Kəmalə Ağayeva Ağa qızı (10 iyul 1936, Naxçıvan – 18 iyul 2019, Bakı) ― şairə, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1958), Teatr Xadimləri İttifaqının üzvü (1971), Əməkdar mədəniyyət işçisi (1984), Əməkdar incəsənət xadimi (2002), Prezident təqaüdçüsü (2003).[1]
Kəmalə Ağayeva | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan |
Vəfat tarixi | (83 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Dillər Universiteti |
İxtisası | fransız dili |
Fəaliyyəti | şair |
Mükafatları |
Kəmalə Ağayeva 10 iyul 1936-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. Burada 2 saylı şəhər orta məktəbində təhsil almışdır. Daha sonra 1953-1957-ci illərdə Azərbaycan Dillər Universitetinin Fransız dili fakültəsində təhsilini davam etdirmişdir.[1]
Kəmalə Ağayevanın pedaqoji fəaliyyət dövrü 1957-1989-cu illəri əhatə edir. Belə ki, o, 1957-1961-ci illərdə Naxçıvanın Şıxmahmud kənd orta məktəbində, daha sonra Naxçıvan şəhərindəki 1 saylı orta məktəbdə və 1961-1986-cı illərdə Naxçıvan şəhər internat məktəbində fransız dili müəllimi işləmişdir. Eyni zamanda 1986-cı ildən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ilk ədəbi hissə müdiri olmuşdur. Kəmalə Ağayeva 2002-2005-ci illərdə "Ümid çırağı" jurnalının baş redaktoru kimi fəaliyyət göstərmişdir.[1]
Kəmalə Ağayeva 1965-1983-cü illərdə Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin, 1981-1983-cü illərdə Azərbaycan Yazıçılar Birliyinin təftiş komissiyasının və Kitabsevərlər cəmiyyəti idarə heyətinin üzvü seçilmişdir. O, dəfələrlə Naxçıvan şəhər Sovetinin deputatı olmuşdur. İki dəfə Azərbaycan KP qurultayına (XXVI, XXVII) nümayəndə seçilmişdir.[1]
Kəmalə Ağayevanın "Hilal olaydım" adlı ilk mətbu şeiri 1957-ci ildə "Azərbaycan" jurnalında dərc edilmşdir. Bundan sonra şairə fəal bədii yaradıcılıqla məşğul olmuşdur. Onun "Bahar sözü" adlı ilk kitabı isə 1961-ci ildə işıq üzü görmüşdür. Kəmalə Ağayeva 15 şeir kitabının, 200-ə qədər oçerk və bədii yazıların müəllifidir. O, həmçinin çox görkəmli fransız ədiblərinin - Pol Elüar, Pol Verleni, L.Araqon və b. şeirlərini Azərbaycan dilinə tərcümə etmişdir. 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1971-ci ildən Teatr Xadimləri İttifaqının üzvü olmuşdur.[1]
Kəmalə Ağayeva həm də 15 mənzum pyesin müəllifidir. Onun dramaturgiyada ilk addımı görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvi haqqında yazdığı, 1962-ci ildə tamaşaya qoyulan "Məhsəti" dramı olmuşdur. Daha sonra "İsmət", "Apardı sellər Saranı", "O, bizim dağların oğludur", "Mənim tanrım", "Göyçək Fatma", "Məlikməmməd", "Mənim tanrım gözəllikdir, sevgidir", "Tıq- tıq xanım", "Sirli sözlər" pyesləri müxtəlif teatrlarda tamaşaya qoyulmuş, efirdə səslənmişdir. Dramaturqun əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.[1]
Kəmalə Ağayeva Ümumittifaq ədəbiyyat tədbirlərində iştirak etmişdir: 1980-ci ildə Özbəkistanda Azərbaycan incəsənəti günlərində, 1982-ci ildə Vaqif poeziya günlərində, 1967-ci ildə Ümumittifaq yazıçılar qurultayında nümayəndə olmuşdur. 1994-cü ildə Fatimeyi-Zəhra həzrətlərinin mövludu münasibətilə keçirilən müsabiqədə birinci yeri tutmuşdur. Eyni zamanda 1984-cü ildə Fransada Azərbaycan günlərində və 1989-1990-cı illərdə Türkiyədə təşkil olunmuş Yunis İmrə günlərində iştirak etmişdir. 1979-cu ildə sovet nümayəndə heyətinin tərkibində 20 gün ABŞ-nın Vaşinqton, Nyu-York, Çikaqo, San-Fransisko, Boston və Sietl şəhərlərində olaraq müxtəlif tədbirlərdə Azərbaycan şairəsi olaraq özünün vətənə, dostluğa, sülhə aid şeirlər ilə çıxışlar etmişdir. [1]
Kəmalə Ağayeva 2019-ci ilin iyul ayının 18-də vəfat etmişdir.