Jan Deni

Jan Deni (fr. Jean Deny; 24 iyul 1879[1][2], Kiyev, Rusiya imperiyası[4]5 noyabr 1963[1][3][…]) — fransız türkoloqu.

Jan Deni
Doğum tarixi 24 iyul 1879(1879-07-24)[1][2]
Doğum yeri
Vəfat tarixi 5 noyabr 1963(1963-11-05)[1][3][…] (84 yaşında)
İş yerləri
Təhsili
  • Reşelev liseyi[d],
  • Böyük Lüdovik Liseyi[d]

Jan Deni 1879-cu ildə anadan olmuşdur. Uşaqlıq illərini Ukraynada keçirmiş Jan Deni atasının fransız dili müəllimi olduğu Odessada Richelieu liseyini və Parisdə Louis le Grand liseyini bitirdikdən sonra eyni zamanda həm Paris hüquq fakültəsində, həm də École des Langues Orientalesdə (ərəbcə, farsca və rusca) oxumuşdur. Təhsilini bitirdikdən sonra Fransa Xarici İşlər Nazirliyində çalışmış və 1908-ci ilədək Fransanın Beyrut, Kudüs, Suriya və Maraş konsulluqlarında işləmişdir. Barbier ue Meynardm ölümündən sonra École des Langues Orientales müdiri Paul Boyer tərəfindən türk dili müəllimi vəzifəsinə təyin edilmiş (1908), iki il sonra da professor elmi dərəcəsini qazanmışdır (1910). 1914-cü ildə əsgər olaraq müharibəyə getmiş, 1915-ci ildə Şərq birliklərində tərcüməçi təyin olunmuşdur. 25 aprel 1915-ci ildə Çanaqqalə müharibəsində iştirak etmişdir. Sarılıq xəstəliyinə tutulduğu üçün 30 sentyabrda Selanik və daha sonra Makedoniyada Florinaya göndərilmişdir. I Dünya müharibəsində iştirak edən Deny türk dili ilə bağlı tədqiqatlarını da davam etdirmişdir. Hələ müharibənin əvvəllərində türk dilinin qrammatikası haqqındakı böyük əsərinin ilk hissələrini nəşriyyata təqdim etmişdir. Müharibənin çətinliklərinə baxmayaraq əsərin nəşri gecikdirilməmiş, 1921-ci ildə "Grammaire de langue turque dialecte osmanlı)" (1920–1921) adı ilə çap olunmuşdur (yeni nəşr 1971). Bu nəşr türkologiya mühitində çox böyük maraqla qarşılanmış və müəllifə məşhurluq qazandırmışdır. Əli Ülvi Elövenin tərcüməsi bu qrammatikanın Türkiyədə də geniş şəkildə istifadə edilməsinə səbəb olmuşdur. Deny 1919-cu il may ayında yenidən École des Langues Orientalesdəki işinə geri dönmüş və 1948-ci ilədək bu işi davam etdirmişdir. 1927-ci ildə Misir kralı I Fuad Qahirə arxivlərində olan türk sənədlərini incələmək və nəşr etdirmək məqsədilə Denyni Misirə dəvət etmişdir. Həmin ilin sonunda iki il müddətinə Deny Saray kitablığı müdiri vəzifəsinə təyin edilmişdir (1929–1931). Misirdəki tədqiqatları nəticəsində Deny "Sommaire des archives turques du Caire" (1938) adlı işi nəşr etdirmişdir. Bu işlərlə yanaşı o Atatürkün Türkiyədə etmiş olduğu yenilik hərəkatlarını diqqətlə izləmiş və bununla bağlı bir neçə məqalə nəşr etdirmişdir. 1938-ci ildə École Nationale des Langues Orientales administratorluğuna dəvət edilmiş, II Dünya müharibəsində tərcüməçi kimi iştirak etmişdir. 1948-ci ildə təqaüdə çıxmış, elə həmin il türk dili professoru olaraq Vaşiqtona dəvət olunmuşdur. Georgetown Universitetində üç il işlədikdən sonra Fransaya qayıtmış və Gerardmerdə elmlə məşğul olmuşdur. 1955-ci ildə "Principes de grammaire turque ("Turk" de "u:quıe)" (1955) adlı əsərini nəşr etdirmişdir. (Əsər 1951-ci ildə yazılmışdır). "Philologiae Turcicae Fundamenta" adlı kitab toplusunda "L'osmanli moderne et le Türk de Turquie" (I) adı ilə məqalə çap etdirmişdir. Deny "İslam ensiklopediyası"nın Avropada çıxan I və II nəşrlərində də öz məqalələrini çap etdirmişdir. Deny türkologiya sahəsində bir çox məqalə və nəşrlərin müəllifidir: "Sari Saltıq et le nom de la ville de Babadaghi" (1913), Traditions populaires turques de Salonique et de Florina" (1919), Langues turques, langues mongoles et langues tongouzes" (1924), Chansons des Janissaires turcs d'Alger (fin du XVIIe siècle)" (1925) və s. "Une inscription en langue proto-bulgare decouverte ä Preslav" 1947) adlı məqaləsi də qədim bulqar yazılarına yeni bir əlavədir. Türkiyənin elm adamları bütün həyatını türk dilinə həsr edən Denynin bu işlərini hər zaman təqdir etmişlər. 1958-ci ildə Deny Türk Dili Qurumuna üzv seçilmişdir. 1958-ci ildə Türk Dili Qurumu yerli və xarici türkoloqların qatılması ilə ona bir məqalə nəşr etdirdi (1958).

Deny 1963-cü ildə Fransada vəfat etmişdir.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Jean Deny // AlKindi.
  3. 1 2 Jean Joseph Thaddée Deny // Brockhauz Ensiklopediyası (alm.).
  4. 1 2 zespół autorów Internetowa encyklopedia PWN (pol.).