Kamaltəpə — Qəbələ şəhəri ərazisində qədim yaşayış yeri.
Şəhərin Qala hissəsinin cənub darvazası qarşısında yerləşən təbii təpəlik yerli əhali tərəfindən Kamaltəpə adlandırılmışdır. Kamaltəpə sözü şəxs adına bağlıdır. Vaxtilə Kamal adlı bir yerli sakin burada təsərrüfat işləri ilə məşğul olduğu üçün təpə onun adı ilə adlandırılmışdır. Qeyd etmək lazımdır ki, bu təpəlik barədə Əl-Müqəddəsinin məlumatı diqqəti cəlb etmişdir:
"Qəbələ möhkəmləndirilmiş şəhərdir, çay onun divarlarının arxasından axır. Cümə məscidi şəhərdən kənarda, bir təpənin üstündə yerləşir."
Bu məlumatda əvvəla şəhərdən kənarda təpəliyin olması qeyd edilir. Sonra şəhərin ən böyük ictimai binası Cümə məscidinin məhz həmin təpənin üstündə yerləşməsi göstərilir. Hazırda qala divarlarından kənarda Kamaltəpədən başqa təpə yoxdur. Bu fakt Kamaltəpənin məhz Əl-Müqəddəsinin qeyd etdiyi təpəlik olduğunu düşünməyə imkan verir.
Kamaltəpə əslində, üç hissədən ibarətdir. Müdafiə xəndəyini xatırladan çökəkliklər bu hissələri bir-birindən ayırır. Kamaltəpəyə qalxmaq üçün şimal və cənub tərəfdən yol yerləri var.
1977-ci ildə təsərrüfat işləri zamanı Kamaltəpənin üst qatı dağıdılmışdır. Bu zaman burada kvadrat formalı bişmiş kərpicdən qurulmuş müsəlman qəbirləri, iri ölçülü yonma puc (şirim) daşdan kirəc məhlulu ilə hörülmüş böyük bir tikintinin divar qalığı və çoxlu inşaat materialı töküntüləri üzə çıxarılmışdır. İ. Əliyev qeyd edir ki, Kamaltəpədən tapılan arxeolji materialları Əl-Müqəddəsinin verdiyi məlumatla müqəyisə etsək onda deyə bilərik ki, orta əsrlərdə Qəbələnin Cümə məscidi məhz Kamaltəpənin üstündə yerləşmişdir.[1]