I Albantəpə nekropolu — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kəndinin yaxınlığındakı Albantəpə yaşayış yerinin şimal-qərbində, yastı təpə üzərində yerləşən və antik dövrə aid olan nekropol.
Nekropol daş qutu qəbirlərdən ibarətdir. Qəbirlərin döşəməsinə iri sal daşlar, kənarlarına isə müstəvi formalı daşlar düzülmüşdür.
Nekropolun ən hündür yerində yerləşən 1 saylı qəbir 40-45 yaşlı qadına məxsusdur. Uzunluğu 1,8 m olan skelet və kəllə sümüyü yaxşı saxlanmışdır. Sol əlinin ikinci barmağına şüşə üzük taxılmışdır. Qəbirdən dairəvi və uzunsov yaşımtıl muncuqlar aşkar edilmişdir.
Nekropolun qərb tərəfindəki 2 saylı qəbir 55-60 yaşlı kişiyə məxsusdur. Qəbirin baş tərəfindən şar şəkilli iki ədəd şüşə qab əldə olunmuşdur. Tapıntılara əsasən, nekropol e.ə. II – b.e. III əsrlərinə aid edilir.[1]