Köhnə Kotam məscidi

Köhnə Kotam məscidiNaxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Köhnə Kotam kəndində yerləşən məscid. Məscidin günümüzə xarabalıqları gəlib çatmışdır.

Memarlıq quruluşu

[redaktə | mənbəni redaktə et]

Dördkünc formalı böyük salondan ibarət olan məscid indiyədək qismən salamat qalmışdır. Təpənin yamacında inşa olunan məscidin salonu iki sıra ağac dirəklə üç hissəyə bölünmüşdür. Məscidin mehrabı cənub divarda düzəldilmiş tağşəkilli taxçadan ibarətdir. Ön tərəfdə şəbəkələrlə naxışlanmış dörd pəncərə var. Məscidin girişi şərqdəndir. Girişin sol tərəfində buxarı, divarların içəri tərəfində dördkünc taxçalar düzəldilmişdir.

Məscidin içərisindən mərmər lövhə üzərində həkk edilmiş bir kitabə aşkar olunmuşdur . Kitabə vaxtilə məscidin giriş qapısının baş tərəfındə qoyulubmuş. Zaman keçdikcə yerindən düşən kitabə məscidin içərisinə qoyulmuş və orada qalmışdır. Kitabənin mətninin tərcüməsindən aydın olur ki, Naxçıvan xanları nəslindən olan, bir müddət Ordubadın hakimi, Rusiyaya birləşdirildikdən sonra isə Ordubadın naibi vəzifəsində çalışmış Hacı Şeyxəli xanın oğlu İbrahim xan hicri 1260-cı ildə (1844-cü ildə) Kotam kəndindəki torpaq sahibliyi mənsəbini Tükəzban xanıma bəxşiş etmişdir.

Bina daşdan və kvadrat formalı çiy kərpiclərdən inşa edilmiş, bir neçə dəfə bərpa olunmuşdur. Hazırda yarımdağılmış vəziyyətdədir.

Məscidin inşa tarixi XVII–XVIII əsrə aid edilir[1].

  1. Naxçıvan abidələri ensiklopediyası, 2008, s. 228
  1. Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.