Hipermedia (hypermedia) – qrafikanın, səsin və videonun informasiyanın (adətən, assosiativ tipli) saxlanması və axtarışı sisteminə birləşdirilməsi. Hipermedia konsepsiyası (xüsusən, seçmə istifadəçinin nəzarət etdiyi interaktiv formatda) belə bir ideya üzərində qurulur ki, istifadəçiyə insan fikrinin işini paralelləşdirən işçi və təlim mühiti, yəni istifadəçinin bir mövzudan digərinə, sadəcə, ardıcıl (məsələn, əlifba sırası ilə) keçdiyi yox, istifadəçiyə mövzular arasında assosasiya qurmağa imkan verən mühit təklif etsin. Hipermedia mövzuları elə əlaqələniblər ki, istifadəçi lazım olan informasiyanı axtararkən bir mövzudan onunla əlaqəli olan digər mövzuya keçə bilər. Məsələn, naviqasiya sahəsində hipermedia-təqdimat astronomiya, quşların miqrasiyası (köçü), coğrafiya, peyklər və radarlar kimi mövzularla əlaqəli ola bilər. Əgər informasiya əsasən mətn şəklindədirsə, onda verilmiş məhsul hipermətndir; əgər videodan, musiqidən, animasiyadan və ya başqa elementlərdən istifadə olunursa, məhsul hipermediadır.