Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturlarından biri. Zavodun təməli 1978-ci ildə qoyulmuşdur.[1]
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu | |
---|---|
Ümumi məlumatlar | |
Təsis tarixi | 1978 |
Baş qərargahın yeri | Azərbaycan, Salyan şosesi, Bakı, Qaradağ rayonu |
bdoz-socar.az |
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun təməli 1978-ci ildə qoyulmuşdur. 1984-cü ildə istismara verilən BDÖZ dənizin 200 metrədək dərinliyində quraşdırılmaq üçün dərin özüllər istehsal edən nəhəng sənaye müəssisəsidir.
Ümumi istehsal gücü ildə 60 000 ton metalkonstruksiya olmaqla, müxtəlif dərinliklərdən asılı olaraq ildə 2-3 dərin dəniz özülü yığmağa imkan verir.
1985-ci ildə quraşdırılmış ilk stasionar dəniz platforması hazırda Günəşli neft yatağında istismar olunur. Zavod 1986-cı ildə layihə gücünə çatdırılmışdır.
Zavodda ötən dövr ərzində 178 mertədək dərinlik üçün 12 dəniz platforması hazırlanmışdır. 1992-ci ildə ilk dəfə olaraq "Bp" şirkəti üçün Şimal dənizində quraşdırılmaq məqsədilə boruların hazırlanması üzrə kontrakt BDÖZ-də uğurla həyata keçirilmişdir.
Zavodun mövcudluğu "Əsrin müqaviləsi"nin bağlanması üçün təməl yaratdı və bu da Azərbaycanın iqtisadi inkişafını bir çox illər öncədən müəyyənləşdirdi. "Əsrin müqaviləsi" imzalanmazdan əvvəl burada artıq dənizin 100-163 metrədək dərinliyindən neft və qaz çıxarmaq üçün 11 stasionar platforma quraşdırılmışdı. 1995-ci ildən başlayaraq BDÖZ beynəlxalq enerji bazarının nəhənglərindən olan "British Petroleum" (bp), "Petrofac", "McDermott", "Caspian Shipyard Company" LTD, "Star Gulf FZCO" şirkətləri ilə əməkdaşlığa başlayaraq iş keyfiyyətini yeni səviyyəyə qaldırdı.[2]
1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalandıqdan sonra Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən bütün neft layihələrində BDÖZ fəal iştirak edir.
Prezident İlham Əliyevin 2004-cü il martın 10-da imzaladığı "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" fərmanı ilə BDÖZ-ə öz yaradıcısının - Ulu Öndərin adı verilib. Müəssisə bu adı şərəflə daşıyır.[2]
2003-cü il noyabrın 24-də Prezident İlham Əliyev BDÖZ-ün 25 illik yubileyi münasibətilə təkil olunan tədbirin sonunda jurnalistlərin suallarını cavablandıraraq zavodun əhəmiyyətini vurğulayaq bildirmişdir:
Bu zavod elə-belə zavod deyil, onun yaradılması da tarixi hadisədir. Burada deyildi, əgər 25 il əvvəl bu zavod Azərbaycanda tikilməsəydi, bəlkə də bu layihələr belə uğurla həyata keçirilməzdi. İlk növbədə burada görülən işlərin sürəti azaldılacaqdı, yeddi il yubanma ola bilərdi. Ümumi xərclər 700 milyon dollar arta bilərdi. Əlbəttə, zavodun Azərbaycanda tikilməsi məhz o vaxt Heydər Əliyevin fəaliyyəti nəticəsində olubdur. O vaxt mərkəzi hökumət bu zavodu Həştərxan şəhərində tikmək qərarına gəlmişdi. Amma Heydər Əliyevin müdaxiləsindən sonra zavod Azərbaycanda tikildi. Bu gün burada 3500 azərbaycanlı işləyir, yüksək maaş alır... Neft sektoru uğurla inkişaf edir. Neft sektorunda əldə olunan nəticələr ancaq cənab Prezident Heydər Əliyevin adı ilə bağlıdır. Əgər o, gərgin vaxtlarda təşəbbüs, qətiyyət göstərməsəydi, bu layihələr elə layihə olaraq qalacaqdı.[2] |
13 aprel 2017-ci ildən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna Roman Nağıyev yeni direktor təyin edilib. O, bundan əvvəl şirkətin “Azəriqaz” İstehsalat Birliyində çalışıb.[3]