Naxçıvan – Marağa memarlıq məktəbi – Azərbaycan ərazisində geniş yayılmış memarlıq məktəblərindən biridir.[1] Bu memarlıq məktəbi XI əsrdən formalaşmağa başlamış və orta əsrlər Azərbaycan memarlığının üslub xüsusiyyətlərini müəyyənləşdirmişdir.[2]
Azərbaycan memarlığı tarixinə dair aparılmış olan elmi tədqiqatlar zamanı ilk dəfə bir memarlıq məktəbi kimi tanınan Naxçıvan — Marağa memarlıq məktəbi olmuşdur. Bunun əsas səbəbi Naxçıvan memarlıq məktəbinə məxsus olan sənətkarların bir çoxunun adını daşıyan kitabələrin dövrümüzə çatmasıdır. 1162-ci il tarixli Yusif Küseyir oğlu türbəsindəki kitabədə memar Əcəmi Əbubəkr oğlu özünü naxçıvanlı memar adlandırır.[3]
XI əsrdən formalaşmağa başlayan bu memarlıq məktəbi, Naxçıvan şəhərinin Azərbaycan Atabəylərinin (1136 – 1225) iqmətgahına çevirilməsi nəticəsində yüksəliş dövrünə çatmış, Memar Əcəmi Əbubəkr oğlunun fəaliyyəti ilə Yaxın Şərq memarlığında əhəmiyyətli rol oynamışdır.[4] Memar Əcəminin inkişaf etdirdiyi bu məktəb – üslub təkcə Naxçıvanı əhatə etməmiş, Güney Azərbaycanda Marağa şəhərinə, Şimalda Bərdə şəhərinə, eyni zamanda Şərqi Anadolu ərazisinə də yayılmışdır. Ümumilikdə bu memarlıq üslubu Şərq aləminin böyük bir hissəsində davam edib, kompozisiyalı abidələrin yaradılmasına təkan vermişdir.[5]
Naxçıvan – Marağa memarlıq məktəbinin üslub xüsusiyyətlərinin müəyyənləşməsində və nüfuzunun artmasında XII əsrdə Azərbaycanın mədəni həyatındakı ümumi yüksəliş, yerli dövlət hakimiyyətinin möhkəmlənməsi, şəhərlərin iqtisadi vəziyyətinin yaxşılaşması, ölkədə ədəbiyyatın və fəlsəfi fikrin inkişafı, humanizm ideyalarının yayılması mühüm rol oynamışdır.
Təxminən XII əsrdə Naxçıvan şəhərinin əhəmiyyətinin artması ilə əlaqədar olaraq burada sənətkarlıq və inşaat xeyli genişlənir. Yerli ənənələr burada Azərbaycan memarlığı ilə birləşərək özünə xas olan bir siması olan memarlıq — bədii məktəb yaradır. Naxçıvan memarlıq məktəbinin əmələ gəlməsində əsas mənbələrdən biri Arran memarlıq məktəbi daxilində əmələ gələn xüsusiyyətlər idi.[6] Qısa bir müddət ərzində naxçıvanlı sənətkarlar qarşılarında duran memarlıq — inşaat problemlərini müvəffəqiyyətlə həll etmək səviyyəsinə qalxdılar və hətta o dövrdə Azərbaycan memarlığının zirvəsini təşkil edən əsərlər yaratmağa nail oldular.[3][7]
Naxçıvan – Marağa memarlıq məktəbi dövrün ən mükəmməl inşaat quruluşlarının tətbiqi, binanın texniki quruluşu ilə onun bədii həllinin tektonikliyinə nail olunması, baxımından ən yüksək səviyyəyə qalxmışdı.
Marağadakı Göy Günbəd türbəsinin sərdabə hissəsinin atmatağlı tavan konstruksiyası Azərbaycan xatirə memarlığının təkamül prosesində Naxçıvan–Marağa memarlıq məktəbinin, xüsusilə bu məktəbin tanınmış nümayəndləri Əcəmi Əbubəkr oğlu Naxçıvani və Əhməd ibn Əyyub əl – Hafiz Naxçıvaninin böyük xidmətləri olmuşdur.[8]
İkiqatlı quruluşu (yeraltı sərdabə və yerüstü qüllə) olan türbələrin üst bölümü silindr, kub və ya prizma biçimli gövdədən ibarət olub ikiqatlı günbəzlə örtülürdü. Əcəmi Naxçıvaninin dövrümüzə kimi gəlib çatmış iki əsəri prizmatik gövdəli türbələrdir. Əhməd ibn Əyyub əl – Hafiz Naxçıvani isə yuvarlaq (silindrik) gövdəli türbələr yaratmışdır.[9]
Naxçıvan–Marağa memarlıq məktəbinə məxsus tikililər (Yusif Küseyir oğlu türbəsi, Mömünə Xatun türbəsi, Bərdə türbəsi, Qırmızı Günbəd türbəsi, Göy Günbəd türbəsi və sair[10][11][12][13]) ümumi quruluşunun abidəviliyi, ayrıntılarının zərifliyi, memarlıq bölgülərinin nikbinlik doğuran görkəmi, ornament bəzəklərinin oynaqlığı ilə səciyyələnir.
Naxçıvan–Marağa memarlıq məktəbi dəqiq riyazi hesablama metodlarına əsaslanırdı. Abidələr dəqiq hesablama və ölçmələr, planlaşma, yerləşmə, ornamentlərinin və kitabələrinin dəqiq düzülməsi əsasında inşa edilirdi. Marağa şəhərindəki Qırmızı Günbəd türbəsinin ornamental fasad sütunlarından biri Abidələrin modul sistemi, mütənnasiblik sxemləri tağların və günbəzlərin quruluşu, səkkizkünc səthlərin dəqiq ölçüsü riyazi hesablamalarsız mümkün deyildi. Bu memarlıq məktəbinin nümayəndələri dərin riyazi bilik sayəsində abidələrin mütənnasibliyi, tağ, günbəz, ornament və bəzəklərin mürəkkəb strukturu problemlərini zərgər dəqiqliyi ilə həll etmişlər.[3]
Naxçıvan-Marağa memarlıq məktəbi üçün kərpic hörgüsü, kərpicdən quraşdırılmış inşaat strukturları, müxtəlif formalı kərpicin məharətlə tətbiqi və kərpicin birrəngli yeknəsəngliyindən uzaqlaşmaq üçün rəngi kaşı və gəc ünsürlərinin memarlıq bəzəyinə daxil edilməsi səciyyəvidir.[3]
Binaların kompozisiya və həcm quruluşunda da Naxçıvan memarları ümumşərq memarlığında görkəmli yer tuta bilən üsullar yaradır və tətbiq edirlər. Naxçıvan memarlıq kompozisiyaları üçün monumentallıqla bərabər zəriflik də diqqəti cəlb edən xüsusiyyətdir. Naxçıvan sənətkarlarının həndəsi ornament quruluşu yaratmaq məharətləri və inşaatda ondan çox səmərəli yolla istifadə edilməsi də bu məktəbin daxilində yaradılan memarlıq-inşaat üsullarına daxildir.[3]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |