Küveytdə ali təhsil — Küveyt Dövlətinin ali təhsil sistemi.
Müasir Küveyt cəmiyyəti üçün ali təhsilin inkişafı mühüm əhəmiyyət kəsb edir. 1988-ci ildə yaradılmış Ali Təhsil Nazirliyi ölkədə tətbiqi və universitet təhsili, elmi tədqiqat ilə bağlı məsələlərə, bu sahələri inkişaf etdirməyə məsuldur. Ali Təhsil Nazirliyi, həmçinin ali təhsili tətbiqi təhsil və universitet təhsili istiqamətləri üzrə inkişaf etdirmək üçün strategiya və planları müəyyənləşdirir, işçi qüvvəsinin hazırlanması üçün plan və proqramlara nəzarət edir, müxtəlif ali təhsil müəssisələri və onların qurumlarının arasında elmi tədqiqat fəaliyyətini əlaqələndirir. Ali Təhsil Nazirliyi kolleclər və ali təhsil müəssisələrində həyata keçirilən elmi tədqiqatların qeydiyyatını aparır və onlardan səmərəli istifadə olunmasının üsullarını araşdırır. Nazirliyin ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Səudiyyə Ərəbistanı, Avstraliya, Birləşmiş Ərəb Əmirliklərində və başqa ölkələrdə nümayəndəlikləri fəaliyyət göstərir. Bu nümayəndəliklər həmin ölkələrdə oxuyan küveytli tələbələrin təhsilinə nəzarət edilməsində mühüm rola malikdir.
Dövlət tərəfindən maliyyələşən yaşlıların təhsili Tətbiqi Təhsil və Təlim üzrə Dövlət İdarəsi tərəfindən təşkil olunur.
Küveyt dövləti bir neçə ali dini məktəbə, Musiqi Akademiyasına və Müəllimlər İnstitutuna maliyyə dəstəyi verir.
Küveyt ali məktəblərində əcnəbi tələbələr də oxuya bilərlər. Bununla bağlı əsas şərt odur ki, onların qiymətləri universitetlərin qəbul tələblərinə uyğun olsun.
Küveytdə 4 dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bunlar aşağıdakılardır:
Ölkənin ali təhsil müəssisələri arasında xüsusi nüfuzu ilə seçilən Küveyt Universiteti yetişdirdiyi peşəkar mütəxəssislərlə tanınır. Bu tədris ocağında yüksək səviyyəli texniki kadrlar hazırlanır. Burada həmçinin iqtisadi səmərəliliyi artırmağa xidmət edən layihələr reallaşdırılır.
Yarandığı vaxt iki fakültə ilə fəaliyyətə başlayan Küveyt Universiteti hazırda inkişaf edərək beynəlxalq səviyyədə tanınmış ali təhsil müəssisələrindən biridir. Universitetdə incəsənət, təbiət elmləri, dövlət idarəçiliyi, hüquq, mühəndislik və neft-qaz, tibb, təhsil, şəriət və islamşünaslıq, ictimai elmlər, stomatologiya fakültələri fəaliyyət göstərir.
Küveytdə müxtəlif biznes, dəftərxana işi, kompüter və dil sahələri üzrə əyani və qiyabi formada təhsil verən bir neçə özəl ali məktəb də fəaliyyət göstərir. Buradakı özəl ali təhsil müəssisələrində oxuyanların əksər hissəsi yerli vətəndaşlardan ibarətdir.
Ərəb Açıq Universiteti Küveytin ən böyük özəl ali təhsil müəssisəsi hesab olunur. Bütün özəl ali təhsil müəssisələrində oxuyanların təxminən yarıdan çoxu Ərəb Açıq Universitetində təhsil alır.
Küveytdə Ali Təhsil Nazirliyi tərəfindən fəaliyyətinə icazə verilmiş bir çox diplomdansonrakı özəl kolleclər və universitetlər də vardır. Belə təhsil müəssisələrinə aşağıdakıları misal göstərmək olar:
Küveyt təhsil sahəsində bir çox ölkələrlə səmərəli əlaqələrə malikdir. Bu baxımdan tələbə mübadiləsi istiqamətində daha nəzərəçarpan uğurlar qazanılmışdır.