Kürd qaçqınlar — XX əsrdə Yaxın Şərqdə yaranmış və davam edən problem. Kürdlər Qərbi Asiyada, əsasən İran, İraq, Suriya və Türkiyənin bitişik hissələrini əhatə edən Kürdüstan kimi tanınan regionda yaşayan etnik qrupdur.
Şimali bərəkətli hilal, Zaqros və Toros dağlarının ona bitişik ərazilərində hökmranlıq etdiyi dövrdə kürd üsyanlarını yatırmaq səbəbilə artıq Osmanlı imperiyası daxilində kürdlərin köçürülməsi baş verirdi. XX əsrin əvvəllərində Osmanlı imperiyasının xristian azlıqları soyqırıma məruz qalmışdır və tayfaları türklərə qarşı çıxan bir çox kürd eyni vaxtda didərgin düşmüşdür.[1]
İraqda kürdlərin muxtariyyət və müstəqillik arzularının boğulması 1919-cu ildə Mahmud Bərzəncinin üsyanından sonra silahlı qarşıdurmaya çevrilmişdir. Kürdlərin yerdəyişməsi İraq–kürd münaqişəsi və İraq Kürdüstanını kürd əksəriyyətindən təmizləməyə çalışan BƏƏS rejiminin[2] paralel ərəbləşdirmə proqramları zamanı ən şiddətli hal almışdır. 1960 və 1970-ci illərdə Birinci və İkinci İraq–kürd müharibələrindən sonra on minlərlə kürd didərgin düşərək döyüş regionlarını tərk etmişdir. 1980-ci illərin İran–İraq müharibəsi, 1990-cı illərin əvvəllərindəki ilk Körfəz müharibəsi və sonrakı üsyanlar səbəbilə ümumilikdə bir neçə milyon kürd qaçqın olmuşdur. Onlar əsasən İrana sığınmış, digərləri isə Avropa və Amerikadakı kürd diasporuna dağılmışdır. İranda əksəriyyəti kürd olan 1,400,000 iraqlı qaçqına sığınacaq verilmişdir.