Kəmalə Eyvazova

Kəmalə Eyvazova (Eyvazova Kəmalə Əhliman qızı; 1975, Şamaxı rayonu) — Rusiya alimi, Tibb elmləri namizədi. S.N.Fyodorov adına “Gözün mikrocərrahiyyəsi” SETK rekonstruktiv okuloplastik cərrahiyyə bölməsinin müdiri.

Kəmalə Eyvazova
Eyvazova Kəmalə Əhliman qızı
Doğum tarixi
Doğum yeri Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Elmi dərəcəsi Tibb elmləri namizədi
Təhsili Azərbaycan Tibb Universiteti

Eyvazova Kəmalə Əhliman qızı 1975-ci ildə Azərbaycan Respublikasının Şamaxı rayonunda anadan olub. 1992-ci ildə Şamaxının 2 nömrəli orta məktəbini gümüş medalla bitirib. Elə həmin il N.Nərimanov adına Azərbaycan Tibb Universitetinə (indiki Azərbaycan Tibb Universiteti) qəbul olub və 1998-ci ildə oranı bitirib. 1998-2001-ci illərdə Moskvada S.N.Fyodorov adına “Gözün mikrocərrahiyyəsi” Sahələrarası Elmi-Texniki Kompleksdə (SETK) klinik ordinaturada təhsil alıb. Görmə orqanları xəstəliklərinin müayinə və diaqnostikasının əsas üsullarına yiyələnib. 2001-ci ilin noyabrından K.Eyvazova S.N.Fyodorov adına “Gözün mikrocərrahiyyəsi” SETK-nın refraksion cərrahiyyə şöbəsinin aspiranturasına qəbul olunub. Təhsil zamanı özünü elmi-klinik işlərdə müstəqil surətdə görə bilən məqsədyönlü, diqqətli, düşüncəli həkim kimi göstərib. Müasir oftalmologiyanın nailiyyətləri ilə mütəmadi maraqlanıb, Rusiya və xarici elmi ədəbiyyatları öyrənərək bilik səviyyəsini daim artırıb. A.İ.İvaşinanın rəhbərliyi altında “Presbiopik yaşda yüksək dərəcəli hipermetropiyanın intraokulyar korreksiyası” mövzusu üzərində çalışıb.[1]

O, aspiranturada təhsil aldığı müddətdə müxtəlif oftalmoloji patologiyaların terapevtik və cərrahi müalicəsi metodlarına yiyələnib. Hazırda müstəqil şəkildə operativ müdaxilənin geniş spektrlərini - kataraktın fakoemulsifikasiyası, antiqlaukomatoz, skleroplastik və vazorekonstruktiv əməliyyatlar, müxtəlif növ refraksion əməliyyatlar, çəpgözlük zamanı əməliyyatlar həyata keçirir. K.Eyvazova 2005-ci ildə tibb elmləri namizədi elmi dərəcəsi almaq üçün “Presbiopik yaşda yüksək dərəcəli hipermetropiyanın intraokulyar korreksiyası” mövzusunda dissertasiya müdafiə edib. Onun elmi işi 2006-cı ildə “Fyodorov oxuları” Ümumrusiya elmi-praktiki konfransı çərçivəsində keçirilən gənc alimlərin konfransında 2-ci yeri tutub. 2006-cı ildən S.N.Fyodorov adına “Gözün mikrocərrahiyyəsi” SETK klinikasının 9-cu oftalmoloji bölməsində həkim-oftalmoloq işləyib. 2007-ci ildən indiyədək S.N.Fyodorov adına “Gözün mikrocərrahiyyəsi” SETK-nın rekonstruktiv okuloplastik cərrahiyyə bölməsinə rəhbərlik edir.

K.Eyvazova dəfələrlə elmi-praktiki konfranslarda iştirak edib, 14 elmi məqalənin müəllifidir. Dissertant olduğu zaman RF-nin 3 patentini, – onlardan 2-si apardığı iş çərçivəsində, 1-i RF patenti vermək üçün müsbət qərara görə, - alıb. Həmin iş S.N.Fyodorov adına “Gözün mikrocərrahiyyəsi” SETK-nın 2002-ci, 2003-cü və 2004-cü illərdə keçirilmiş elmi-praktiki konfranslarında, gözün refraksion və plastik cərrahiyyəsi üzrə III Rusiya simpoziumunda (Moskva, 2002), “Lazer refraksion və intraokulyar cərrahiyyə” elmi-praktiki konfransında (Sankt-Peterburq, 2002), oftalmocərrahiyyə üzrə III Avro-Asiya konfransında (Yekaterinburq, 2003), Rusiya oftalmoloqlarının VIII qurultayında (Moskva, 2005) müzakirə edilib.

  1. Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.