I Böyükdüz yaşayış yeri — Kəngərli rayonunda, eyniadlı kəndin cənubunda, Araz çayının sol sahilində yerləşən orta əsrlərə aid yaşayış yeri.
Abidə 1991-ci ildə qeydə alınmışdır. Daşqınlar nəticəsində abidəyə böyük ziyan dəymiş, onun böyük bir hissəsi dağılmışdır.
Tədqiqatlar zamanı burada 10 insan skeleti aşkarlanmışdır. Qəbirlər torpaqda qazıldığı üçün tamamilə yuyulmuş, skeletlər qumun üzərində qalmışdı. Onlar müsəlman adəti üzrə cənub – şərq istiqamətində, sağ böyrü üstə uzadılmışdılar (tədqiqatçılar bu ərazinin yaşayış yerinin qəbiristanlığı olmasını güman edirlər). Orta əsrlər Azərbaycan məişəti üçün səciyyəvi olan çəhrayı rəngli gil qab qırıqları və sair də aşkara çıxarılmışdır. Tapıntılara əsasən yaşayış yerinin XI – XVIII əsrlərə aid olması güman edilir.[1]