Kərəm Akif oğlu Həsənov (1 yanvar 1996, Gəncə – 20 sentyabr 2023, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Anti-terror əmliyyatı şəhidi.
Kərəm Həsənov | |
---|---|
Kərəm Akif oğlu Həsənov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1996 |
Doğum yeri | |
Vəfat tarixi | 20 sentyabr 2023 (27 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2013–2023 |
Rütbəsi | Baş leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi, Anti-terror əməliyyatı • Suqovuşanın azad edilməsi • Ağdam rayonunun azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri |
Həsənov Kərəm Akif oğlu 1 yanvar 1996-cı ildə Gəncə şəhərində anadan olmuşdur. Bir bacı, bir qardaş olmaqla ailədə 4 nəfər olublar. O, Gəncə şəhərində 1 saylı bağçaya yollanmış və məktəbəqədər təhsilini orada almışdır. Kərəm 2002-ci ildə Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. Kərəm elə məktəb illərindən başlayaraq hərbi dərslərində xüsusi fəallıq göstərmiş, məktəbdaxili hərbi qrup olan "Şahinlər" qrupuna üzv olaraq hərbi təlimlərinə qoşulmuşdur. Kərəm yalnız hərbidə deyil, idman sahəsində də nailiyyətlər əldə etmişdir. O, kikboksinq üzrə 12–13 yaşlı idmançılar arasında "Şəhər çempionatında" 1-ci yer tutmuşdur.
Kərəm Həsənov 2021-ci ilin mart ayında Nərmin adlı xanımla ailə həyatı qurmuş və bu evlilikdən Rüqəyya adlı bir qız övladı dünyaya gəlmişdir. O, şəhid olan zaman Rüqəyya 1 yaş 8 aylıq idi.
Kərəm 2013-cü ildə orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur və 2017-ci ildə hərbi akademiyanı leytenant rütbəsi ilə bitirmişdir. O, hərbi akademiyanı bitirdikdən sonra Azərbaycanın bir çox şəhər və rayonlarında hərbi vəzifəsinə tank komandiri olaraq davam etmişdir. O, Bakı şəhərində, Bərdə, Goranboy, Mingəçevir, Ağcabədi, Beyləqan və Qubadlı rayonlarında hərbi vəzifəsini layiqincə yerinə yetirmişdir. Kərəm Həsənov 2020-ci il, 26 iyun Azərbaycan Silahlı Qüvvələri günü baş leytenant rütbəsinə layiq görülmüşdür.
Kərəm Həsənov 44 günlük Vətən müharibəsində iştirak etmiş, Suqovuşanın və Ağdam rayonunun, eləcə də kəndlərinin işğaldan azad olunmasında fəal iştirak etmişdir. O, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Döyüşdə fərqlənməyə görə", "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunmuşdur.
44 günlük Böyük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə verilən tapşırıqda düşmənin keçilməz səddini keçmək lazım idi, Kərəm böyük şücaət göstərərək, öz ekipajı ilə birlikdə tanklarla həmin keçilməz səddi keçmişdilər. Həmin ərəfədə bir neçə prosesdən sonra Kərəmin idarə etdiyi tank minaya düşmüşdü, daha sonra isə digər tanklarla birlikdə mühasirəyə düşmüşdülər. Kərəm hətta orada belə qəhrəmanlıq göstərərək öz ekipajını sağ-salamat mühasirədən çıxarmışdı. Öz tankı minaya düşdükdən sonra sıradan çıxmışdı. Bu hadisədən sonra o taqım komandirinə məlumat verərək, tankının sıradan çıxdığını və vakant olan bir tanka təyin edilib yenidən döyüşə davam etmək istədiyini bildirmişdir. Beləliklə, o, döyüşə davam edərkən idarə etdiyi tank düşmən tərəfindən vurulmuş və Kərəm yaralanmışdır. Bu vəziyyətdə belə o yaralanmağına baxmayaraq, öz ekipajını sağ-salamat tankdan çıxardıb. Bir neçə müddətdən sonra Kərəm tankın orada qalmasına göz yummaq istəmir və həmin tankı oradan çıxarıb tankın zərər çəkmiş hissələrini qısa müddətdə bərpa edir. Bu vəziyyətdən çıxış yolunu taparaq Kərəm həmin vurulmuş tankla döyüşə davam edir.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda Komando Ordu Birliyi yaradılmışdır. Kərəm 2022-ci ilin sonlarında Komando briqadasına qoşulur və Qubadlı rayonunun Muradxanlı kəndində hərbi vəzifəsinə davam etməyə başlayır.
Kərəm Həsənov Azərbaycan Silahları Qüvvələrinin başlatdığı "Antiterror tədbirləri" nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş tapşırıqlarını yerinə yetirərkən sol qolundan güllə yarası alaraq 20 sentyabr 2023-cü ildə Xocavənd rayonununda qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. O, yaralı vəziyyətdə belə, yenə öz vəzifə borcunu layiqincə yerinə yetirib, son nəfəsinə kimi vuruşub və bir neçə postlarının ələ keçirilməsində böyük xidməti olub. Kərəm Həsənovun nəşi doğulub, boya-başa çatdığı Gəncə şəhərinə gətirilmiş və 22 sentyabr 2023-cü ildə Gəncə şəhərində yerləşən Şəhidlər Xiyabanında böyük izdihamla torpağa tapşırılmışdır. O, şəhid olduqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı və "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.