I Salman - müasir Nigerin şərq hissəsini, Liviyanın cənubunu və Çad dövlətinin ərazisini əhatə edən Kanema dövlətinin (700-1376) hökmdarı (1193-1210).
Müasir Nigerin şərq hissəsini, Liviyanın cənubunu və Çad dövlətinin ərazisini əhatə edən Kanema dövlətində 1150-1176-cı illərdə hakimiyyətdə olan I Birinin kiçik oğlu I Salman (qərb mənbələrində adı Abd al Calil Selma (Qara) kimi qeyd edilmişdir) qardaşı Abdullahın (qərb mənbələrində adı Bikuru və ya Bekru kimi qeyd olunmuşdur) 1193-cü ildə ölümündən sonra mai (hökmdar) olmuşdur.
(Kanema hökmdarlarının adlarının qərb və şərq mənbələrində fərqli səslənməsinin əsas səbəbi onların mənsub olduğu Sayfava sülaləsinin (1085-1376) hökmdarlarının islam dininə etiqad etmələri olmuşdur. İslam dinini qəbul edən hökmdarlar özlərinə müsəlman adlarını götürmüşlər).
I Salmanın hakimiyyəti illərində Kanema dövlətinin güclənməsi davam etmişdir. O, uğurlu hərbi yürüşlərə çıxaraq beynəlxalq karvan yollarının keçdiyi Çad gölündən Çadoya qədər olan ərazini ələ keçirmişdi. I Salman tacirlərin təhlükəsizliyini təmin etmək üçün yol kənarlarında karvansaralar tikdirmiş, sonralar onların çoxu şəhərlərə çevrilmişdi. I Salman Çad gölünün qərbindəki Born əyalətini də ələ keçirməyə müvəffəq olmuşdur. Köçəri qəbilələrin hücumlarının qarşısını aldığı üçün əkinçilər, sənətkar və tacirlər I Salmana rəğbət bəsləyirdilər. O özü də xarici ölkələrə mal aparan karvanlarda şərik kimi fəal iştirak etməklə böyük gəlir əldə edirdi. I Salman qonşu ölkələrlə siyasi əlaqələrin genişləndirilməsinə də səy göstərmişdir. O, ölkədə körpü və bənd tikintisinə də qayğı ilə yanaşırdı. I Salman 1210-cu ildə vəfat etmişdir.