Bu məqaləni vikiləşdirmək lazımdır. |
Hacıbaba Əbdüləli oğlu Həsənov — həkim, bəstəkar.
Hacıbaba Həsənov | |
---|---|
Hacıbaba Əbdüləli oğlu Həsənov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (74 yaşında) |
Hacıbaba Həsənov 13 sentyabr 1922-ci ildə Əhmədli kəndində anadan olub[1][2]. 1942–1947-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb.[2] Bir müddət Əhmədli kənd xəstəxanasında həkim, baş həkim işləyib. Lakin musiqiyə məhəbbət həkim Hacıbaba Həsənovu daha çox özünə çəkirdi. O, meylini kamançaya salmışdı. Qızı Gülbəniz xanımın söylədiyinə görə pəsdən gözəl səsi də varmış.
Hacıbaba Həsənov doğulduğu Əhmədli kəndində musiqi həvəskarlarını öz ətrafına toplayıb xor və orkestr düzəltmişdi. O, 1947-ci ildə respublika üzrə keçirilmiş kənd bədii özfəaliyyət olimpiadasında iştirak etmiş[2], burada onun "Sovet xalqı" kantatası ifa edilmiş, Fəxri Fərmanla təltif olunmuşdu. Bu Fəxri Fərman onun yaradıcı həyatında birinci və axırıncı deyildi. O, 1955-ci ildən 1972-ci ilin may ayına kimi Əhmədli qəsəbəsində S. M. Kirov adına Mədəniyyət evinin bədii rəhbəri olmuş, 50–60-cı illərdə respublikada keçirilən bədii özfəaliyyət baxışlarının hamısında iştirak etmiş və hər dəfə də uğurlu işlərinə görə müxtəlif mükafatlarla təltif olunmuşdu.
Həkim-bəstəkar Hacıbaba Həsənov 1952-ci ildə Moskvada Ümumittifaq xalq yaradıcılığı evində ikiillik qiyabi musiqi kursunu bitirmişdi.[2] O daha sonra Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində fəaliyyət göstərən Xalq Konservatoriyasının bəstəkarlıq şöbəsində təhsil almışdı.[2]
Hacıbaba Həsənovun xalq ruhunda yazdığı "Tarçalan oğlan", "Xatirələr", "Eşqimin növrağı", "Yağma yağış", "Unuda bilmirəm", "Təmiz eşqin" və s. mahnıları dillər əzbəridir.[3] Hətta müəllifin sağlığında belə bu mahnıların bəzilərini müğənnilər təsnif kimi oxuyurdular. Əlbəttə, bu bir tərəfdən yaxşıydı, mahnısı sevilirdi, səslənirdi, digər tərəfdən haqsızlıq idi, müəllif kimi adı çəkilmirdi.
Hacıbaba Həsənov 12 dekabr 1956-cı ildə aspiranturaya qəbul olunmuş, 12 noyabr 1959-cu ildə oranı bitirmişdir.
Musiqiyə, bəstəkarlığa məhəbbət Hacıbaba Həsənovu bütün ömrü boyu tərk etməmişdi. O, psixologiya üzrə elmlər namizədi olsa da, uzun illər Azərbaycan Dövlət Pedaqoji İnstitutunda musiqi və nəğmə üzrə dərs demişdi.
Altmışıncı illərdə institutun rektorluğu onu çox sevdiyi musiqi və nəğmə fənninin tədrisindən ayırıb psixologiya kafedrasına baş müəllim təyin edir. Hər bir işə məsuliyyətlə yanaşan Hacıbaba müəllim üçün bu yeni təyinat ilk vaxtlar çox darıxdırıcı olur. Çünki o, musiqiyə köklənmiş beynini, qəlbini, məruzələrini indi də psixologiya üzrə kökləməliydi.
Hacıbaba Həsənov fəal şəxsiyyət idi. O, pedaqoji fəaliyyətlə, bəstəkarlıq etməklə yanaşı, APİ-nin "Təhsil" müəllimlər ansamblının da üzvü idi. Bu ansamblda kamança çalırdı. "Təhsil" ansamblının repertuarında onun mahnıları xüsusi yer tuturdu.
O, bir bəstəkar kimi şairlərdən Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Novruz Gəncəli, Arif Cəfərov və başqaları ilə sənət dostluğu edirdi. Hacıbaba Həsənov duyub hiss etdiyi, onu təsirləndirən ovqatdan ilhamlanıb yazırdı. Buna görə də mahnıları sevilirdi. Onun ünvanı bəlli mahnıları da vardır. 1946-cı ildə hələ AMİ-nin V kurs tələbəsi olarkən dostu Novruz Gəncəlinin sözlərinə "Bənövşə" mahnısını yazmışdı.[3] Bu mahnı o zaman Lenin adına kombinatın adlı-sanlı toxucusuna həsr olunmuşdu.
Hacıbaba Həsənov lap gənclik illərindən Novruz Gəncəli ilə dostluq edirmiş. O, tez-tez Əhmədliyə, Hacıbaba Həsənovgilə gəlirmiş. Bir dəfə təsadüfən Hacıbabagilə gələndə vaxtilə sevdiyi qızla qarşılaşır. Bu gözlənilməz görüşdən duyğulanan Novruz Gəncəli Hacıbabagilə gələn kimi "Unuda bilmirəm" adlı bir şeir yazıb dostuna verir və əhvalatı ona danışır.[3]
Hacıbaba gözəl mahnılarla yanaşı, süita da yazır. Onun dörd hissədən ibarət "Gənclik" süitası özfəaliyyət kollektivləri tərəfindən müvəffəqiyyətlə ifa olunur"[4].
Unudulmaz bəstəkarın sözlərində böyük həqiqət var. Poeziyaya aşiyan olan Hacıbaba Həsənov mahnıları üçün məzmunlu mətn seçməyi bacarırdı. Elə buna görə də onun mahnılarında poeziya ilə melodiya vəhdətdədir. Onun mahnıları dinləyiciyə zərif duyğular, bəşəri hisslər aşılayır.
Hacıbaba Həsənov operetta janrında da qələmini sınamışdır. O, dramaturq Məhərrəm Əlizadənin "Şeyx Rəhmətullah" komediyasına musiqi bəstələmişdir. Vaxtilə Xalq artisti Məlik Dadaşovun "Qaravəlli" xalq teatrında səhnəyə qoyduğu bu musiqili komediyanın "şirin və lirik melodiyaları" (A. Ağazadə) tamaşaçılar tərəfindən hərarətlə qarşılanmışdır.[3]
Bəstəkar bu uğurundan fərəhlənərək "Boyaqçı Kərim" adlı ikinci operettasını da yazmışdır.[3] Vaxtilə hər iki əsər Azərbaycan televiziyası ilə nümayiş etdirilmişdir.
Hacıbaba Həsənovun şəxsi arxivində bəstəkarın öz əli ilə yazdığı bir dəftərçə də vardır. O bu dəftərçəyə mahnı və romanslarının, süitalarının, marşlarının adlarını, yaranma tarixini, janrını qeyd etmişdir. Bu qeydlərdən bəlli olur ki, Hacıbaba Həsənov ilk musiqi əsərini 1934–1935-ci illərdə, lap gənc yaşlarında yazmışdır.
Həkim-bəstəkarın 150-yə qədər mahnı və romansının, süitasının heç də hamısı ifa olunmayıb.
Hacıbaba Həsənov ömrünün son bir ilini çox ağır keçirib. Xəstəlikləri düzgün təyin etməkdə çox mahir olan bu həkim-bəstəkar yarızarafat, yarıgerçək deyirmiş ki, özüm həkiməm, amma 12 dərdim var.
Unudulmaz bəstəkar 2 fevral 1997-ci ildə vəfat etmiş və doğulduğu Əhmədli kənd qəbiristanlığında dəfn olunmuşdur.
2022-ci ildə pedaqoji elmlər doktoru, professor Vidadi Xəlilovun H. Həsənov haqqında yazdığı "Hacıbaba Həsənovun musiqi dünyası" kitabı işıq üzü görmüşdür.
Tələbəsi Natiq Səfiyev "Müəllimim" adlı məqaləsində Hacıbaba Həsənovu yad edərək yazır:
"Hacıbaba Həsənov mənim müəllimim olub. APİ-nin ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsində ibtidai sinifdə tədris edilən bütün fənlər üzrə dərslər keçirilirdi. Hesab, təbiətşünaslıq, bədən tərbiyəsi, əmək dərsləri ilə yanaşı, musiqi və nəğmədən də məşğələlərimiz olurdu. Burada hörmətli bəstəkarlarımız Şəfiqə Axundova və Hacıbaba Həsənov musiqi və nəğmə dərslərini tədris edirdilər. Bu məşğələləri biz səbirsizliklə gözləyərdik. O vaxt Hacıbaba Həsənovun mahnıları sevimli müğənnilərimiz tərəfindən həvəslə oxunurdu. Hacıbaba Həsənov çox sadə, diqqətcil, mehriban bir insan idi. O, hər kəslə elə davranırdı ki, onu öz yaxının və doğman hesab edirdin. O vaxt onun populyar mahnıları olan "Tarçalan oğlan", "Xatirələr", "Unuda bilmirəm", "Eşqimin növrağı"nı sevə-sevə oxuyurduq. Az-çox səsim olduğundan o mənə deyərdi: "Natiq, sən mütləq oxumalısan, sənin gözəl səsin var". Çox təəssüflənirəm ki, hörmətli müəllimimin sözlərinə qulaq asmadım. O, dərsləri elə maraqlı keçirdi ki, 90 dəqiqənin nə vaxt gəlib ötdüyünü belə hiss etməzdik"[5].