Hideo Kanze

Hideo Kanze (観世 栄夫, Kanze Hideo?, 3 avqust 1927[1], Tokio prefekturası[d]8 iyun 2007[1], Tokio[d])Yaponiya aktyoru və rejissoru. Karyerasına no aktyoru kimi başlamışdır. KanzeKita məktəblərinin nümayəndəsi olmuşdur.

Hideo Kanze
yap. 観世栄夫
Doğum tarixi 3 avqust 1927(1927-08-03)[1]
Doğum yeri
Vəfat tarixi 8 iyun 2007(2007-06-08)[1] (80 yaşında)
Vəfat yeri
Vəfat səbəbi kolorektal xərçəng
Təhsili
  • Keyo Universiteti[d]
Fəaliyyəti aktyor, dramaturq
Mükafatları IV dərəcəli "Müqəddəs xəzinə" ordeni

Hideo Kanze 3 avqust 1927-ci ildə Tokioda doğulmuşdur. Yaponiyanın aparıcı no aktyorlarından biri olmuş Qasetsu Kanzenin ikinci oğlu idi. Atasından və babası Kasetsu Kanzedən rəqs dərsləri almış, səhnə performansı debütünü 4 yaşında gerçəkləşdirmişdir. Onun intensiv rəqs təhsili 22 yaşına qədər davam etmişdir. Onun Kanze məktəbinin davamçısı olması gözlənilsə də, 1949-cu ildə mübahisəli şəkildə Kita məktəbinə qəbul olunmuş və Hideo Qoto adını götürmüşdür. Kita məktəbində no aktyoru XIV Roppeyta Kitanın şagirdi olmuşdur.[2]

Kita məktəbində keçirdiyi günlər ona Kanze və Kita məktəblərinin fərqliliklərini müqayisə etməsinə imkan vermişdir. No dünyasının mühafizəkar və feodal təbiətindən bezən Kanze 1958-ci ildə no dünyasını tərk etmiş, şinqeki aktyoru və rejissoru olmuşdur. Gənclərin İncəsənət Teatrı Seyqenin qurucu üzvlərindən biri olmuş (1959–1966), daha sonra Azad Teatra qoşulmuşdur. Şindo Kanetonun filmlərində rol almış, Samuel Bekketinin "Qodonu gözləyərkən" (1973), Bertolt Brextin "Sıçuanlı yaxşı qadın" (1977) tamaşalarını idarə etmişdir. Yeji Qrotovskinin 1978 və 1980-ci illərdə Polşada baş tutmuş vorkşoplarında iştirak etmişdir.[2]

"Mey no Kay" üzvü olan Kanze qardaşı Hisao və Nomura qardaşları ilə birlikdə "Şahin quyusunda" (1970), "Kral Edip" (1971), "Aqamemnon" (1972), "Medeya" (1975) tamaşalarının no versiyalarında çıxış etmişdir. Hisaonun 1979-cu ildəki ölümündən sonra no teatrına qayıtmış və janrlararası mübadiləni gücləndirmək üçün "Haşi no kay" adlı qrup qurmuşdur. O, "yeni no" janrında olan əsərlərdə çıxış etmiş, flamenko rəqsi ilə no rəqsini qarışdırmış, "noperalar"la məşğul olmuşdur.[2]

No dünyasında mühafizəkarlığın yaradıcılığın qarşısını aldığını müdafiə etmişdir.[2] O, performanslarını yaradarkən Konstantin Stanislavskinin metodlarından ilhamlanmışdır.[3] Kioto İncəsənət və Dizayn Universitetinin professoru olmuşdur.[4]

Qəza və ölümü

[redaktə | mənbəni redaktə et]

Kanze 2 may 2007-ci ildə Çuo ekspres yolunda ciddi avtomobil qəzası törətmiş və maşında olan menecerinin ölümünə səbəb olmuşdur. Özü isə yüngül xəsarətlər almışdır. O, səhlənkarlıqla ittiham olunaraq saxlanılmış, lakin səhhətindəki problemlərə görə bir neçə saat sonra buraxılmışdır. Qəzadan 1 ay sonra – 8 iyun 2007-ci ildə Tokio xəstəxanalarının birində kolorektal xərçəng səbəbilə ölmüşdür.[4]

  1. 1 2 3 4 Brozović D., Ladan T. Kanze Hideo // Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.
  2. 1 2 3 4 Cohen. səh. 652
  3. Cohen. səh. 653
  4. 1 2 "Obituary: Kanze Hideo". The Japan Times (ingiliscə). 9 iyun 207. 2024-02-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 fevral 2024.