. Tarixçi Mir Mehdi Xəzani bu barədə yazırdı: "Kapitan Hacı Ağalar bəy ki, mütai-Qızılbaş idi, xəbərdar olub, neçə nəfər bəyzadələrin ittifaqı ilə əkradın süvarə və piyadələri ilə gəlib, çayın bu tərəfini kəsiblər. Bir heyət ilə, iki tərəfdən macal verməyib, soldatı aralığa alıb və bəzisini qılıncla öldürmüş və bəzilərini giriftari-kəməndi-üsar etmişdilər ki, onlardan bir nəfəri fəllahi olub fərar etməyə macal və məqdur olmamışdı.[2]
Bu hadisə ilə bağlı tarixçi Mirzə Yusif Qarabaği yazır: "Hacı Ağalar Xudafərin körpüsü ətrafında dayanan Abbas mirzəyə xəbər verdi ki, qullarağası Qasım xan qoşundan bir dəstə tüfəngçi qulam və iki top götürüb, Qaradağ yolu ilə gəlib, Həkərə çayının yanında ruslara çatmış, hər iki tərəfdən qoşunlar arasında şiddətli vuruşmalar olmuşdur. Bir tərəfdən qızılbaşlar, digər tərəfdən Hacısamlının kürdləri və qeyri türklər, eləcə də günəşin istisi, yolların çətinliyi, əyri-üyrülüyü ruslara mane olduğu üçün qalaya gələ bilmədilər və batolyonu suya çatdıra bilməyib, dağıldılar. Bəziləri qətl olundu və bir hissəsi də əsir düşdü…".[3]
Hacı Ağalar xan İran qoşunlarının xeyrinə bilgilər toplayırdı. Tarixçi Mirzə Yusif Qarabaği yazır: "O gecə bir nəfər ruslardan üz döndərib, qızılbaşlarla birləşən Hacı Ağalar bəy Qarabağlının yanından gəlib, rusların kənddən çıxıb harayasa naməlum bir tərəfə getdiklərini xəbər verdi. Bu xəbərdən qızılbaş qoşunlarının içərisinə qorxu və həyəcan düşdü. Qorxudan gecə qoşunun yerini dəyişdilər. O yerlərdə olan Pirsəng təpəsində səngər qazıb, vuruşu gözləyirdilər. Sübhə yaxın ayrı bir xəbər gəldi ki, ruslar öz qoşunları ilə birləşmək üçün Şuşa qalasına tərəf getdilər".[4]
Abbas mirzə 1826-cı ildə Azərbaycanda yürüşdə olarkən, Bərgüşad mahalında Hacı Ağalar xangildə qonalqaya qalmışdı. Tarixçi Mirzə Yusif yazır: "Abbas mirzə bu şad xəbəri eşitdikdən bir sonra ordunu ordaca qoyub, Gorunruz (Qazıdərə-Ə. Ç,) kəndinə gəldi. Burda ölən və əsir düşən rusların başçıları ilə birlikdə sayı 300 nəfər idi.Əsirlərin içərisində pokovnik Nazımov və mayor Kovalenski də var idi. Abbas mirzə onları Gorunruz kəndinə Hacı Ağaların yanına qonaq gətirdi".[3]
İran tarixçisi Əminə Pakrəvan Hacı Ağalar haqqında bilgi verir. Nədənsə onun adını qardaşının adıyla qarışıq salıb, Hacı Bəylər kimi qeyd edir. Cahangir mirzənin "Tarixi no" adlı əsərində Hacı Ağalar getdiyi halda Pakrəvan yanlışlığa yol vermişdir. O, yazır: "Şahzadənin ordusunun bulunduğu məkana yaxın bir yerdə Hacı Bəylər oturmaqda idi. Hacı Bəylər kiçik bir bölgənin xanı idi. Əslində onun sahib olduğu yer İbrahimxəlil xanın oğlu Mehdiqulu xana mənsub idi. Mehdiqulu xan Təbrizə mühacirət etdikdən sonra Hacı Bəylər oranı qəsb etmişdi. Rusların yenilməzliyinə güvənərək mühacir xanların ərazilərini ələ keçirib və ruslarla işbirliyi yapan bu xan Azərbaycan ordusunun qələbəsindən qorxuya düşmüşdü. Özəlliklə də Şeyxülmülkün xidmətində olan Mehdiqulu xan qardaşları ilə birlikdə öz torpaqlarına geri dönməkdəydilər. Rusların Qarabağdan uzaqlaşmasını görən Hacı Bəylər, Abbas mirzənin yanında bulunmaq amacı ilə neçə yüz süvarisini şahzadəyə təqdim etdi. Özəlliklə rus əsir əsgərlərinin Ərdəbilə göndərilməsini öz gözü ilə gördüyü üçün bütün ümidləri suya düşmüş kimi bir halı var idi. Hacı Bəylər, Mehdiqulu xanın qarşısında özünü qorumaq üçün biricik qurtuluş yolu kimi Abbas mirzəyə yaxınlaşmağı görürdü. Abbas mirzə də Azərbaycan ordusunun ona verə biləcəyi bilgilərə olan ehtiyacı nəzərə alaraq onunla sərt davranmadı".[5]
Əminə Pakrəvanın yanlışlığı, diqqətsizliyi, hətta deyərdik ki, qərəzliyi hər cümlədə duyulur. Hacı Ağalar xan nə qəsbkar, nə qorxaq, nə satqın, nə də dönük idi. Hələ 1822-ci ildən ruslarla hər bağlantısını kəsən Hacı Ağalar xan meylini qacarlara salmışdı. O, torpaqlarının azad olunmasını istəyirdi. Inanırdı ki, Abbas mirzə Qarabağı ruslardan təmizləyib, xanlığı bərpa edəcək. Ümumiyyətlə, Hacı Ağalar xanın xətrini Abbas mirzə naibəssəltənə çox istəyirdi.
Cavanşir elinin Sarıcalı oymağının Behbudalılar tayfası həmişə Qarabağ xanlarını dəstəkləmişdilər. Mehdiqulu xanın ən inandığı adamlar bu tayfadan çıxmışdılar. Xan İranda olarkən qardaşlarından çox Hacı Ağalar xanın ruslar tərəfindən dustaq edilmiş kiçik qardaşı Rüstəm bəyi arzulamışdı. Çox yəqin ki, İran tarixçisi Hacı Ağalar xanla Mehdiqulu xanın qohumluq ilişkilərindən xəbərsiz idi. Qarabağın adlı-sanlı bəylərindən, İyirmidörd mahalının naibi, sərhədçibaşı, podporuçik, tarixçi Mirzə Adıgözəl bəy Abbas mirzənin əlində əsir olarkən həyatına qarşı Rüstəm bəyi zamin göstərmişdi. Hətta Mehdiqulu xana hədə dolu məktub da göndərmişdi. Məktubda yazılırdı: "…Xan, mən bu zəncirə düşəndən özümü ölmüş bilirəm. Lakin bu qədər var ki, mən burada ölən kimi, ruslar da Qalada dustaq olan bəyləri öldürəcəklər. İstəmirəm ki, mənə görə, o qədər bəylər ölsün. Xüsusilə Rüstəm bəy".[6] Mehdiqulu xan bu məktubu alıb, oxuyandan sonra Hacı Ağalar xanı çağırtdırıb, Kərim xanla bir yerdə Naibəssəltənənin yanına yollamışdı. Abbas mirzə Hacı Ağalar xanı dinləyib, Mirzə Adıgözəl bəyi öldürməkdən vaz keçmişdi.
Mirzə Adıgözəl bəy qaçmaq fikrinə düşəndə onu dardan Hacı Ağalar bəy qurtarmışdı. Tarixçi yazır: "Səhərə bir saat qalmış (şahzadə) Xacə Ələskər xacəbaşını və Hacı Ağalar xanı göndərdi ki, məni burdan çıxarsınlar. Onlar aid içdikləri vaxt mən Hacı Ağalar xana dedim: "Sən nə üçün and içirsən, məgər bizim (bir-birinə) etibarımız yoxdu? Mənim sənə etibarım var". Onlar ilə (bəstdən) çıxıb, Hacı Ağalar xanın evinə getdik. Şorba gətirdilər içib, bir az istirahət etmək istədik. Haman saat fərraş gəlib, bizi apardı. Gördük ki, bizlərə bələdçilik edən sünni İbrahimi şaqqalamış və həbsxana məmurunun gözlərini çıxarmışlar. Bizləri hüzura çağırmaq münasibətilə də yüz min nəfərdən artıq Təbriz əhalisi tamaşaya çıxmışdı. Şahzadə meydananın (yuxarı) başında durmuşdu. Bizi görüncə qəzəblənib, mənə buyurdu: Ey kafir, rusun donuz supu ilə çaxırı yadına düşdüyü üçün qaçdın?" Mən ərz etdim: "Sən padşahsan, sənin bir saat ədalətin, min ilin ibadətindən artıqdır. Qarabağda da buyurdunuz ki, ruslarla şərab içib, belə olubsan. Halbuki mən ömrümdə onun dadını görməmişəm. Bir dəfə xəbər almadınız ki, doğrudur, ya yalandır".
Mən belə dedikdə, Hacı Ağalar xana buyurdu: "Bu nə deyir". Hacı Ağalar xan ərz etdi ki, sənin başın üçün doğru deyir. Ondan sonra bir saatdan artıq məni danışdırdı.
Hər nə buyurdu cavab verdim. Axırda Hacı Ağalar xan ərz etdi: " Siz buyurdunuz ki, Mirzəni qardaşın Rüstəm bəyin əvəzinə sənə mərhəmət edəyəcəyəm". Buyurdu: "Verdim".
Hacı Ağalar xan məni oradan öz evinə apardı. Əlimin yarasına məlhəm qoydu. Özümə paltar tikdirdi. Bir neçə gün bu qayda ilə yaşayırdım. Sonra Madatov Mişkin tərəfinə gəldi. Bu zaman Mustovfi Mirzə Məhəmmədəli demişdi ki, rus gəlir, mütləq mühasirəyə girmək lazım gələcəkdir. Bunun Təbrizdə olması məsləhət deyil, gərək Şahi dəryasının adasında saxlansın. Bu sözü Hacı Ağalar xan etmişdi, çox yalvarıb-yaxardı. Axırda məni Təbrizdən çıxarıb, Bənab kəndinə apardılar".[7]
Hacı Ağalar xan 1834-cü ildə İranda vəfat etdi.
Hacı Ağalar xanın törəməsi Qarabaği soyadını daşıyır.
Hacı Ağalar xan Məstan xanımla həyat qurmuşdu. Qasım xan, Məhəmməd bəy adlı oğulları, Aftab bəyim, Xırda bəyim, Dürnisə bəyim, Şəhribanu bəyim adlı qızları vardı.
Джеваншир Хаджи-Агалар-бек Касимбекович