Hind geyimləri

Yun sari geyimli hindli kino aktisası Vidya Balan

Hind geyimlərinin unikallığı özündə tarixi gedişatın təsirlərini, ənənəviliyi, milli-etnik kimliyi saxlamasıdır. Bu geyim mədəniyyəti tarixin müəyyən dövründə digər mədəniyyətlərin təsiri altında olsa belə, özü üçün ən yaxşılarını seçib saxlamış, təkmilləşdirmiş, özününküləşdirmişdir.

Hind paltarları kifayət qədər rahat və uyğundur. Bir sıra hallarda kişi, qadın, uşaq geyimləri bir-birindən mahiyyətcə, ciddi şəkildə fərqlənmir, lakin dini, etnik, regional müxtəliflik geyimlərə də sirayət etmişdir. Əhalisinin sayı bir milyard nəfəri keçən bir ölkədə geyimlər fərqliliklərin simvoluna çevrilmişdir. Qərb dəbinin təsirinə baxmayaraq, hindlilər gündəlik həyatlarında, bayramlar, ailə ziyafətləri, rəsmi mərasimlər zamanı ənənəvi paltarlarını geyinməyə üstünlük verirlər. Hətta bir sıra geyimlər rəsmi status qazanmışdır.

Arxeoloji və ədəbi materiallar göstərir ki, hələ e.ə. III–II minillikdə, Harappa sivilizasiyası dövründə geyimlər şəhər mədəniyyəti, toxuculuq sənətinin, ticarətin inkişafı fonunda kifayət qədər inkişaf etmişdir. Harappa sivilizasiyasına, Veda dönəminə, Maqadha-Mauri imperiyası dövrünə aid maddi materiallar, möhürlər, məbəd rəsmləri, çoxsaylı tanrı heykəlləri, barelyefləri qədim Hindistanda sadə tuniki, müasir sariyə bənzəyən geyimlərin yayıldığını təsdiqləyir. Bu sadə geyimlərin formalaşmasında ilk növbədə iqlim şəraiti, təsərrüfat məişəti, dini inanclar əsaslı rol oynamışdır. Vedalar dövründə brahmanların sadə geyimləri, caynistlərin geyimlərə (ağ geyinənlər, işıq geyinənlər) görə məzhəblərə ayrılması qədimdən bəri Hindistanda geyimlərin əhalinin məişətindəki rolunu göstərir.

Hindistanın kişi və qadın geyimləri tarixən dini, etnik mənsubiyyətinə görə bir-birindən seçilmişdir. Maddi mədəniyyət nümunələrinin tədqiqindən məlum olur ki, e.ə. II əsrdə Kəşmirdə kişi və qadınların əsas paltarları köynək və şalvardan ibarət olmuşdur, bu da Kuşan imperiyası dövrünün təsiri ilə bağlıdır. Çin səyyahı, filosofu Syuantsyan (602–664-cü illər) yazırdı ki, kəşmirlilər dəri gödəkcə və ağ parçadan paltar geyinirlər. "Nilamata Purane"də isə bildirilirdi ki, qışda "pravana"ya bənzər sırıqlıya bürünür, varlılar incə yun parçadan şal (şarf) örtür, əhalinin əksəriyyəti qaba yun parçadan paltar geyinirdi, kişilər baş geyimi kimi "türban" qoyurdular.

İslamiyyətin Hindistana gəlməsi ilə hindlilərin geyimində dəyişikliklər baş vermiş, müsəlman adət-ənənələrinə uyğun geyimlər hind ənənələri ilə uzlaşmağa başlamışdır.

Qadın geyimləri

[redaktə | mənbəni redaktə et]

Hindistanın milli qürur mənbəyi olan sari[1]. geyinilməsi ənənəsi min illərdir ki davam edir. Sarilər daim dəyişikliklərə məruz qalsalar da, bu paltar hindli qadınların ən sevimli paltarı kimi daim gündəmdədir. Sari düzbucaqlı şəklində təxminən 5 x 9 metr uzunluğunda olan pambıqipək parçadan ibarətdir. Hind sarisinin saysız-hesabsız variantları vardır[2].. Adətən, bu paltar bir rəngli və ya rəngarəng olur, sadə gündəlik və qızılı iplərlə bəzədilmiş mərasim sarilərinə ayrılır. Müxtəlif cür geyinilməsi üsulları olsa da, ən geniş yayılmış üsula görə, hindli qadınlar sarini bədənlərinə dolayır, qabaqda büzmə əmələ gəlir. "Sari"nin çox hissəsi büzmələrdən (qırçınlar) ibarətdir, yelpik və "ikinci yubka" funksiyasını oynayır.

Sarinin daxildəki ucu paltarın əsasıdır, bütövlükdə sarini və ya kəmərin altından geyinilmiş yubkanı (donu, ətəyi) saxlayır. Parçanın ucu ("pallu") isə sinəni, çiyini örtür, onun kənarlarının lentləri daha çox diqqəti cəlb edir. "Pallu"suz sarilər də vardır. Əgər paltarda bu elementlər yoxdursa, onda digər bəzəklərindən istifadə olunur. Məsələn, sari öz rənginə uyğun köhnə sırğa və muncuqlarla, qızılı və gümüşü iplər, müxtəlif enli haşiyələrlə bəzədilir. Sari "çoli" adlanan kofta və alt ətəklə geyinilir. Bəzən "çoli"ni saçaqlı parçadan hazırlanan, uclarında qotaz olan "dupatta" adlanan çiyinlik əvəzləyir. Adətən, Şimali Hindistanda sarilərin rəngi qırmızı, cənubda isə bəzən yaşıl olur. Bir sıra hallarda sari əsl incəsənət əsəri olur, belə sarilər yüksək qiymətləndirilir. Adi sarilərdən fərqli olaraq, bayram və toy sariləri qızılı iplərlə, qızılı şəbəkələrlə bəzədilir[3].. Qızılı haşiyələr üst köynəyinin aşağılarını və qollarının uclarını bəzəyir. Toy zamanı sarinin üzərindən çoxlu qızıl əşyalar taxılır. Uttar-Pradeşdə qadınlar sari ilə yanaşı, "salvar kamize", və "lenqa çoli" geyinirlər. "Salvar"a qadınlar uzun, geniş "dupatta" və ya "çunni" (şarf) əlavə edirlər. "Dupatta" müxtəlif üsullarla geyinilir. "Lenqa" (və ya "qhaqra") uzun yubkaya ətəyə bənzəyir. "Çoli" isə belə qədər olur, kürəyi açıq olan bu don qızmar yay günlərində rahat hiss etməyə imkan verir. Bu geyim "orni" və ya "luqra" adlanan şal tamamlayır.

Kişi geyimləri

[redaktə | mənbəni redaktə et]
Turban-dastar geyinmiş kişi

Hindistanda kişilərin geyimi əsasən ipək və pambıq parçalardan hazırlanır, bütün bölgələrdə kişilər "kurta", "şervani", "longi", "pant", "dhoti", "kurta-pijama", "çuridari" və s. geyinir. Şəhərlərdə kişilərin əsas geyimləri köynək və şalvar, kəndlərdə isə hind "kurta"sıdır. Zövqdən asılı olaraq kurta "çuridar" (dar şalvar) və ya "pacam" (enli şalvar) ilə geyinilir. "Kurta" keyfiyyətinə, parçasına, tikilmə üsuluna və s. görə fərqlənir. İsti vaxtlarda pambıq və ipək parçadan tikilmiş "kurta"ya üstünlük verilir, soyuqlarda isə sıx toxunmuş yun və ya "çarka" (qadınların əldə toxuduqları parça) adlanan parçadan istifadə olunur. Baş geyimi kimi "türban"[4]., "dastar" (çalma), "Qandi kap"dan istifadə olunur.

"Dhoti kurta"[5] Hindistanda kişilərin geydiyi ənənəvi paltarlardan biridir. "Dhoti"nin bel və ayaq ətrafları bağlıdır, 5 metr uzunluğda parçadan tikilir. Özünə məxsus geyinmə üsulu olan "dhoti" düzbucaqlı formalı, ağ və ya digər eyni rəngli parçadan ibarətdir. Hindistanın mərkəz və şimal bölgəsində, teluqu, Pəncabda "laacha", Benqalda "dhuti", Tamildə "veşti", Kannadada "pancihe", Malayalamda "mundu", Marathidə "dhota" və "pancha" kimi adlarla bilinən kurta "dhoti kurta" olaraq adlandırılır. Cənubi Hindistanda "dhoti" bir qədər fərqlidir, Burada kişilər çiyinlərinə saldıqları parçanı "angovastran" bəzən isə "chokka" adı ilə tanınan köynəklə geyinirlər[6].. "Lenqa" kəndlilərin geyindiyi "pijama"ya bənzəyən şalvardır. Müxtəlif variantları olan "lenqa-çoli" -ətək "lenqa"), Köynək ("çoli") və qolsuz üst geyimdən ibarətdir. "Lenqa" geyim digərlərindən fərqli olaraq topuğa qədər uzanır.

Açkan geyinmiş kişilər. Racəstan, Hindistan

Pəncab kişiləri üst paltarı kimi "kurtı-paca" (köynək), "açkan" (jilet), "lunqi", "çadar" (şal), "paca", "patiala", "patiala kamiz" (şalvar), "pardi" və ya "dastar" (türban)[7], dəridən "cutti" ayaqqabı geyinirlər.

  1. Alkazi, Roshan (1983) "Ancient Indian costume", Art Heritage; Ghurye (1951) "Indian costume", Popular book depot (Bombay); Boulanger, Chantal; (1997)
  2. "Indian Sari — How to Wear a Sari, How to Wrap a Sari, Indian Sari Fabric, Saree Design, Sari Fashion, Indian Dress Saree". 2017-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-29.
  3. Geeta Kochhar, Radha Seethapalli. Environmental Education. Frank Brothers. 31–. ISBN 978-81-7170-946-5. 7 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2012.
  4. Oxford Textbook of Spirituality in healthcare. Oxford University Press. 91. ISBN 9780199371390.
  5. Michael Dahl. India. Capstone Press. January 2006. 13–. ISBN 978-0-7368-8374-0. 26 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 July 2012.
  6. Sarina Singh. India. Lonely Planet. 1 September 2009. 63-. ISBN 978-1-74179-151-8. 30 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 November 2017.
  7. Surinder Singh Bakshi. Sikhs in the Diaspora. Sikh publishing house. 2008. 222. ISBN 9780956072801.