Herat döyüşü — 1729-cu il iyul ayında səfəvilər və Abdali əfqanları arasında baş verən döyüş[1]
Herat döyüşü | |||
---|---|---|---|
Nadirin yürüşləri | |||
| |||
Tarix | iyul, 1729 | ||
Yeri | Herat, Əfqanıstan | ||
Nəticəsi | Mütləq Səfəvi qələbəsi. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
|
Kafirqala zəfərinin xəbəri Nadir xana çatdıqdan sonra o, Hacı bəy Əfşara vaxt itirmədən abdali ordugahı və hisarına doğru hərəkət etməyi əmr etdi. Özü isə piyada qüvvələri ilə birlikdə süvarilərin ardınca yola düşdü. Qarşıdakı döyüş hər iki tərəf üçün həlledici əhəmiyyət kəsb edirdi. Hansı taktikanı seçməmişdən əvvəl Nadir düşmənin döyüşqabağı mövqelərini öyrəndi.[1] Bunun üçün tanınmış sərkərdələrindən olan Niyazqulu bəy Qacarı, Səlim bəy Mərvini, Allahqulu bəy Əfşarı, Canəli bəyi və yüz nəfərlik bir dəstəni özü ilə götürüb əfqanlara yaxın olan bir nöqtəyə yollandı, oradan əfqanların qüvvələrini və döyüş mövqelərini müşahidə etdi. Nadir əfqanların döyüşqabağı düzülüşünə əsasən hansı taktikaya əl ata biləcəklərini müəyyənləşdirdi. Nadir belə bir qənaətə gəldi ki, əfqanlar uğur qazanmaq üçün bütün istiqamətlərdən hücuma keçməyi planlaşdırırlar. Onların bu niyyəti Nadirə də qoşununu müvafiq şəkildə qruplaşdırmağa imkan verdi. O, topçuları, zənburəkçiləri və tüfəngdarları dörd dəstəyə böldü və hər dəstəni bir istiqamətdə yerləşdirərək qoşunun dörd tərəfdən atəş müdafiəsini təmin etdi. Əfqanlar hansı istiqamətdən hücum edərdilərsə, həmin istiqamətdən Nadir qoşununun atəş zərbəsi ilə qarşılaşmalı olacaqdılar. O, üç min nəfərlik xüsusi bir dəstə yaradıb qoşunların mərkəzində yerləşdirdi və həmin dəstəyə tapşırıq verdi ki, əfqan süvariləri hansı istiqamətdən tüfəngdarların üstünə hücum edərsə, o istiqamətdən əfqanlara qarşı döyüşə qoşulsun. Bütünlükdə isə, Nadir öz qoşununu beş xətt üzrə eşelonlaşdırdı. Ön sırada toplar, ikinci sırada zənburəklər, üçüncü sırada cəzayirçilər (ağır tüfənglərlə silahlananlar), dördüncü sırada tüfəngdarlar (yüngül tüfənglərlə silahlananlar) və nəhayət beşinci sırada isə piyadalar mövqe tutdular. Mənbələrdə göstərilməsə də çox güman ki, süvarilər də arxa sıralarda mövqe tutmuşdular. Nadirin düşündüyü plana görə nəzərdə tutulmuşdu ki, əfqanlara ilk zərbəni topçular vursun. Əfqanlar böyük sürət nümayiş etdirib topçuların xəttini aşsaydılar onda zənburəklərin zərbəsi altına düşəcəkdilər. Zənburəkçilərin sırası da yarılsa idi, onda əfqanlar ağır və yüngül tüfənglərin atəşi altına düşməli idi. Əgər əfqanlar onların da sırasını yarıb Nadir qoşunlarının mövqelərinin mərkəzi hissəsinə yol tapsaydılar, onda piyadalar döyüşün ağırlığını öz üzərinə götürməli və əfqanların hücumunun qarşısını almalı idilər. [2]
Döyüşqabağı mövqelərdə möhkəmləndikdən sonra Nadir iki gün əvvəlki döyüşlərdə xüsusi fərqlənmiş Niyazqulu bəyə tapşırıq verdi ki, bir dəstə ilə döyüş meydanına atılsın və əfqanları döyüşə girməyə sövq etsin. Niyazqulu bəyin irəli çıxması ilə əfqanlar tərəfindən də İsfəndiyar bəyin rəhbərliyi altında bir dəstə qabağa atıldı və bu dəstələr arasında döyüş başladı. Həmin dəstələr arasında döyüş bir saat davam etdi. Göstərilən vaxt ərzində əfqanların sayı artmağa başladı. Qarşı tərəfin sayının artmasının Niyazqulu bəyin dəstəsi üçün təhlükəli ola biləcəyini görən Nadir bu dəstəni geriyə çağırdı. Niyazqulu bəyin geri çəkilən dəstəsi əfqanlar tərəfindən təqib olundu. Bunun ardınca əfqanların əsas qüvvələri də döyüşə qoşulub Nadir qoşunlarının üzərinə hücuma keçdilər. Ola bilsin ki, Nadir Niyazqulu bəyin dəstəsini geri çəkməklə əfqanları daha irəli gəlməyə sövq etmək və bununla da onları top atəşinin təsiri altına salmaq istəyirdi. Əfqanlar irəliyə atılaraq Nadirin mövqelərinin ilk xəttinə, topların yerləşdiyi mövqelərə çatdılar. İtkilər verməsinə baxmayaraq əfqanlar böyük sürətlə hücumlarını davam etdirərək Nadirin nəinki topçularının, hətta zənburəkçilərinin və cəzayirçilərinin mövqelərini də arxada qoydular. Hər xətdə baş verən gərgin döyüşlər əfqanların müqavimətini qırmağa bəs etmədi.[3] Nadirin bəlkə də gözləmədiyi halda əfqanlar tüfəngdarların da mövqelərini arxada qoyub qoşunların mərkəzinə qədər irəliləyə bildilər. Başlıcası isə əfqanlar bir neçə döyüş xəttini adlayaraq hələ də güclü döyüş aparmaqda davam edirdilər. Malik olduqları say üstünlüyü isə əfqanlara əldə edilən uğurları genişləndirməyə imkan verirdi. Döyüşün gedişində dəyişiklik yaradılmayacağı təqdirdə daha ağır nəticələr qarşıya çıxa bilərdi. Nadir üç minlik süvari dəstəsi ilə döyüş meydanının ən həssas nöqtəsinə atılıb əvvəlcə əfqanların qarşısını aldı, onlara ağır zərbə endirdi. Nəticədə əfqanların az bir hissəsi döyüşdən salamat çıxıb geri qaçmağa başladı. Nadirin əmri ilə onun sərkərdələri qaçan əfqanları təqib etdilər və onlara daha çox itkilər yetirdilər.
"Aləm Ara-ye Naderi"də mövcud olan məlumata görə, son dərəcə gərgin keçən bu döyüşdə Nadirin qüvvələrindən 280 nəfər, əfqanlardan isə 28 min nəfər həlak oldu . Nadirin ən istedadlı sərkərdələrindən olan Niyazqulu bəy də bu döyüşdə qarşı tərəfdən atılan güllənin qurbanı oldu.[4] Bu sərkərdənin həlak olması Nadiri son dərəcə kədərləndirdi. Onun göstərişi ilə Niyazqulu bəyin cənazəsi Məşhədə göndərildi və İmam Rzanın məqbərəsi yanında dəfn edildi. Bu sərkərdənin yaxınları və qohumları isə Nadir tərəfindən maliyyə təminatına götürüldü. Əfqanlar üzərində qazanılan bu qələbə həm Nadir üçün, həm də Şah Təhmasib üçün əhəmiyyətli bir qələbə idi. Həmin qələbə ilə abdali əfqanlarına güclü zərbə endirildi və onların iradəsi qırıldı. [5]