Jülyen Lyao

Jülyen Lyao (fr. Julien Lahaut, 6 sentyabr 1884 — 18 avqust 1950) —Belçika dövlət xadimi, kommunist.

Jülyen Lyao
fr. Julien Lahaut
Doğum tarixi
Doğum yeri Seren
Vəfat tarixi (65 yaşında)
Fəaliyyəti siyasətçi, sindikatçı[d], müqavimət döyüşçüsü[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jülyen Lyaonun 1884-cü il sentyabrın 6-da anadan olduğu Seren o zaman ingilis sənayeçisi Kogerillin maşınqayırma və metallurgiya zavodları ətrafında meydana gəlmiş kiçik bir şəhər idi. İndi Seren Belçikanın ən böyük sənaye mərkəzi olan Lyej ətrafında fəhlə şəhəridir.

Belçikada qərbdən şərqə doğru bütün ölkə boyu bir ensiz sənaye zolağı uzanır. Burada kömür çıxarılır və polad əridilir. Bura şaxtaçılar, metalçılar, maşın qayıranlar və kimyaçılar diyarıdır–fəhlə Belçikasının qəlbidir. Buranın havası həmişə hisli, terrikonları qara, gecə-gündüz sönməyən domna sobaları qara, zavodların boruları qurumdan qaradır, şaxtaçıların hisdən üzləri qara, yaşadıqları qəsəbələri qaradır. Qara Belçika belədir. Kapitalist təsərrüfatını xarakterizə edən şəraitin yüksəldiyi dövrlərdə belə bura–tənəzzül və böhranlar zamanı qonşu rayonlardan və ölkələrdən axışıb gələn yoxsul kəndlilərin ziyarət yeri, ümidsizlik və yoxsulluq diyarı olmuşdur. Keçən əsrin sonunda burada əmək haqqı olduqca cüz'i idi, iş günü isə yarım sutkadan uzun çəkirdi. Əmək mühafizəsi və fabrik qanunçuluğunun iyi-sorağı yox idi. Kapitalistlər fəhlə təşkilatlarını tanımaq istəmir və tə'til edənlərə amansız divan tuturdular. Lyaonun doğma Seren şəhərində 1869-cu ildə tə'tilçilərə tutulan vəhşicəsinə bir divanı Karl Marks belə təsvir etmişdir: "…Serendə Kokkeril dəmiryol zavodunda pudlinqləyənlərin tamamilə qanuni tə'tili yalnız ona görə nizamsız xarakter almışdı ki, xalqı provakasiyaya sövq etmək məqsədi ilə buraya güclü süvari və jandarm dəstəsi göndərilmişdi. Aprelin 9-dan 12-dək bu cəsur döyüşçülər silahsız fəhlələr üzərinə nəinki qılınc və nizə ilə igidliklə cumurdular, həm də yoldan keçən dinc adamları təhqiq etmədən öldürür və yaralayır, qapıları sındırıb evlərə soxulur, hətta sərnişinlərin barrikada düzəltdikləri Seren vağzalına hiddətlə bir neçə dəfə hücum etməkdən həzz alırdılar".[1]

Jülyen Lyao fəhlə ailəsində anadan olmuşdu. Onun peşəsinə görə qazan quraşdıran olan atası yerli sosialist cəmiyyətinin görkəmli fəaliyyət göstərən banisi idi. Onun ailəsi yoxsul güzəran keçirirdi. Sahibkarlara qarşı təbliğat apardığına görə atasını tez-tez işdən çıxarmışdılar. Bir dəfə qəzaya düşdüyündən onun bir gözü kor olmuşdu. Odur ki, iş tapmaq daha da çətinləşmişdi. Jülyenin sadə, dindar zəhmətkeş anası təsərrüfatı aparmış və uşaqları böyütmüşdü. İbtidai məktəbi qurtaran kimi, on dörd yaşlı Jülyen zavoda işləməyə getmişdi. Atası kimi o da qazançı olmuşdu.

1902-ci ildə on səkkiz yaşlı gənc Jülyen ilk dəfə siyasi tə'tildə iştirak etdi. Üsyankar ruhu və fəhlə işinə ehtiraslı inamı atasından irsən qəbul edərək, o, tezliklə kütlələrin başçısı oldu. İşdən çıxarılması Lyaonu qorxutmadı. Fəhlə təşkilatında sıx birlik yaratmağın lüzumunu yəqin edən Jülyen həmkarlar ittifaqının yaradılması işinə var gücü ilə girişdi. O, 1905-ci ildə yoldaşları ilə birlikdə metalçıların mə'nalı ad verilmiş "Qalx!" cəmiyyətinin əsasını qoydu ki, bu da sonralar Belçikada metalçıların ən mübarizə həmkarlar ittifaqı mərkəzlərindən birinə çevrildi.

Bir azdan sonra Lyaonu bu həmkarlar ittifaqının təbliğat üzrə katibi seçdilər. O zaman Belçika həmkarlar ittifaqları Fəhlə partiyasına qoşulmuşdular. Belçika Fəhlə partiyası bir növ səciyyəvi təşkilat idi. 1885-ci ildə proletar kütlələri partiyası kimi tə'sis edilmiş olan bu təşkilat istehlak cəmiyyətlərindən, istehsal kooperativlərindən, həmkarlar ittifaqlarından, idman cəmiyyətlərindən, müstəqil təhsil dərnəklərindən, yardım kassalarından, təqaüd kassalarından, mədəni birləşmələrdən və sairələrdən ibarət idi. Bu təşkilatların üzvləri mexaniki olaraq fəhlə partiyasının üzvləri sayılırdılar. Bu təşkilatların hər biri demək olar ki, müstəqil idi. Çox vaxt partiya ilə onun əlaqəsi formal mahiyyət daşıyırdı. Partiya müxtəlif ictimai təbəqələrin və çox rənga–rəng ideya cərəyanlarının uzlaşmasından ibarət idi. Partiyada xırda burjua ideologiyası tədricən üstünlük təşkil edir və opportunist ünsürlərin tə'siri get-gedə güclənirdi.

1913-cü ilin aprelində bütün Belçikanı ümumi siyasi tə'til sarsıtdı. Liberal burjuaziya və geniş zəhmətkeş kütlələri seçki hüququ məhdudiyyətinin ləğv edilməsini: əmlak və təhsil senzlərinin aşağı salınmasını, bir vaxtda bir neçə səs vermək hüququnun, həm də zadəgan və iri burjuaziya üçün digər imtiyazların ləğv olunmasını tələb edirdilər. Ümumi seçki hüququ uğrunda mübarizədə proletariat əsas inqilabiləşdirici qüvvə oldu. Lakin Fəhlə partiyası proletariatı qələbəyə çatdıra bilmədi. Tə'tildə iştirak edən beş yüz min Belçika fəhləsinin birliyinə və mübariz ruhuna baxmayaraq, mübarizə kompromislə qurtardı: hökumət seçki hüquqları islahatı üzrə komissiya tə'yin edəcəyi və'dilə kifayətləndi. V.İ.Lenin "Belçika tə'tilinin dərsləri" məqaləsində tə'tilin qismən müvəffəqiyyətsizliyinin iki əsas səbəbini qeyd etmişdir: "Birinci səbəb, Belçika sosialistləri, xüsusən parlament üzvləri arasında opportunizmin və reformizmin hökm sürməsidir. Liberallarla ittifaqda getməyə adət etmiş bu parlament üzvləri bütün hərəkətlərində özlərini liberallardan asılı hiss edirlər… Qismən müvəffəqiyyətsizliyin ikinci səbəbi fəhlə təşkilatlarının zəifliyi və Belçikada partiyanın zəif olmasıdır. Belçika fəhlə partiyası siyasi cəhətdən mütəşəkkil fəhlələrin qeyri-mütəşəkkil fəhlələr, "xalis" kooperativçilər, peşəkarlar və i. a. ilə ittifaqıdır. Bu, Belçikada… fəhlə hərəkatının böyük nöqsanıdır"1. 1 V.İ.Lenin. Əsərlər külliyyatı, 23-cü cild, səh.148. Lyej fəhlələri tə'tilçilərin ilk sıralarında idilər. Lyao hadisədə qızğın iştirak edirdi, o, mübarizənin rəhbərlərindən biri idi. Baş tutmayan tə'til təşkilatçılarının həbsə alınması və onların mühakimə olunması ilə qurtardı. Belə fırtınalı hərbi il ərəfəsində Lyao fəhlə qızı Jeraldina Noel ilə evləndi. O, o saat ərinin məğlubiyyət kədərinə şərik oldu, onun həbs olunması ilə əlaqədar olaraq sürgün və hicrana dözdü. Jeraldina Jülyenin ən yaxın və e'tibarlı dostu oldu, ərinin bütün həyat yolunu onunla birlikdə keçdi. Birinci dünya müharibəsi zamanı Lyao könüllü olaraq cəbhəyə getmiş, Almaniyaya qarşı vuruşmuş, özünün igidliyi ilə şöhrət qazanmışdı. Onun topçu hissəsi Rusiyaya göndərilmişdi. Beləliklə o, inqilabın və fəhlə dövlətinin yaranmasının şahidi olmuşdu. Oktyabr ideyaları çox dağınıq siyasi görüşlü gənc həmkarlar ittifaqı xadimini əqidəli inqilabçıya və beynəlmiləlçiyə çevirmişdi. Lyao Belçikaya qayıdaraq, gənc sosialist Rusiyasını müdafiə üçün geniş kampaniya təşkil etmişdi. Oktyabrın tə'siri altında Belçika Fəhlə Partiyasında şiddətli mübahisələr gedirdi. Lyao fəhlələri III İnternasionalın xəttinə qoşulmağa çağırırdı. 1921-ci ildə Kokkeril zavodunda metallurqlar tə'tilə qalxıb əmək haqqının azaldılmasına qarşı çıxış etdilər. Mübarizə yeddi ay davam etmişdi. Sahibkarlar fəhlələri tamamilə taqətdən salaraq ələ almaq istəyirdilər. Lyao tə'tilə başçılıq edirdi. Bu vaxtlarda o, artıq kütlələrin tanınmış rəhbəri olmuşdu.

Alovlu tribun, iste'dadlı təşkilatçı, xalqa hədsiz sədaqətli, mətin və fədakar olan Lyao Belçika fəhlələri arasında böyük hörmət qazanmışdı. O, uca boyu, gözəl qaməti, vüqarlı baxışı, möhkəm iradəsi və işgüzar, coşqun təbiəti ilə fərqlənirdi. Onun üzü həmişə gülür, gözləri mehribanlıq və sədaqətlə dolu olurdu.

Fəhlə ailəsindən çıxmış və fəhlələrlə daim sıx əlaqədə olan Lyao özünün sinif yoldaşlarının ehtiyaclarını həmişə bilir, hiss edir və başa düşürdü. Nə vaxt və harada tə'til baş versəydi, görərdilər ki, Lyao da oradadır. Xalqı ürəkləndirmək lazım gələndə, qüvvələr tükənəndə Lyaonu göndərirdilər. O, adamları inandırır, onlarda inam oyadır, səhvləri göstərir, çıxış yolu tapırdı. Şərait mürəkkəbləşəndə, polislər qılınc və dəyənəyi işə salanda Lyao orada, izdihamın ön sıralarında olardı.

Lyaonun öldürülməsi bütün ölkənin qəzəbinə səbəb oldu. Parlamentdə kommunistlər, sosialistlər və liberallar daxili işlər nazirindən izahat istədilər, işin dərhal təhqiq edilməsində və qatillərin cəzalandırılmasında israr etdilər. Lyej əyaləti zəhmətkeşləri matəm tə'tili elan etdilər. Sosialistlərin tə'siri altında olan Ümuməmək Federasiyası fəhlələrin təşəbbüsünü müdafiə etdi. Lyao basdırılan gün Şarlerua və Borinaj şaxtaçıları tə'tilə çıxmışdılar. Fəhlə Belçikası öz qəhrəmanı ilə vidalaşırdı. Avqustun 22-də Lyejdə həyat sükunətə qərq oldu. Hər şey sakitləşdi. Borular tüstülənmədi. Tramvaylar və avtobuslar dayandı. İzdiham tam sükutla addımlayır, fəhlələr və müəllimlər, şaxtaçılar və senatorlar, sosialistlər və kommunistlər, liberallar və katoliklər, qocalar və uşaqlar Serenin küçələri ilə gedirdilər. İzdiham–sanki insan dəryasını xatırladırdı. Bayraqlar dalğalanırdı. Al–əlvan güllərdən hörülmüş əklillər izdihamı müşayiət edirdi. Adamlar öz bayraqdarının dalınca gedirdilər. Onlar sülh naminə–müharibə təhlükəsinə qarşı, azadlıq naminə–qatillik və ölüm düşərgələri siyasətinə qarşı, öz vətənlərinin şərəfi naminə–yadellilərdən asılılığa qarşı, insan ləyaqəti naminə–istismara qarşı birləşmişdilər. İzdiham addımlayır, həlak olmuş rəhbərin birliyi–fəhlələrin birliyini, zəhmətkeşlərin birliyini, demokratların birliyini həmişə müqəddəs saxlamaq haqqındakı vəsiyyətini xatırlayaraq irəliləyirdi.

  • Mübarizəyə həsr edilmiş ömür. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı–1967, səh.64-80.
  • Жизнь, отданная борьбе. М.: Наука, 1964. — 675 с.: ил., портр. // С. 64—80.
  • Hans Depraetere et Jenny Dierickx, La Guerre froide en Belgique, éditions EPO-Dossier, Anvers, 1986
  • Rudy Van Doorslaer & Etienne Verhoeyen, L'assassinat de Julien Lahaut, EPO, Bruxelles, 1987
  • Maxime Steinberg, Julien Lahaut, 1884 – 1950, 12p., FJJ, 2000
  • Jules Pirlot, Julien Lahaut vivant, 191 p., éditions du Cerisier, Cuesmes, 2010
  1. K.Marks və F.Engels, Əsərləri, 2-ci nəşr, 16-cı cild, səh. 366.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]