Henri Martin Liland

Henri Martin Liland (16 fevral 1843[1][2]26 mart 1932[1][2], Detroyt, Miçiqan) — ABŞ mühəndisi

Henri Martin Liland
Doğum tarixi 16 fevral 1843(1843-02-16)[1][2]
Vəfat tarixi 26 mart 1932(1932-03-26)[1][2] (89 yaşında)
Vəfat yeri
Fəaliyyəti ixtiraçı, mühəndis, iş adamı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

16 fevral 1843-cü ildə Barton şəhərciyi yaxınlığında (Vermont ştatı, ABŞ) fermer ailəsində anadan olmuşdu. 1857-ci ildə Lilandlar ailəsi Massaçusetsə köçdü. İmkansız ailələrdən olan oğlanların çoxu kimi, gələcək konstruktor da erkən yaşlarından işləməli oldu. Öz işçi karyerasına Liland trikotaj fabrikində başladı. Hər şeylə maraqlanan və hər şeyi tez qavrayan Liland zaman keçdikcə mexanik peşəsinə yiyələndi və bir sıra müəssisələrdə mexanik kimi uğurla işlədi.

Əgər 1861-ci ildə ABŞ-də şimal və cənub ştatları arasında vətəndaş müharibəsi başlamasaydı, bəlkə də, Lilandın taleyi başqa cür olacaqdı. Cəbhəyə silah tələb olunurdu. Silahqayırma müəssisələrində ixtisaslı mexaniklər böyük pullar qazanmaq imkanına malik idilər. Liland "Kolt" fabrikinə işə düzəldi, bu fabrik o vaxtlar detalların standartlaşdırılması və dəqiq ölçülərə uyğun hazırlanması sahəsində lider idi və məşhur "Kolt" tapançasının buraxılışı sayəsində ad qazanmışdı. Bu fabrikdə qazandığı pullar və əldə etdiyi təcrübə Linkolna 1880-ci ildə öz şəriki ilə birlikdə "Liland and Falkoner" şirkətini təsis etmək imkanı verdi. Bu şirkət buxar maşınlarının və gəmi motorlarının hazırlanması üzrə ixtisaslaşmışdı.

1896-cı ildə müəssisə velosiped detalları, sonra isə avtomobil mühərrikləri hazırlamağa başladı. Özü də məhsulların keyfiyyəti o qədər yüksək idi ki, 1901-ci ildə Reysom Olds Lilanda özünün "Oldsmobil"i üçün mühərriklər hazırlamaq barədə sifariş verdi. Sifariş düz vaxtında yerinə yetirildi, özü də mühərriklərin gücü sifariş edildiyi kimi 3 deyil, 3,7 at gücünə bərabər idi. Bu işi ilə Liland yüksək ixtisaslı mütəxəssis kimi nüfuz qazandı və 1902-ci ildə Henri Forddan onun yanında işləmək barədə dəvət aldı. Lakin Fordun baş mühəndis işlədiyi Detroyt avtomobil zavodu məhz həmin dövrdə iflasa uğradı. Lilanddan xahiş olundu ki, zavodun avadanlıqlarını qiymətləndirsin və onu satışa hazırlasın.

Ola bilsin ki, məhz o vaxt Lilandın ağlına müəssisəni yenidən təşkil etmək və orada yüksək səviyyəli avtomobillər hazırlamaq fikri gəldi. Ford və Liland yeni firmanı Luiziananın əfsanəvi qubernatoru və Detroyt şəhərinin banisi markiza de Kadilyakın şərəfinə adlandırmağı qərara aldılar. Beləliklə, 1902-ci ilin avqustunda məşhur "Cadillac Motor Car Company" yarandı. Liland yeni şirkətin direktoru və texniki məsləhətçisi oldu.

Bir müddət sonra müəssisə avtomobillərin seriya ilə buraxılışına başladı. Lilandın vəzifəsi yeni texnologiyaların tətbiqindən və avtomobillərin təkmilləşdirilməsindən ibarət idi. Silahqayırma zavodunda qazandığı təcrübə burada onun işinə yaradı. Liland tapança istehsalında tətbiq edilən prinsipi burada tətbiq etməyi qərara aldı. Tapançalar elə hazırlanırdı ki, bir tapançanın detallarını başqa tapançanın detalları ilə əvəz etmək mümkün idi. İstənilən vaxt onlarla tapançanı sökmək, onların detallarını bir-biri ilə əvəzləmək və sonra silahları yenidən yığmaq olardı. Bu əməliyyatdan sonra bütün tapançalar öz döyüş qabiliyyətini saxlayırdı.

Avtomobilin konstruksiyasını xeyli dərəcədə yaxşılaşdırmağa Lilandın dostu Bayron Karterin ölümü sövq etdi. Zavodun istehsal etdiyi dəstəyin vasitəsilə öz "Cadillac"ını işə salarkən Karter o qədər ciddi xəsarətlər aldı ki, bir neçə saatdan sonra vəfat etdi. Xəsarətlərə səbəb o idi ki, mühərrik işə düşdükdən sonra dəstək sürətlə fırlanmağa başlamışdı. Liland dostunun bu cür ölümündən çox sarsıldı və and içdi ki, onun hazırladığı avtomobillər daha heç kimi öldürməyəcək. Beləliklə, şirkət avtomatik starter hazırlamağa başladı. Bir ildən sonra, 1911-ci ildə "Cadillac" avtomobillərində Çarlz Ketteringin hazırladığı elektrik starterləri peyda oldu. 1912-ci ildən başlayaraq elektrostarter avtomobilin standart avadanlığına çevrildi.

1917-ci ildə Liland General Motors-u tərk etdi və bir müddətdən sonra "Lincoln Motor Company" şirkətini yaratdı. Az sonra məşhurlaşan bu firma 12 silindrli aviasiya mühərriklərinin buraxılışı üzrə ixtisaslaşmışdı. Bu mühərriklər Birinci Dünya müharibəsi illərində Amerika təyyarələrində tətbiq edilirdi. Avtomobilqayırma sahəsindəki xidmətlərinə görə Lilandın adı Detroytda (ABŞ) "Avtomobil sənayesinin şöhrət zalı"nın divarlarına həkk olunaraq əbədiləşdirildi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 Henry Martyn Leland // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 Henry M. Leland // GeneaStar.