Hacıağa Əlipaşa oğlu Nemətov (1919, Bakı – 1942, Bakı) — azərbaycanlı bəstəkar, SSRİ-Finlandiya müharibəsi (1939–1940) və Böyük Vətən müharibəsi iştirakçısı[1].
Hacıağa Nemətov | |
---|---|
Hacıağa Əlipaşa oğlu Nemətov | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 1919 |
Doğum yeri | |
Vəfat tarixi | 1942 |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Təhsili |
Hacıağa Nemətov Bakı şəhərində neftçi ailəsində anadan olmuşdur. Qardaşı — Zəfər Nemətov Azərbaycanın görkəmli rejissoru, pedaqoq, ictimai xadim, Azərbaycan SSR əməkdar incəsənət xadimi[2].
Uşaqlıqdan musiqiyə qarşı coşğun həvəsi özünü büruzə verir. Onun çalmağa başladığı ilk alət qarmon idi və ilk pyeslərini də həmin alət üçün bəstələyirdi. Öz sevimli alətində çalmaqdan yorulmayaraq, xalq melodiyaları əsasında improvizasiyalar edirdi. Sonralar orta məktəbdə oxuduğu illərdə isə o, truba alətində çalmağı öyrənir və məktəb orkestrilə müxtəlif klublarda çıxış edir, lakin Hacıağanın artan musiqi marağı onu digər alətlərdə də çalmaq həvəsinə salır, belə ki, onun xahişi ilə atasının aldığı klarnet alətini də asanlıqla mənimsəyir. Onu Əli Bayramov adına klubun orkestrində çalmağa dəvət edirlər və bu orkestrlə o, konsertlərdə, şənliklərdə, bədii gecələrdə çıxış edir. Həmin vaxtlar o, qarmonda çalmaq vərdişləri sayəsində fortepianoda da çalmağı öyrənir[2].
1939-cu ildə o, müfəffəqiyyətlə orta məktəbi bitirərək, musiqi texnikumunun nəzəriyyə-bəstəkarlıq fakültəsinə daxil olur. Onun musiqi istedadını, zəhmətsevərliyini və bəstəkarlıq qabiliyyətini nəzərə alaraq, elə həmin ildə onu Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfi üzrə hazırlıq bölməsinə keçirirlər. Burada o, Üzeyir Hacıbəylinin bilavasitə rəhbərliyi altında yaradıcılıq fəaliyyətinə başlayır. Bu dövrdə onun müxtəlif janrlarda yazılmış ilk əsərləri meydana gəlir: vokal-instrumental süita, elegiya, variasiyalar, prelüdiya, mahnılar, romanslar[2].
Hacıağa Nemətov ordu sıralarına çağırıldı. O, əvvəlcə Fin müharibəsində, sonra isə Böyük Vətən müharibəsi cəbhələrində vuruşdu. Döyüşdə ağır yaralanan və hospitalda müalicə olunan Hacıağa Nemətovun vəziyyətindən xəbər tutan Ü. Hacıbəyli hərbi komissarlığa müraciət edərək, onun Bakıya gətirilməsinə nail olur. Burada Hacıağanın halı ağırlaşır və 23 yaşında gənc bəstəkar vəfat edir[3].
Hacıağa öz yaradıcılıq səviyyəsi üzərində də çox çalışır, çox mütaliə edir, musiqi dinləyir, axşamlar sinifdə müstəqil məşğul olur. Üzeyir Hacıbəylinin öz şəxsiyyəti, onun xalq musiqisinin əhəmiyyəti haqqında mühazirələri gənc bəstəkarın formalaşmasında mühüm rol oynayır. Üzeyir bəy də onun təhsili və yaradıcılıq təcrübələri ilə daim maraqlanırdı, hətta biləndə ki, Hacıağanın evində məşğul olmaq üçün aləti yoxdur, o, öz royalını tələbəsinə hədiyyə edir. Öz sevimli müəlliminin diqqət və qayğısından ruhlanan Hacıağa öz üzərində daha səylə çalışırdı[3].
Hacıağa çox ünsiyyətcil, şən və xeyirxah bir insan idi. O, öz kurs yoldaşları olan Fikrət Əmirovla, Qara Qarayevlə, Soltan Hacıbəyovla, Əşrəf Abbasovla, Tofiq Quliyevlə yaxından dostluq edirdi. Xüsusilə Q. Qarayevlə möhkəm dost idi. Q. Qarayev Hacıağanı öz kurslarında ən istedadlı tələbələrdən biri hesab edirdi. Dostlar bəzən gecə yarısına kimi incəsənətin əhəmiyyətindən, musiqi yaradıcılığı üslublarından və şəxsiyyətlərdən, Azərbaycan bəstəkarlıq məktəbinin gələcək inkişaf yollarından söhbət edirdilər[3].
H. Nemətovun konsert səhnəsində tez-tez ifa olunan əsərlərindən biri də "Fortepiano üçün altı pyes" silsiləsidir. Bu silsilə A. Zeynallının "Uşaq süitası"ndan sonra yazılan ikinci silsilə olub, Azərbaycan fortepiano ədəbiyyatında pedaqoji əhəmiyyətə malik əsərlərdən hesab olunur. Həmin əsər 1973-cü ildə nəşr olunmuşdur[3].
İkinci pyes "İmprovizasiya" adlanır. Bu, muğam ifaçılığına xas olan improvizasiya üslubunda yazılmış bir pyesdir. Onun əsasını iki kontrast obraz təşkil edir ki, onların da psixoloji səciyyəsi ilə bağlı parlaq təzadlığı M. P. Musorqskinin "Sərgidən şəkillər" silsiləsindən "Varlı və kasıb" pyesi ilə müqayisə aparmağa imkan verir. Belə ki, H. Nemətov da obraz kontrastlığını iki mövzunun — Agitato və Lento — qarşılaşdırılması üzərində qurur. "İmprovizasiya"dan sonra gələn "Qızların rəqsi" incəliyi və nəcibliyi ilə dinləyicini valeh edir. Rəqsin melodik hərəkəti qızların gah yaxınlaşmasını, gah da uzaqlaşmasını təsvir edir. Pyesin əsasını rəqs xarakterli səciyyəvi ritmik şəkil təşkil edir[4].
"Uşaq pyesi" öz melodikasına görə silsilənin yaddaqalan hissəsi olub, özündə beşik mahnılarına xas laylay intonasiyalarını əks etdirir. Burada yuxuya gedən uşaq və ona laylay deyən ana obrazı canlandırılır. Pyes qəmli, təsirli əhval-ruhiyyəyə malikdir, melodiya dalğavari sakit hərəkətli olub, kəskin səslənmələrdən, sıçrayışlardan uzaqdır. "Düşüncə" pyesində isə təmkinli bir möhtəşəmlik özünü büruzə verir. Əsərin fakturası həlak olan qəhrəmanlara rekviyemi xatırladır. Pyes dərin kədərli düşüncələri açıqlayır. Buradakı melodik hərəkətin quruluşu matəm yürüşünü xatırladır, insan axınının yaxınlaşması emosional yüksəlişlə müşayiət olunur və kulminasiyaya gətirib çıxarır, bundan sonra isə keçib gedərək uzaqlaşan yürüş səslənmənin tədricən zəifləməsi ilə müşayiət olunur[4].
Silsiləni tamamlayan "Ləzginka" pyesində bəstəkar bu rəqsə xas olan səciyyəvi cizgiləri təcəssüm etdirmişdir. Ləzginka rəqsinin cəld, coşğun hərəkətləri musiqidə eyni bir melodik ifadənin dəfələrlə təkrarlanması ilə qabarıq verilir. Pyesin birinci bölməsinin əsasını təşkil edən melodik fraza gah minorda, gah da majorda səslənir. Lad dəyişikliyi musiqiyə hər dəfə yeni boyalar aşılayır, o, gah yumşaq, incə, gah da iradəli və gümrah xarakter kəsb edir. Müşayiətdəki dəqiq ölçülü akkordlar rəqs ritmini canlandırır. "Ləzginka"nın orta bölməsi daha iti hərəkətli olub, melodiyada burulğanlı fiqurasiyalarla, müşayiətdə isə passajlarla zənginləşir. Pianoçuların repertuarında özünəməxsus yer tutan H. Nemətovun pyeslər silsiləsi bütövlükdə ifa olunarkən olduqca orijinal səslənir və məhz bu formada bəstəkarın yaradıcılıq üslubunu aydın təcəssüm etdirir[4].