Küveytdə təhsil

Küveytdə təhsilCənub-Qərbi Asiyada yerləşən Küveyt Dövlətində mövcud olan çoxşaxəli təhsil sistemi.

Küveyt tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar.

XX əsrin əvvəllərində bu ölkədə neft ehtiyatları kəşf olunmazdan əvvəl yalnız Əl-Katatib adlandırılan dini məktəblərdə təhsil almaq mümkün idi. Belə tədris ocaqlarında təhsil prosesi müqəddəs Qurani-Kərimin öyrədilməsi, yazı, oxu bacarıqlarının inkişaf etdirilməsi və riyazi biliklərin aşılanması ilə məhdudlaşırdı. Bu məktəblər, əsasən varlı şəxslər tərəfindən maliyyələşdirilirdi. İqtisadi və ictimai şərait təhsilin bundan artıq inkişaf etdirilməsinə imkan vermirdi.

XX əsrin birinci yarısında Küveytdə bir dənə də olsa, dövlət məktəbi yox idi.

Ticarətin inkişafı, bununla da iqtisadiyyatın yüksəlişi 1912-ci ildə Küveytdə ilk dünyəvi yönlü tədris ocağı olan Əl-Mübarkiyyə məktəbinin yaranmasına səbəb oldu. 1921-ci ildə isə Əl-Əhmədiyə məktəbi yarandı. Bu məktəblərdə ingilis dili kursları da tədris olunurdu.

1936-cı ildə daha mütəşəkkil təhsil sistemi formalaşdırmaq üçün Təhsil Şurası yaradıldı. 1939-cu ildə hökumət təhsili tam olaraq nəzarətə götürdü və 1945-ci ilə qədər 17 dövlət məktəbi fəaliyyətə başladı.

İkinci dünya müharibəsindən sonra neft sənayesi inkişaf etdikcə hökumət sosial-ictimai sahələrə böyük miqdarda investisiya qoymağa başladı. Təhsilin prioritet sahə kimi qəbul olunması bu sahədə yüksəlişə zəmin yaratdı. 1962-ci ildə qəbul olunmuş konstitusiyada təhsil xərclərinin dövlət tərəfindən təmin olunması və tədris müəssisələrinin tam olaraq dəstəklənməsi müddəası əksini tapdı. 1965-ci ildə ilk dəfə olaraq ölkədə icbari təhsil tətbiq edilməyə başladı. 1967-ci ildə isə hökumətin yardımı ilə özəl təhsil müəssisələrinin əsası qoyuldu.

Küveytdə məktəbəqədər təhsil 1 il, ibtidai təhsil 5 il, əsas təhsil 4 il və orta təhsil 3 il davam edir. Ölkə vətəndaşlarının 6 yaşdan 14 yaşa qədər ibtidai və əsas təhsil alması icbari hesab olunur.

Dövlət təhsilinin bütün pillələri, o cümlədən ali təhsil pulsuzdur. Küveyt məktəblərində şagirdlər II sinifdən ingilis dilini öyrənməyə başlayırlar.

Küveytdə 1145 məktəbəqədər və orta təhsil müəssisəsi fəaliyyət göstərir. Bunlardan 664-ü dövlət, 481-i isə özəldir. Şagirdlərin (məktəbəqədər-orta təhsil pilləsi üzrə) üçdə iki hissəsi dövlət müəssisələrində təhsil alır. Hazırda Küveyt məktəblərində 591359 şagird təhsil alır ki, bu da ölkənin ümumi əhalisinin 20 faizini təşkil edir.

Küveytin təhsil müəssisələri statusuna görə üç yerə bölünür: dövlət, özəl və keyfiyyətyönümlü təhsil müəssisələri. Ölkədə məktəblərin əksəriyyəti dövlət tədris müəssisələridir. Bu məktəblərdə təhsil ərəb dilində aparılır.

Dövlət məktəblərində birinci sinifdən başlayaraq qızlar və oğlanlar ayrı oxusalar da, onlar eyni təhsil hüququna malikdirlər.

Özəl təhsil müəssisələri əsasən Küveytdə öz ailələri ilə yaşayan və bu ölkəyə işləmək üçün gəlmiş əcnəbilər üçün təsis olunub. Küveyt hökuməti özəl məktəblərə yardım məqsədilə hər il 5,6 milyon Küveyt dinarı həcmində vəsait ayırır.

Dövlət məktəblərindən fərqli olaraq özəl məktəblərdə qızlar və oğlanlar birlikdə təhsil alır. Özəl təhsil sisteminə aşağıda sadalanan məktəb kateqoriyaları aiddir:

  • özəl ərəb məktəbləri;
  • əcnəbi özəl məktəblər (Britaniya, Amerika, Hindistan və s.);
  • mədəni institutlar (təlim, peşə və iş sahələri üzrə ixtisaslaşmış müəssisələr).

Keyfiyyətyönümlü təhsil sistemi dini təhsil, xüsusi təhsil, yaşlıların təhsili və peşə təhsili olmaqla 4 yerə bölünür. Dini təhsil əsas və orta təhsil pillələrini əhatə edir. Küveytdə 81 dini təhsil müəssisəsi fəaliyyət göstərir. Xüsusi təhsil fiziki qüsuru və təlim çətinlikləri olan uşaqlar üçün nəzərdə tutulub. Yaşlıların təhsili isə yaşlı nəslin savadsızlığının aradan qaldırılmasına xidmət edir. Peşə təhsilinin əsas məqsədi ölkə iqtisadiyyatının yerli texniki işçi qüvvəsinə olan ehtiyacının ödənilməsi, müxtəlif sahələr üzrə tələb olunan kadrlar hazırlanması, onların ixtisaslarının artırılmasından ibarətdir.

2005-ci ilin statistik məlumatlarına görə, Küveytdə savadlılıq səviyyəsi 93 faizdən yuxarı olub. YUNESKO-nun 2009-cu il üzrə müəyyənləşdirdiyi insan inkişafı indeksində Küveyt 31-ci yerdə qərarlaşıb. Dövlət xərclərinin 13 faizinin təhsilə sərf olunduğu Küveyt bununla bütün ərəb ölkələri arasında liderliyi ələ alıb.

Xüsusilə qeyd edilməlidir ki, Küveyt məktəblərində olduqca zəngin kitabxanalar fəaliyyət göstərir. Hər bir məktəb kitabxanasındakı kitabların sayı 230000-3000000 arasında dəyişir. Hökumət hər bir məktəbin və kitabxananın vahid elektron məlumat şəbəkəsinə qoşulmasını təmin etmək məqsədilə "Təhsil şəbəkəsi" layihəsini həyata keçirir.

Təhsilin idarə olunması

[redaktə | mənbəni redaktə et]

Küveytdə təhsilin idarə olumasında iki nazirlik iştirak edir. Təhsil Nazirliyi və Ali Təhsil Nazirliyi vahid strategiya əsasında ölkə təhsilinin inkişafı üçün həyata keçirilən tədbirlərin uğurla nəticələnməsi üçün cavabdehlik daşıyırlar.

1962-ci ildə yaradılmış Təhsil Nazirliyi Küveytin ən böyük dövlət qurumlarından biridir. Təhsil Nazirliyi məktəbəqədər, ibtidai, əsas və orta təhsil pillələrinin idarə olunmasını yerinə yetirir.

Məktəbəqədər təhsil

[redaktə | mənbəni redaktə et]

2005-2006-cı tədris ilindən yeni sistemin tətbiqi ilə əlaqədar Küveytdə uşaqlar 2 illik məktəbəqədər təhsilə cəlb olunurlar. Ölkədə məktəbəqədər təhsil pulsuzdur. Küveytdə həmçinin əcnəbi vətəndaşların 4-6 yaşlı uşaqları üçün nəzərdə tutulmuş çoxsaylı bağçalar da fəaliyyət göstərir.

Bütün bu təhsil müəssisələrində uşaqların hərtərəfli inkişafı üçün hər cür şərait yaradılıb. Odur ki, məktəbyaşlı uşaqların valideynləri övladlarının bağçalara verilməsinə ciddi maraq göstərirlər.

İbtidai təhsil

[redaktə | mənbəni redaktə et]

Küveytdə ibtidai təhsil 5 yaşdan başlayır və 5 il davam edir. İbtidai təhsil bütün Küveyt vətəndaşları üçün pulsuz və icbaridir. 2007-ci ildə uşaqların 98,5 faizi ibtidai təhsilə cəlb olunub. Dövlət ibtidai təhsil müəssisələrində yalnız yerli vətəndaşların övladları və əcnəbi ərəblər oxuya bilər. Uşaqlar ibtidai təhsil pilləsində özəl məktəblərdə də oxumaq imkanına malikdirlər. Özəl məktəblərdə cinsi ayrı-seçkiliyə yol verilmir, oğlanlarla qızlar birlikdə təhsil alırlar. Ölkə üzrə müvafiq yaş qrupundakı uşaqların demək olar ki, hamısı ibtidai və orta təhsilə cəlb olunub.

Ölkədə tədris ili sentyabrın ortalarında başlayır və iyunun ortalarında başa çatır. Tədris həftəsi şənbə günündən çərşənbə gününə qədər davam edir.

Əsas və orta təhsil

[redaktə | mənbəni redaktə et]

Küveytdə əsas təhsil pilləsi 4 il davam edir. Qeyd etdiyimiz kimi, ölkədə əsas təhsil də icbari və dövlət məktəblərində pulsuzdur.

Əsas təhsilini uğurla başa vurmuş şagirdlər daha sonra 3 il tam orta təhsil ala bilərlər. Ölkə üzrə özəl orta təhsil məktəblərində oxuyanlar 8-12 faiz təşkil edir. Orta məktəbləri bitirdikdən sonra şagirdlər müvafiq peşə ixtisaslarına yiyələnmək üçün peşə kollecində və ya ali məktəblərdə təhsillərini davam etdirə bilərlər.

Qeyd olunduğu kimi, Küveytdə məktəblərin əksəriyyəti dövlət tədris müəssisələridir. Bu məktəblərdə təhsil ərəb dilində aparılır.

Özəl təhsil müəssisələri əsasən əcnəbilər üçün təsis olunub. Dövlət məktəblərindən fərqli olaraq özəl orta məktəblərdə də qızlar və oğlanlar birlikdə təhsil alırlar.

Əcnəbi məktəblər də tədris prosesini ölkədə qəbul olunmuş fənn kurikulumlarına uyğun şəkildə qururlar. Nazirlik belə məktəblər qarşısında ərəb dili, İslam dini, tarix, coğrafiya və mədəniyyət sahələri üzrə kurslar təşkil etməyi vacib şərt kimi qoyur.

Əcnəbi ərəb uşaqları üçün özəl məktəblərə hökumət tərəfindən daha böyük dəstək verilir. Belə ki, onlar məktəb tikmək üçün torpaq sahəsi və pulsuz dərsliklərlə təmin olunur. Qeyri-ərəb məktəblərinə də hökumət tərəfindən köməklik göstərilsə də, bu məktəblərdə müvafiq əcnəbi ölkələrin kurikulumu əsasında tədris aparılır.

Küveyt vətəndaşlarının müəyyən bir hissəsi öz uşaqlarının özəl məktəblərdə təhsil almasında maraqlıdır. Çünki özəl məktəblərdə təhsilin keyfiyyəti dövlət məktəbləri ilə müqayisədə daha yüksəkdir. Küveytdə özəl məktəblərin əksəriyyəti xarici sponsorlar tərəfindən maliyyələşir. Ən nüfuzlu özəl məktəblər sırasına Bayan İkidilli Məktəbi, Amerika Beynəlxalq Məktəbi, Amerika-Küveyt Məktəbi və Fransız Məktəbi daxildir.

Texniki peşə təhsili

[redaktə | mənbəni redaktə et]

Küveytdə, əsasən XX əsrin ikinci yarısından peşə təhsili müəssisələrinə ehtiyac yaranıb. Neft ehtiyatlarının aşkara çıxarılması, neft emalı və ixracı ilə əlaqədar olaraq tətbiqi təhsilin əsası qoyulub. XX əsrin 50-ci illərində dövlət tərəfindən peşə təlimi mərkəzləri yaradılmağa və neft sənayesinə lazım olan işçi qüvvəsinin hazırlanması üçün proqramlar təşkil edilməyə başlandı. Daha sonra Təhsil Nazirliyi ixtisaslı kadrlara artmaqda olan ehtiyacın ödənilməsi üçün çoxsaylı ixtisaslaşmış müəssisələr təsis etdi. Digər nazirliklər tərəfindən də müvafiq təlim mərkəzləri və institutların əsası qoyuldu.

Belə müxtəlif profilli və çoxsaylı müəssisələrin fəaliyyətinə nəzarət etmək, onların işini əlaqələndirmək üçün 1972-ci ildə Texniki və peşə təhsili şöbəsi və Mərkəzi təlim şöbəsi (müxtəlif nazirliklərin təlim mərkəzlərinin, eləcə də institutların fəaliyyətini tənzimləyir) yaradıldı. Sonrakı illərdə bu qurumlar ləğv edilərək Tətbiqi Təhsil və Təlim üzrə Dövlət İdarəsi yaradıldı. Küveytdə texniki peşə təhsili bu qurum tərəfindən həyata keçirilir.

Küveytdə 2 il yarım davam edən peşə təhsilinin əsas məqsədi ölkə iqtisadiyyatının inkişafından irəli gələn yerli texniki işçi qüvvəsinə olan ehtiyacın aradan qaldırılması, tələb olunan kadrların hazırlanması, onların ixtisaslarının artırılması və ölkənin insan resurslarına olan ehtiyacının ödəməsindən ibarətdir. Maraqlıdır ki, son illərdə qadınların tələblərinə uyğun olan yeni peşə proqramlarının tətbiqi ilə əlaqədar müxtəlif ixtisaslara yiyələnən zərif cins nümayəndələrinin sayı nəzərəçarpacaq dərəcədə artıb.

border=none Əsas məqalə: Küveytdə ali təhsil

Elmi tədqiqatlar

[redaktə | mənbəni redaktə et]

Küveytin inkişafında elm və texnologiyanın son nailiyyətlərinin tətbiqi, elmi tədqiqatların nəticələrinə qoyulmuş investisiyalar mühüm rol oynayıb. Bütün bunlar cəmiyyətin ümumi səviyyəsinin yüksəlməsinə, xüsusilə də gənclər üçün yeni imkanların yaradılmasına və onların potensialının genişləndirilməsinə səbəb olub. Ölkənin elm və texnologiya strategiyasının əsas inkişaf prinsipini dünyanın qabaqcıl təcrübəsindən uğurlu şəkildə yararlanmaq, inkişaf etmiş cəmiyyətin təşəkkülündə müasir elmi metodlardan istifadə təşkil edir.

Küveytdə bir sıra ixtisaslaşmış elmi qurumlar fəaliyyət göstərir. Onlar ölkənin elmi inkişaf istiqamətlərini müəyyənləşdirir və elmi tədqiqatlara verdikləri töhfələrə görə kifayət qədər tanınırlar. Bu sıraya Küveyt Elmin İnkişafı Fondu, Küveyt Elmi Tədqiqat İnstitutu və Elm Klubunu aid etmək olar.

Küveyt Elmi Tədqiqat İnstitutu elm və texnoloji tədqiqatlar, məsləhətləşmələr, elmin iqtisadi və ictimai inkişafa tətbiqi sahəsində mühüm rola malikdir. 1967-ci ildə təsis olunmuş Küveyt Elmi Tədqiqat İnstitutu müstəqil fəaliyyət göstərən hökumət qurumudur. Bu qurumun həyata keçirdiyi proqramlar, layihələr müsbət nəticələr verir və bir çox sahələrdə uğurla tətbiq olunur. Küveyt Elmi Tədqiqat İnstitutu yeyinti sənayesi, kənd təsərrüfatı, kimya, energetika sahələrində bir sıra uğurlu layihələrə imza atır.

Küveyt Elmin İnkişafı Fondu müvafiq sahədə Küveytin ən məşhur təşkilatlarından biri hesab edilir. Bu fondun təsis olunmasının təşəbbüskarı Əmir Şeyx Jaber Əl-Əhməd Əl-Sabah olub. Fonda Küveyt əmiri sədrlik edir. Küveyt Elmin İnkişafı Fondu müxtəlif elmi qurumların həyata keçirdiyi elmi tədqiqat layihələrinin maliyyələşməsində mühüm rol oynayır. Fond tərəfindən elmi tədqiqatların inkişafı üzrə Küveyt Mükafatı, Müəlliflər və Tərcüməçilər Mükafatı, Ali məktəbi fərqlənmə ilə bitirən tələbələrin stimullaşdırılması mükafatı təsis olunub.

Elm Klubu elmli, savadlı və tədqiqatyönümlü gənc nəslin formalaşmasında aparıcı rola malikdir. Bu qurum gənclərin gələcəyin alimlərinə çevrilməsi üçün stimul verir. Elm Klubu gənc alimlərin astronomiya elmi sahəsində hazırlanmasına böyük töhfələr verən rəsədxanaya malikdir. Elm Klubu Küveyt Elmin İnkişafı Fondu və Küveyt Elmi Tədqiqat İnstitutu tərəfindən maliyyələşdirilir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]