Kalliroi Parren (yun. Καλλιρρόη Παρρέν; 1861[1], Retimno[d] – 15 yanvar 1940, Afina) — Yunan pedaqoq, jurnalist və yazıçısı. Yunanıstanda feminist hərəkatının banisi.[2].
Kalliroi Parren | |
---|---|
yun. Καλλιρρόη Παρρέν | |
Doğum tarixi | 1861[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 15 yanvar 1940 |
Vəfat yeri |
|
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, jurnalist |
Vikianbarda əlaqəli mediafayllar |
Kalliroi Parren Kritin, Retimno şəhərində orta gəlirli bir ailədə anadan olmuşdu. İbtidai təhsilini Pireydəki rahibə məktəbində alan Kalliroi buradakı təhsilini başa vurduqdan sonra Afinadakı ən yaxşı qızlar məktəbində təhsilini davam etdirərək, 1878-ci ildə isə Arsakion məktəbini bitirmişdi.[3] O, bir çox dilləri, o cümlədən rus, fransız, italyan və ingilis dillərini bilirdi.[4] Odessaya dəvət olunan Kalliroi burada iki il qızlar üçün yunan icma məktəbinə rəhbərlik edib.[3] O, həmçinin Ədirnədəki Yunan icması məktəbi Zapeyon məktəbinə də rəhbərlik edib.[3] Nəhayət, o, Konstantinopolda Fransız mətbuat agentliyini quran həyat yoldaşı Jan Parren ilə birlikdə Afinada məskunlaşıb. Jan Parren jurnalist idi.[4]
Hələ Afinada olarkən o, Avropa və Amerika qadın hərəkatı ilə sıx əməkdaşlıq edərək, 1888, 1889, 1896, 1900-cü illərdə Parisdə və 1893-cü ildə Çikaqoda keçirilən beynəlxalq konfranslarda iştirak edib. Qadınların hüquqları uğrunda mübarizə aparan Parren, əsasən qadınların təhsil imkanlarına və məşğulluğa diqqət yetirirdi.[4] O, bunu taktiki məqsədlər üçün edirdi. 1908-ci ildə onun böyük səyləri nəticəsində Beynəlxalq Qadınlar Şurasına bağlı Ethniko Symvoulio ton Ellinidon (Yunan Qadınlarının Milli Şurası) yaradıldı.[5]
1890-1896-cı illər arasında o, qadınlar üçün Bazar günü məktəbi, Sainte Catherine sığınacağı və Şorba mətbəxi kimi müxtəlif sosial təşkilatları qurdu.[3] 1900-cü ildə nazir Teodoros Deliyannisə müraciət edərək uşaqların və qadınların iş şəraitinin dövlət tərəfindən qorunmasına nail ola bildi.[6]
Parrenin öz məqalələri vasitəsilə qadınları vətənpərvərlik baxımından daha fəal olmağa çağırması, qadınların bu rolunu genişləndirməkdəki təşəbbüsləri təqdir edilirdi.[7]
1894-cü ildə Parren Qadınların Azadlığı İttifaqını, 1896-cı ildə isə Yunan Qadınları İttifaqını qurdu. İttifaq 1897-ci il Osmanlı–Yunanıstan müharibəsi üçün vəsait toplamaqda, əsgərlər üçün geyim tikməkdə və tibb işçilərinin hazırlanmasında fəal iştirak etmişdi.[7] Onun digər nailiyyətləri sırasında 1911-ci ildə qurduğu Yunan Qadınları Lisey Klubu durur. Parren həmçinin 1650-1860-cı illərdə (yunan dilində) Yunan qadınlarının tarixini yazıb.[6]
Parren bütün Balkan yarımadasında qadınları birləşdirmək üçün 1923-cü ildə yaradılmış Kiçik Qadın Antantasının qurucu üzvlərindən biri idi. O, həmçinin müharibələrarası dövrdə Sülh və Azadlıq uğrunda Beynəlxalq Qadınlar Birliyi Yunan bölməsinin prezidenti vəzifəsində çalışmışdır.[8]
O, Afinada 1887-ci ildə Ephemeris ton kyrion ("Qadınlar" jurnalı) qəzetinin təsisi ilə Yunanıstanda feminist hərəkatını başlatdı.[6] Qəzetin redaksiya heyəti tamamilə qadınlardan ibarət idi. Qəzet 1908-ci ildən 1916-cı ilə qədər 8 səhifə olmaqla həftəlik çıxırdı. 1916-cı ildən isə aylıq nəşrə çevrildi.[4] Qəzetdə dövrün tanınmış bir çox yazıçılarının, o cümlədən feministlərində yazıları işıqlandırılırdı.[3] 1917-ci ildə Parren monarxiyanı dəstəklədiyi və Yunanıstanın Birinci Dünya müharibəsində Antanta tərəfində iştirakına qarşı çıxdığı üçün 1917-ci ildə Elefterios Venizelos administrasiyası tərəfindən Hidra adasına sürgün edildi və bununla da qəzetin nəşri dayandırıldı.[5]
Bir çox fəaliyyətləri ilə yanı sıra Kalliroi, "Ədəbi şənbələr" kimi tanınan ədəbi məclisə də rəhbərlik edirdi.[3] O, Juliett Adam, Giorgis Gavrilidis, Jül Simon, Qriqorius Ksenopulos və şair Kostis Palamas ilə dost idi.[3] Palamas hətta onun haqqında məşhur şeir də yazıb. Onun, ədəbi məclislərində həm qadınlar, həm də kişilər iştirak edirdi, baxmayaraq ki, o feminist maraqlarını daha üstün tuturdu.[3]
Qəzet nəşr etdirmək və ədəbi məclis idarə etməklə yanaşı, o, bir sıra romanların da müəllifidir. Əsərlərini ilk dəfə Maia təxəllüsü ilə özünün "Qadınlar" jurnalında dərc etdirib.[3] Qadın oxucularından müsbət rəylər alıb. Onun ilk romanı 1900-cü il, ikinci romanı 1901-ci il, üçüncü romanı isə 1902-ci ildə nəşr edilib.[3] Onun ilk kitabları birlikdə Ta Vivlia tis Avyis (Sübh kitabları) adlı trilogiya təşkil edirdi və onlar yunan qadınlarının azadlıq uğrunda apardıqları mübarizədən bəhs edirdi.[3] Trilogiya oxucuları tərəfindən müsbət qarşılandı. Tənqidçilər Qriqorios Ksenopulos və Kostis Palama trilogiyanın Yunan sosial romanının inkişafına böyük töhfə olduğunu vurğuladılar. 1907-ci ildə bu epik əsər XX əsrin ən məşhur dramatik aktrisalarından biri olan Marika Kotopoulinin baş rolda oynadığı Nea Yineka (Yeni qadın) adlı tamaşaya uyğunlaşdırılaraq populyarlığının pik səviyyəsinə çatdı. Parrenin bu məşhur trilogiyasına To Maramenon Krinon (Solğun zanbaq) və Horis Onoma (Adsız) da əlavə edilmişdir.[3]
Kalliroi Parren 1940-cı il yanvarın 15-də Afinada vəfat edib.