Heydər Almazovun Türbəsi (Pirətavan) — Yerli camaatın Pirətavan adlandırdığı bu türbənin adı Piri-taun (taun xəstəliyinə şəfa verən yer) söz birləşməsinin təhrif olunmuş şəklidir.[1] Bu türbədə iki məzar var. Onlardan biri Soltan digəri isə Mirkəlaməddin adlı şəxslərə məxsusdur. Heydər Almazov adlı imkanlı şəxs 1894-cü ildə bu qəbirlərin üzərində gördüyümüz bu türbəni tikdirir və türbə rəsmi tarixi sənədlərə onun adı ilə, yəni "Heydər Almazov türbəsi" kimi qeyd olunur.
Heydər Almazovun türbəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Neftçala |
Tikilmə tarixi | 1893-1894 |
Üslubu | Abşeron-Şirvan memarlıq məktəbi |
Vəziyyəti | Fəaliyyət göstərir |
Kateqoriya | Türbə |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Akademik D.Born "Bibiheybət" məqbərələrində tədqiqat işi apararkən bu kompleksin Səfəvilər dövlətinin, xüsusilə I Şah Abbasın dövrünə təsadüf olduğunu sübut etmişdir. Məhz bu tədqiqatlara əsaslanaraq bu ziyarətgahın XVII əsrdən çox əvvələ aid olduğunu görə bilərik[2].
Türbənin inşası hicri tarixi ilə 1311-ci ildə (miladi təqvimlə 1893-1894-cü illərdə) başa çatmışdır.[1]
Türbə Neftçalanın təxminən 3 km. qərbində salınıb. Vaxtilə qəbristanlığın yeri dəniz sahili olmuşdur. Dəniz çəkildikdən sonra ərazi İsmilli kəndi adlandırılıb. Hazırda İsmilli kəndi yoxdur[1].
1853-cü ildə Bakının Mərdəkan kəndində anadan olmuş Heydər ömrünü xeyriyyəçiliklə keçirmiş, var-dövlətini el-oba yolunda sərf edən alicənab şəxs olmuşdur. Neftçalada - Xəzər sahilindəki Qoltuq kəndində balıq vətəgəsi yaratmış, o vaxtlar yerli camaatın axın-axın ziyarətə gəldiyi məzar daşları üzərində türbə inşa etmək qərarına gəlmişdir.Türbənin Heydər Almazov tərəfindən tikilməsinin sübutu kimi giriş portalındakı kitabə üzərindəki yazıları göstərmək olar. Bakıdan gəmilərlə gətirilən ağ daşları araba ilə o vaxtkı İsmilli kəndinə daşıyan yerli camaat hicri tarixi ilə 1311-ci ildə xüsusi memarın şifahi layihəsi əsasında indi də əzəmətini qoruyan Pirətavanın (Piri-taunun) inşasını başa çatdırmışlar[1].
Türbə inşa edilmədən öncə orda olan qəbirlər haqqında bir çox rəvayətlər mövcuddur.
Rəvayətə görə bir vaxtlar burada möcüzəyə bənzər hadisə baş vermiş, Soltan Qeyzin, Xızr peyğəmbərin gözə görünməsi haqqındakı deyimlər yaddaşa da, xalq danışıq dilinə də iz salmış, beləliklə, "Pirətavan" sözünün önünə "Soltan" sözü əlavə edilmişdir[2]. |
Digər bir rəvayətə görə, insanlar dəniz sahillərində yaşayaraq balıqçılıqla məşğul olublar. Dənizin sahillərində çoxlu balıq vətəgələri olub. Ən çox balıq olan yeri "cirbi" adlandırıblar. Deyilənə görə Heydər Almazov püşk atmada həmin cirbini udduğuna görə niyyətinə sadiq qalaraq buradakı məzar daşının üzərində türbə inşa etmişdir[2]. |
Xalq rəvayətinin başqa bir versiyasına görə, bu ərazilərdə sadə bir çoban qoyun sürüsünü otaran vaxt indiki ziyarətgahın yerində qara çarşablı qadının ceyran sağdığını görür. Hər gün günorta azanı vaxtında bu hadisə eynilə təkrarlanırmış. Onlar bu əraziyə gələrək qadının ceyranı sağdığının şahidi olublar. Bir müddət sonra bu yerdə möcüzəyə bənzər heyvan sümüyü görüblər. Bir az keçmiş dənizin ləpə döyən hissəsindən su ilə birlikdə 10-12 ədəd sümüklərin də ətrafa yayılaraq tək sümüyün ətrafında dövrə vurduğunun şahidi olublar. Onlar bunu imam övladı və onun ətrafında dövrə vuranları isə 12 imam şiələrinin möcüzəsilə əlaqələndirərək bu yerdə daş qoymuş və oranı ziyarətgaha çevirmişlər[2]. |
Bu daş günümüzə qədər gəlib çatmamışdır.Bəzi fikirlərə görə həmin qara çarşablı qadın Hökümə xanım orada dəfn olunan isə qardaşı şiələrin 8-ci imamı İmam Rzadır. Türbənin yaranması haqqında ən maraqlı əhvalat budur:
Xalq arasında rəvayət edilir ki, bu ərazi əvvəlllər böyük şəhər olub. Təbii proseslər nəticəsində dəniz səviyyəsinin artması şəhərin su altında qalmasına səbəb olub. Sonralar dəniz çəkilərkən çəhərin xarabalıqlarının yerində insanların az yaşadığı kənd yaranıb. Bu kənddə mömin bir kişi yaşayırmış.Rəvayətə görə bu şəxsin adı Soltan olub. Mömin insan hər səhər və axşam vaxtı hazırkı müqəddəs yerin ərazisində şam yandığını görərmiş. İnsanlara bu hadisəni başa sala bilmədiyi üçün Allaha dua edib onu bu bəladan xilas etməyi diləyib. İlahi tərəfdən ona vəhy gəlib ki, bura müqəddəs insanlardan birinin qəbri olub və bu şam onun nişanəsidir.Kənd camaatı şam işığının yandığını gördükdən sonra bu hadisəyə inanmış, buranı müqəddəs ziyatərgaha çevirmiş, hətta mömin şəxs olan Soltan kişini dünyasını dəyişdikdən sonra burada dəfn etmişlər[2].
|
Böyük əraziyə malik qəbristanlıqla əhatə olunmuş Heydər Almazov türbəsi düzbucaqlı plana malik üzəri dairəvi gümbəzlə örtülü olan türbə binasından ibarətdir.
Türbənin qərb tərəfində bir neçə baş daşı abidələri vardır. Lakin üzəriləri suvandığından onların kitabəsini oxumaq mümkün deyil.
Giriş portalındakı kitabədə(0,59x0,36m) nəsx xəttilə ərəbcə bu sözlər yazılmışdır: "Bu pirətavanın memarı Heydərdir. Üsta Məhəmməd. 1311". Hicri 1311-ci il miladi 1893-1894-cü illəri əhatə edir. Türbə binası şərq və qərb tərəfdən 5,40 metr, arxa və ön tərəfdən 7,80 metrdir. Binanın ümumi hündürlüyü 4,80 metrə bərabərdir. Pirin üzərində dairəvi formaya malik gümbəzin hündürlüyü 3,0 metr, diametri isə 9,50 metrə yaxındır[2].
Türbə daxildən də xaricdən olduğu kimi düzbucaqlı plana malikdir. Belə ki, şərq və qərb tərəfdən dərin çatma tağla, cənub və şimal tərəfdən isə qabarıq üslublu tağla tikilmişdir. Daxildən gümbəzdə cənub, şərq və qərb tərəflərdən pəncərə qoyulmuşdur. Bəzən bunu günəş simvolu kimi də səciyyələndirmək olar. Çünki günəş şərqdən doğur, cənubdan hərəkət edərək qərbdə batır. Çox güman ki, bu açıq səmadan içəriyə işıq düşməsini asanlaşdıran bir memarlıq xüsusiyyətidir. Biz bu cür xüsusiyyətlərə Abşerov-Şirvan memarlıq məktəblərinin İçərişəhərdəki nümunələri olan "Qız qalası", "Sınıq qala" (Məhəhmməd məscidi) və s. abidələrində rast gəlirik.
İçəriyə daxil olarkən giriş qapısından sağ tərəfdə düzbucaqlı və dördtərəfli sənduqə formalı qəbir daşı yerləşir. Sənduqənin uzunluğu 1.70 metr, eni 0.60 metr, hündürlüyü isə yer ilə eyni səviyyədə 1.20 metrə bərabərdir. Sinə daşının üzərində baş tərəfdə üç sətirdən ibarət gözəl nəsx xəttilə kitabə həkk olunmuşdur. Kitabə süls elementli və çox nəfis işlənmiş nəbati ornamentlərlə bəzədilmişdir[2].
Son zamanlar "Soltan Pirətavan" türbəsində aparılan təmir bərpa işləri onun memarlıq xüsusiyyətinə bir-sıra ziyan vurmuşdur. Belə ki, türbənin gümbəz hissəsinin mozaika üslubunda bəzədilməsi onu Abşeron-Şirvan memarlıq nümunələrindən ciddi sürətdə ayırmışdır[2].