Hacı Hüseynqulu məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə kəndində tarixi-memarlıq abidəsi.
Hacı Hüseynqulu məscidi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Ordubad |
Yerləşir | Gənzə |
Üslubu | Naxçıvan-Marağa memarlıq məktəbi |
Vəziyyəti | stabil |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Məscid Ordubadın Gənzə kəndinin mərkəzində yerləşir. Ölçüsü 23x14 m-dir. Məscidin üzərində kitabə olmasa da yerli camaatın dediyinə görə onu Hacı Hüseynqulu adlı nüfuzlu bir adam tikdirib. Öldükdən sonra özü də məscidin cənub divarının qarşısında dəfn olunub.
Məsciddə olduğu kimi qəbirin üstündə də heç bir epiqrafik sənəd-kitabə yoxdur. Ancaq son zamanlar məscid bərpa edilərkən qəbirin üstü də götürülmüş, mərmər başdaşı və sinədaşı qoyulmuşdur. Başdaşının üstündə ərəb əlifbası ilə "Mərhum Hacı Hüseynqulu, 16-cı əsr" sözləri həkk edilmişdir.
Naxçıvan bölgəsində ən qədim məscid nümunələrindən olan abidənin daxili böyük salondan ibarətdir. Sonralar, deyilənə görə, XX əsrin əvvəllərində qərb tərəfdən əlavə bina tikilib kişilərə aid salona birləşdirilib.
Məscidin əsas, qədim hissəsi daşdan üç böyük sütunun və divarların üstündə dayanıb. Sütunların arası və sütunlarla divarların arası tağvari birləşdirilib. Divarların qalınlığı 1 m-dir. Məscidin içərisində, divarlarda 5 divariçi-taxça düzəldilib. Girişin önündə eyvan var. Eyvanın fasadı 12 tağdan ibarətdir. Məscidin yanında qonaq otağı vardır.
Məscid təmir olunarkən divarlarında gəc üzərində rənglə dini xarakterli kəlamlar yazılmışdır. Təmir zamanı cənub-qərb tərəfində gözəl bir minarə ucaldılıb. Minarənin üstündə belə bir kitabə qoyulub: "Məscidin minarəsi 2000-ci ildə Hacı İsrafil Sadıqlı tərəfindən tikdirilmişdir. Memarları Kərbəlayi Səyid, Kərbəlayi Qurban". Məscidin minarəsi 2023-cü ildə Hacı Fərqan Sadiqov tərəfindən restavrasiya etdirilmişdir.
Kənddə yas mərasimləri bu məsciddə keçirilir, həmçinin məhərrəmlikdə və orucluqda burada dini mərasimlər icra olunur. Məscidin cənubunda olan qəbiristanlıq da vaxtı ilə Hacı Hüseynqulunun torpaq sahəsi olmuş, onu qəbristanlıq üçün bağışlamışdır. Orada olan məzar kitabələrinə əsasən demək olar ki, Hacı Hüseynqulu XV əsrdə yaşamış, məscidi də həmin vaxt inşa etdirmişdir.