Kürovdağ yatağı — Bakı şəhərindən 120 km cənub-qərbdə, Şirvan şəhəri yaxınlığında yerləşir, Aşağı Kür neftli-qazlı rayonuna daxildir. Yataq 1 sentyabr 1997-ci ildən müştərək müəssisə ("ŞirvanOYL"), 5 oktyabr 2009-cu ildən isə əməliyyat şirkəti ("Şirvan Opereytinq Compani Limited") tərəfindən istismar edilir.[1]
"Kürovdağ" yatağı 1929-cu ildə açılıb. 1950-ci illərin əvvəllərindən başlayaraq bu ərazilərdə aparılan kəşfiyyat-qazma işləri 1955-ci il iyulun 18-də Kürovdağ yatağında 2 saylı qazma quyusunun fontan vurması ilə nəticələndi. O vaxt həmin quyunun hasilatı sutka ərzində 40 ton idi. Neft mədəninin kəşf edilməsi ilə şəhərin iqtisadi əhəmiyyəti artmağa başladı və 1963-cü ildə Şirvan respublika tabeli şəhər statusunu aldı.[2] İstismar başlayandan 1 aprel 2011-ci ilə kimi yataqda 1153 quyu qazılmışdır. 2005-cı ilə kimi yataqda 36 mln tondan çox neft hasil edilib. 1 yanvar 2011-ci ilə toplam neft hasilatı 39,3 milyon ton olmuşdur, beləliklə, 2005-2011 illəri arasında illik hasilat ortalama 550 min ton civarında olmuşdur.[3] 2020-ci ildə “Kürovdağ” yatağından 1,05 milyon barrel neft hasilatı proqnozlaşdırılır.[4]
2004-cü ilin noyabrında ARDNŞ Caspian Energy Group (keçmiş Whitehall) şirkəti ilə "Kürovdağ" üzrə PSA tipli (Hasilatın pay bölgüsü) müqavilə imzalayıb. PSA müqaviləsində tərəflərin hər biri 50% iştirak payı alıb. 1997-ci ildən "Kürovdağ"ın reabilitasiyası ilə Caspian Energy Group şirkətinin 51% iştirak payına malik olduğu Shirvan Oil MM məşğul olub. 2005-ci ilin sonlarınadək Shirvanoil "Kürovdağ"ın işlənməsinə $40 mln-dan çox sərmayə qoyub. Müqaviləyə görə, müəssisədə iştirak payının 50%-i ARDNŞ-ə və Caspian Energy Group şirkətinə məxsusdur. Nəzərdə tutulan sərmayələrin həcmi $200-$300 mln təşkil edir.[5]
Yatağın sahəsi 115 km² təşkil edir. Kürovdağ yatağı ərazisi təxminən 2500 km² olan Kür çöküntü hövzəsində yerləşir. Mərkəzi hissəsi çoxlu palçıq vulkanları ilə mürəkkəbləşmişdir. Bu vulkanlar vasitəsilə yer səthinə qaz və neft təzahürü qeyd olunur. Bir çox geoloqlar Kürovdağ yatağını transpressional deformasiyaya aid edirlər. Başqa sözlə bu struktur sürüşmə və sıxılma deformasiyası nəticəsində yaranıb. Deformasiyanın üçüncü və son mərhələsi antiklinalın meydana gəlməsi ilə nəticələnib, bu isə strukturun indiki formasını alması ilə nəticələnib. Ərazinin 3D seysmik təhlili 2003-cü ildə keçirilib. Bu təhlil zamanı istehsalın artırılması üçün əlavə 98 potensial quyu məkanı müəyyən edilmişdir.[6]