Bakı-Tbilisi-Ceyhan neft kəməri

Bakı-Tbilisi-Ceyhan boru xətti və ya rəsmi adı ilə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri[1] — Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli, Şahdəniz yataqlarından Türkiyənin Ceyhan limanına, oradan Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəqli kəməri.[2]

Bakı-Tbilisi-Ceyhan neft kəməri
Ümumi məlumatlar
Tipi neft kəməri
Başlayır Səngəçal terminalı, Bakı, Azərbaycan
Bitir Ceyhan, Türkiyə
Açılış tarixi 13 iyul 2006
İstismara verilib 2006-cı il
Operatoru BP
Sahibi TotalEnergies
Tərəfdaşlar BP, SOCAR, Chevron, Statoil, Türkiye Petrolleri Anonim Ortaklığı, Eni, Total, Itochu, Inpex, ConocoPhillips, Hess Corporation
Uzunluğu 1768 km
Diametri 865-1070 mm
Ötürücülüyü gündəlik 1 milyon barrel m³/il
Yerləşməsi
Ölkələr
Bakı–Tbilisi–Ceyhan neft kəməri (Bakı-Tbilisi-Ceyhan neft kəməri)
Sanqaçal
Ceyhan
Kəmərin başı və sonu xəritədə:

40°10′10″ şm. e. 49°27′30″ ş. u.HGYO

37°02′ şm. e. 35°49′ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bundan əlavə, Türkmənistandan gələn xam neft də bu boru kəməri ilə nəql edilir və 2013-cü ilin oktyabr ayından etibarən Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkəti (BTC Co) Qazaxıstanda hasil edilən Tengiz xam neftinin bir hissəsini də BTC boru kəməri vasitəsilə nəql etdirməyə başladı. Bütün Xəzər regionu üzrə strateji əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan Magistral İxrac Boru Kəmərinin işə salınması üçün intensiv işlər həyata keçirilmişdir. BTC boru kəməri regionda hasil edilən getdikcə artan neft həcmini dünya bazarlarına nəql etməyə imkan verir, çoxşaxəli beynəlxalq iqtisadi əməkdaşlığın inkişafını və bu sahədə Azərbaycanın uzun müddətli maraqlarını dəstəkləyir.[2]

Uzunluğu 1768 kilometr olan xəttin Azərbaycandan (443 km), Gürcüstandan (249 km) və Türkiyədən (1076 km) keçir. Boru xəttinin diametri Azərbaycan və Türkiyə daxilində 42 düym (106,68 santimetr), Gürcüstanda isə 46 düymdür (116,84 santimetr). Türkiyədə Ceyhan Dəniz Terminalına doğru son hissəsində boru xəttinin diametri azalaraq 34 düyməyə (86,36 santimetr) enir.

Poçt markası (2003).

1994-cü ilin sentyabr ayında Bakıda Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının istifadə edilməsi barədə "Əsrin müqaviləsi" adlanan müqavilə imzalandı.

Bakı-Tbilisi-Ceyhan boru xəttidən sonra Azərbaycanda və Qafqazda ən böyük layihə Bakı-Tbilisi-Qars dəmiryolu xətti dəmiryolu layihəsidir.

Bakı-Tbilisi-Ceyhan ilə əlaqədar ən əhəmiyyətli hadisələrdən biri 1999-cu il noyabr ayının 18-də İstanbulda keçirilən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) konfransında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin o zamankı Prezidentləri Eduard ŞevardnadzeSüleyman Dəmirəlin iştirakı ilə "Xam Neftin Bakı-Tbilisi-Ceyhan Magistral İxrac Boru Kəməri vasitəsilə Azərbaycan, GürcüstanTürkiyə ərazilərindən nəql edilməsi" haqqında saziş imzalanmışdır. 2006-cı ilin iyun ayından istismara verilən BTC boru kəməri Bakı-Tbilisi-Ceyhan Boru Kəməri Şirkəti (BTC Co) tərəfindən tikilib. BTC boru kəmərinin Azərbaycan və Gürcüstan ərazilərində yerləşən hissələrinin operatoru BTC Co.-nun səhmdarları adından BP, Türkiyədə yerləşən hissəsinin operatoru isə BOTAŞ International Limited (BIL) şirkətidir. BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il may ayının 10-da başlanıldı və xam neft Ceyhan terminalına 2006-cı ilin may ayının 28-də çatdı. Kəmərin doldurulması üçün təxminən 10 milyon barel neft tələb olunmuşdur. BTC boru kəməri ilə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı ilin iyun ayının 4-də yola salınmışdır.[2]

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti BTC layihəsində iştirak etmək məqsədi ilə "AzBTC Co." törəmə şirkətini yaratmışdır. Bu şirkət layihənin iştirakçıları olan neft şirkətlərinin konsorsiumu tərəfindən yaradılmış "BTC Company" şirkətində 25%-lik paya malikdir. "AzBTC Co." şirkəti daxil olmaqla, layihənin bütün iştirakçıları layihənin dəyərinin 30%-lik hissəsini öz vəsaitləri hesabına, qalan 70%-lik hissəsini isə beynəlxalq maliyyə institutlarından, ixrac kredit agentliklərindən və kommersiya banklarından cəlb edilmiş kredit vəsaitləri hesabına maliyyələşdirirlər. Azərbaycan dövləti adından Azərbaycan "BTC Co." şirkətindəki 80%-lik payın təmsilçisi kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (İN) çıxış edir.[3]

Bu payın maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən həyata keçirilmişdir. BTC layihəsində Azərbaycan Respublikasının iştirakının təmin edilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi, o cümlədən ölkənin iştirak payının maliyyələşdirilməsi ilə bağlı məsələlər "Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsi haqqında" Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin 30 iyul 2002-ci il tarixli Fərmanı ilə tənzimlənir.[3]2010-cu ildə kəmərlə illik nəqletmə ən yüksək göstəriciyə — 286 milyon 214 min barrelə çatıb. 2019-cu ildə Bakı–Tbilisi–Ceyhan boru kəməri vasitəsilə təqribən 31 milyon ton, yəni 233 milyon barrel xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 296 tankerə yüklənib.[4]2013-cü ilin oktyabr ayından etibarən BTC boru kəməri ilə yenidən müəyyən həcmlərdə Qazaxıstandan gələn Tengiz xam neftinin nəqlinə başlanılıb. Bundan əlavə, boru kəməri vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən TürkmənistanRusiya nefti nəql olunur. 2021-ci ilin birinci rübündə BTC üzrə əməliyyat xərclərinə təqribən 41 milyon dollardan çox, əsaslı xərclərə isə 6 milyon dollar sərf edilib.[4]

"BTC Co."nun səhmdarları: BP 30,1 faiz, "AzBTC" 25 faiz, MOL 8,9 faiz (bu il aprelin 16-dan "Chevron" şirkətini əvəz edib), "Equinor" 8,71 faiz, "TPAO" 6,53 faiz, "Eni" 5 faiz, "Total" 5 faiz, "Itochu" 3,4 faiz, "Inpex" 2,5 faiz, "ExxonMobil" 2,5 faiz və "ONGC (BTC) Limited" 2,36 faiz təşkil edir.[4]

2002-ci ildən 1 fevral 2007-ci il tarixinədək olan dövr ərzində ümumilikdə 298 milyon manat məbləğində vəsait Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə yönəldilmişdir.[3]

BTC boru kəməri layihəsinin ilkin qiyməti 2,95 milyard ABŞ dolları həcmində nəzərdə tutulsa da, sonda bu rəqəm 4,3 milyard dollara çatıb, bank kreditlərini nəzərə aldıqda isə bu xərclərin 5 milyard dolları ötdüyü üzə çıxır. Layihənin bahalaşmasının bir sıra səbəbi var. Bunlardan biri tikinti xidmətlərinin qiymətinin artmasıdır ki, bu da neft və başqa enerji daşıyıcılarının qiymətinin artması ilə əlaqədardır. Bundan başqa, əlavə xərclər boru kəmərinin GürcüstanTürkiyə ərazisində tikintisi zamanı meydana çıxıb. Gürcüstanda Borjomi dərəsinin ekoloji təhlükəsizliyi ilə bağlı yaranmış qalmaqal müxtəlif vaxtlarda tikinti işlərinin 45 gün dayanmasına səbəb olub. Nəticədə təbiəti mühafizə işləri üçün təxminən 100 milyon dollar əlavə vəsait sərf olunub. BTC-nin Türkiyə ərazisindəki tikintisi ilə bağlı BTC Co. boru kəməri şirkətinin səhmdarlarına 333 milyon dollar həcmində əlavə vəsait ayırmalı olub. Kəmərin Türkiyə hissəsini tikən BOTAŞ şirkəti xərclərin artmasının səbəbini sifarişçinin- BP-nin göstərişi ilə bəzi yerlərdə layihənin dizaynına dəyişikliklər edilməsi, həmçinin ətraf mühitin qorunmasına dair əlavə işlərin görülməsi ilə izah edib. Öncə neftlə dolu ilk tankerin Ceyhandan 2005-ci ilin martında yola düşəcəyi planlaşdırılırdı. Sonra bu tarix müvafiq olaraq 15 may 2005-ci il, 1 oktyabr 2005-ci il, mart 2006-cı il, 31 may 2006-cı ilə keçirilib. Sonda Azərbaycan neftini daşıyan ilk tanker Ceyhandan 2 iyun 2006-cı ildə yola düşüb.

Kəmərin istismar müddəti 40 ildir və hazırda orta ötürücülük qabiliyyəti gündəlik 1,2 milyon barreldir. Səngəçal terminalından Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan terminalınadək uzanan kəmərin çəkilməsinə təxminən 4,5 milyard dollar vəsait xərclənib. Hazırda kəmər vasitəsilə ildə 60 milyon ton neft nəql etmək mümkündür. Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan, Gürcüstan, Türkiyə və bütövlükdə bölgə, Avropa və ümumən dünya üçün iqtisadi və siyasi baxımdan, eləcə də enerji təhlükəsizliyi cəhətdən çox böyük əhəmiyyətə malik olmaqla yanaşı, Türkiyənin Qara dəniz boğazlarının həddən artıq yüklənməsinin də qarşısını alıb.[4]

Xatirə sikkələri

[redaktə | mənbəni redaktə et]


  1. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı". e-qanun.az (ingilis). 2023-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-14.
  2. 1 2 3 "Bakı Tbilisi Ceyhan (BTC) Neft İxrac Boru Kəməri" (az.). www.socarmidstream.az. Archived from the original on 2023-03-30. İstifadə tarixi: 30 mart 2023.
  3. 1 2 3 "BTC-nin tarixi" (az.). www.oilfund.az. Archived from the original on 2023-03-30. İstifadə tarixi: 30 mart 2023.
  4. 1 2 3 4 "Bakı–Tbilisi–Ceyhan neft boru kəmərinin istismara verilməsindən 15 il ötür" (az.). www.trt.net.tr. Archived from the original on 2023-03-30. İstifadə tarixi: 30 mart 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]