Kürd Ali Komitəsi (kürd. Desteya Bilind a Kurd; DBK) — Suriyanın şimalında tanınmayan idarəetmə orqanı. 12 iyul 2012-ci ildə Demokratik Birlik Partiyası (PYD) və Kürd Milli Şurası (ENKS) tərəfindən İraq Kürdüstanında iki partiya arasında əməkdaşlıq müqaviləsinin imzalanmasından sonra qurulmuşdur.[1][2] Üzvlər heyəti bərabər sayda PYD və ENKS üzvlərindən ibarət idi.[3]
Kürd Ali Komitəsi DBK | |
---|---|
kürd. Desteya Bilind a Kurd | |
Növü | siyasi |
Yaranma tarixi | 12 iyul 2012 |
Ləğvolma tarixi | 2013-cü ilin axırı |
Rəsmi dili | kürd |
Mərkəzi | |
Yarandığı yer | Ərbil |
Fəaliyyət göstərdiyi yer | Şimali Suriya |
DBK 2012-ci ilin ortalarında Suriyada vətəndaş müharibəsi zamanı geri çəkilən Suriya Silahlı Qüvvələrinin buraxdığı güc boşluğunu doldurmağa çalışmışdır.[4] Əhalinin kürd etnik mənsubiyyətinə əsaslanaraq özünüidarəni bəyan etmişdir. Komitənin silahlı qanadı Xalq Qoruma Dəstələri (YPG) və Qadın Müdafiə Dəstələrindən (YPJ) ibarət idi.[5]
PYD Suriyanın şimalında kürdlərin yaşadığı bölgələrdə təsirini və nəzarətini artırmış, Kürd Milli Şurası isə daha çox marginallaşmışdır. ENKS 2013-cü ilin noyabr ayında DBK-dan ayrılmışdır. Bunun ardınca, PYD-nin başçılıq etdiyi bir koalisiya olan Demokratik Cəmiyyət uğrunda Hərəkat (TEV-DEM) yeni bir idarəetmə elan etmişdir. Bu idarəetmə daha demərkəzləşmiş və polietnik bir quruluşa doğru irəliləyərək demokratik bir konfederalizm modeli izləmişdir.[6]