Kalta-Minar (özb. Kalta Minor) — Xivədə İçan-Kala sitadelinin ərazisində yerləşən yarımçıq minarədir.
Məhəmmədəmin xan mədrəsəsinin sağında yerləşir və bəzən onun bir hissəsi hesab olunur.
Kalta Minar adı özbək dilindən qısa minarə kimi tərcümə olunur.
Kalta-Minar Xivə xanlığının xanı Məhəmmədəmin xan tərəfindən müsəlman dünyasının ən böyüyü və ən hündürü minarəsi kimi yaradılmışdır. Onun planına görə, minarənin hündürlüyü 70-80 metr olmalı, diametri yüksəldikcə kəskin şəkildə azalmalı idi ki, bu da minarəni daha davamlı edəcəkdi. Onun təməlinin diametri 14,2 metrdir.
Tikintisinə 1852-ci ildə başlanılır və 1855-ci ildə minarənin hündürlüyü 29 metrə çatanda gözlənilmədən tikinti dayandırılır. Xivəli tarixçi və yazıçı Agahinin yazdığına görə, tikintinin təşəbbüskarı, Seraxs yaxınlığında türkmənlərlə döyüşdə həlak olan Məhəmmədəmin xanın 1855-ci ildə vəfat etməsi səbəbindən tikinti başa çatmamışdır.
1996-1997-ci illərdə Özbəkistanın tarixi memarlıq abidələrinin yenidən qurulması üzrə genişmiqyaslı kampaniya çərçivəsində və Xivə şəhərinin 2500 illik yubileyi münasibətilə minarə əsaslı şəkildə bərpa edilib. Bərpa zamanı, xüsusən də nadir naxışlar və yazılar bərpa edilib. Kalta-Minar məhz natamamlığına, eləcə də özünəməxsus dekorasiyasına görə məşhurdur. Bu, tamamilə şirli kaşı və mayolika ilə örtülmüş yeganə minarədir. Kaşılarda tünd yaşıl, mavi və ağ rənglər üstünlük təşkil edir, bəzi naxışlar firuzəyi rəngdədir. Minarənin bayır divarlarında indi yalnız fars dili üçün istifadə edilən nəstəliq xətti ilə yazılar vardır.[1].