I Abbasın Qeşm adasını ələ keçirməsi

I Abbasın Qeşm adasını ələ keçirməsiSəfəvi imperiyasının İran körfəzindəki portuqaliyalı qüvvələri məğlub etməsi nəzərdə tutulur.

I Abbas hakimiyyətə keçdiyi dövrdən İran körfəzində Portuqaliya-İspan hegomonluğuna son qoymaq barədə düşünürdü. Buna 1602-ci ildə başlanılsa da, sonradan Osmanlı ilə müharibələrə görə dayandırıldı. Abbas Osmanlıya qarşı Portuqaliya ilə ittifaq bağlamaq, ipək ticarətini onlar vasitəsiylə etmək barədə düşündüyü üçün onlarla uzun müddət elçilər vasitəsiylə danışıqlar apardı. İsfahana iki dəfə gələnkeşiş Fiqueroa bu danışıqlarda qarşı tərəfi təmsil edən şəxs idi. Lakin uzun danışıqlardan sonra heç bir nəticə əldə edilmədi. Abbasın körfəzi ələ keçirmək üçün ilk hücum etdiyi yerlərdən biri də Qeşm adası oldu.

Avqustun sonlarında Fiqueroa İsfahandan Hörmüzə yola düşdü. O, yolda ispan kralının məktubunu daşıyan çaparla qarşılaşdı və məktubu qəbul etdi. Bu məktuba iki imperiya arasında razılaşmanın qaralama versiyası da var idi. Məktubu oxuyan kimi Fiqueroa bunun absurd olduğunu anladı, çünki Abbasın ingilislərlə əlaqələrin kəsilməsini, torpaqların geri qaytarılmasını heç cür qəbul etməyəcəyini bilirdi. Çaparda həmçinin şah üçün yazılmış Robert Şirlinin və ispan kralının başqa bir məktubu da var idi. Bu şərtlər altında İsfahana geri dönməyin mənasının olmadığını anlayan Fiqueroa məktubların üzərinə özü də şaha məktub yazıb göndərərək, paytaxtdakı xristian keşişlərinə danışıqları davam etdirməyi tapşırdı. Məktublar və razılaşmanın təklif edilən mətni Abbas üçün oxunduqdan sonra o, qəzəbləndi, qılıncını çıxararaq portuqaliyalılar (həmçinin də ispanları) körfəzdən qovacağına and içdi. O, Hörmüzü indiyə kimi yalnız Osmanlıya qarşı ispan-portuqal monarxı ilə ittifaqda perspektiv gördüyü, həmçinin də Hörmüzə qarşı əməliyyat həyata keçirmək üçün hərbi gəmiləri olmadığı üçün ələ keçirməyə cəhd etməmişdi. İndi isə onlarla əməkdaşlığın heç bir perespektivi olmadığı bəlli oldu və əməkdaşlıq üçün ingilislər daha cəlbedici hala gəldi. Onsuzda Suratda bu iki imperiya arasında qarşıdurma var idi və Abbas bu qarşıdurmanı İran körfəzinə də yaymaq istəyirdi.[1]

Portuqaliyalı admiral Rui Freire 1620-ci ilin iyununda öz qüvvələri ilə birlikdə gəlib çatdı. Körfəzdən ingilisləri qovmaqda qərarlı olan Freire dekabrda Cask adasına gələn 4 ingilis gəmisinə hücum etdi. Döyüşdə kapitan Şillinq öldürülsə də, ingilislər qələbə qazandılar və körfəzə gedən dəniz yolu açıldı.[2] Bu hücum Səfəvi tərəfi üçün yalnız ingilis dəniz gücünün daha üstün olmasını, onların toplarının daha dəqiq nişan almasını əyani şəkildə sübut etdi. Nəticədə Freire uğursuzluqla Hörmüzə dönməyə məcbur olduğu halda, ingilislər 500 top ipəyi gəmiyə yükləyərək Cask adasını tərk etdilər. Həmin ilin yayında Şah Abbas Xəzər sahilindəki Fərəhabaddakı sarayında qızdırmalı xəstəliyə tutuldu. Sarayındakı əyanlardan və yerlilərdən xeyli sayda insan bu xəstəlikdən öldü və şahın da həyatının təhlükədə olduğu bəlli oldu. Bu xəstəliyin şərabı çox sevdiyinə görə Allah tərəfindən cəza olaraq göndərildiyini düşünən Abbas şərab satılmasını və içilməsini qadağan etdi. Bu qadağa növbəti yaz ləğv edildi. Çünki şah sağaldıqdan sonra içki yasaq olduğuna görə insanların daha zərərli maddə hesab edilən tiryək istehlak etməyə başladığına şahidlik etdi.[3]

1622-ci ildə Freire paytaxtında aldığı təlimatları həyata keçirərək Səfəvi imperiyası tərəfindən 1614-cü ildə ələ keçirilmiş Qeşm adasında qala tikdirdi. Portuqaliyalı admiral Luristanın qonşu sahillərini də talan etdi, ələ keçirilən bütün qızılbaşları öldürdü və vilayətin Şah Abbas tərəfindən ilhaqından sonra qızılbaşların məskunlaşdığı kəndləri yandırdı. Portuqallar həmçinin qoşunların daşınması üçün istifadə oluna biləcək gördükləri bütün qayıqları da yandırdılar.[4] Abbas bunu müharibə elanı kimi qəbul etdi və Fars vilayətinin hakimi İmamqulu xana portuqaliyalılara uyğun cavabı verməyi əmr etdi. İmamqulu xan Qeşmdəki adanı mühasirəyə alsa da, gəmi olmadığına görə yenə uğursuzluqla üzləşməkdə idi. Lakin dekabrda ingilislərin yenidən ənənəvi ipək almaq üçün gələcəkləri bəlli idi. Payızda İsfahandakı ingilis şirkətinin nümayəndəsi Edvard Monnoksa əgər ingilis gəmilərinin portuqaliyalılara qarşı qızılbaş ordusuna hərbi donanma dəstəyi verməyəcəyi halda, onlara ipək satışının dayandırılacağı barədə şahın əmri oxundu. Monnoks bunu prinsip olaraq qəbul etsə də, gəmi komandanları ilə məsləhətləşməsinin lazım olduğunu bildirdi. Abbas İmamqulu xanı danışıqlar üçün səlahiyyətli şəxs təyin etdi.[5]

Suratdakı Şərqi Hindistan Şirkəti İran körfəzinə güclü hərbi donanma göndərmişdi. Onlara çatan məlumata görə Qoadan yeni qüvvələrlə gücləndirilən Ruy Freire ilə yeni toqquşmaların yaxın zamanda baş tutması qaçınılmaz olacaqdı. Donanma 14 dekabrda Caska çatdı və burada onlara verilən məktubda Səfəvi imperiyasında Monnoks və digər səlahiyyətli şəxslərlə görüşmələri əmr edildi. Görüş yeri Hörmüzə yaxın olan kiçik limanda baş tutmalı idi. Monnoksu ingilis dənizçilərini şahın arzularını yerinə yetirməyə razı salmaq üçün çətin danışıqlar gözləyirdi. Çünki ingilisləri İran körfəzindən qovmağa çalışan portuqaliyalılara qarşı vuruşmaq ayrı bir şey, başqa bir müsəlman qüvvəsi ilə birləşib katolik olsa belə bir digər xristian qüvvəyə - həm də bu dövlətlə İngiltərə rəsmi olaraq müharibə vəziyyətində olmadığı halda - hücum etmək tamamilə ayrı bir məsələ idi. Lakin güclü şəxsiyyət olan Monnoks gəmi şurası ilə uzun debatdan sonra onları inandıra bildi ki, əgər Səfəvi imperiyası ilə ticarətin davam etdirilməsi istənilirsə ortada başqa bir yol yoxdur, məcbur Abbasın dediklərini qəbul edib ona Qişm və Hörmüzü ələ keçirməkdə yardım edilməlidir. 1622-ci il yanvarın 18-də Monnoks və onun köməkçisi Bell İmamqulu xanla müqavilə bağladılar, lakin sonradan ortaya çıxan fikir ayrılıqları şərtlərin kifayət qədər aydın şəkildə yazılmadığını göstərir. İngilislərə göstərdikləri kömək müqabilində qələbə qənimətinin yarısı verilməli, tərəflər döyüş xərclərini eyni miqdarda qarşılamalı, bütün gələcək gömrük gəlirlərinin yarısı onlara getməli, malları rüsumsuz idxal-ixrac etmələrinə icazə verilməli idi.[6] İranlılar ingilis gəmilərinin İran körfəzində qalmaları üçün çəkdikləri xərcləri də bölüşməyə razılaşdılar. Müqavilə İngiltərə gəmilərindən biri olan Londonun ekipajının etirazına səbəb olub. Onlar döyüş üçün deyil, ticarət üçün işə götürüldüklərini və dost bir xalqın qalasına hücumun "sülhün pozulması" olacağını söylədilər. Onların müqaviməti bir aylıq əlavə maaş vədi ilə ortadan qaldırıldı.[5]

İngilis gəmiləri tez bir zamanda Qişm üzərinə hərəkətə keçdilər. Burada onları Ruy Freirenin komandanlığı altında yerli ərəblərdən və portuqaliyalılardan təşkil edilmiş 450 nəfərlik qarnizon gözləməkdə idi. Qalanı qurudan və dənizdən bombardman edən ingilislər qala qarşısında özlərinin ən böyük 5 topundan ibarət batareya təşkil etdilər. Qalaya əsas hücumları isə 3 min nəfərlik qızılbaş ordusu həyata keçirirdi. Qişm qalasınnı divarları o qədərdə möhkəm deyildi və qısa müddət sonra dağıdıldı. Ruy Freire qarnizonun qiyam etdiyini gördükdən sonra təslim oldu. Portuqaliyalıların bir çoxu Hörmüz sahillərinə buraxıdlılar və qalaya yerləşməyən qarnizonun vəziyyətini bir qədər də çətinləşdirdilər. Digərləri isə körfəzin digər tərəfindəki portuqal mülkləri olan Məskət və Sohara sığındılar. Ruy Freire özü Surata aparılsa da, buradan qaçıb yenidən körfəzə gəlib savaşmağa nail olsa da, döyüş onun üçün uğurlu olmadı. Döyüş nəticəsində ələ keçirilmiş ərəb döyüşçülər bundan əvvəl şahın təbəələri olduqları üçün onların hərəkətləri üsyan kimi qiymətləndirildi və hamısı edam edildi. Döyüşlərdə 3 ingilis həyatını itirdi. Ölənlər arasında məşhur dəniz səyyahı və Arktika kəşfləri ilə məşhurlaşan Uilyam Baffin[a] də var idi.

  1. Kəşflərinə görə onun adı Baffin dənizinə verilmişdir.[7]
  1. Blow, 2009. səh. 123
  2. Mehdevi, 1377. səh. 90
  3. Blow, 2009. səh. 124
  4. Blow, 2009. səh. 125
  5. 1 2 Blow, 2009. səh. 126
  6. Pazuki, 1317. səh. 335
  7. Amy Tikkanen. "Baffin Bay". Encyclopedia Britannica. 2020. 2018-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 oktyabt 2022.