Kamil Aslan oğlu Rüstəmbəyov — Azərbaycan kinorejissoru, vaxtilə Azərbaycan Televiziyasının baş rejissoru, ssenari müəllifi.
Kamil Rüstəmbəyov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | rejissor |
Fəaliyyət illəri | 1955–1991 |
Təhsili |
|
IMDb | ID1190908 |
1953-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunu bitirmişdir. 1956-cı ildə Bakı televiziyası fəaliyyətə başlayanda Kamil Rüstəmbəyov məsul redaktor vəzifəsində çalışır, televiziyasının ilk yaradıcılarından biri olmuşdur. Sonradan böyük rejissor, baş rejissor işləmiş, bir sıra maraqlı verilişlər hazırlamışdır.
1960-cı ildə milli televiziyanın tarixində ilk dəfə olaraq şair Səməd Vurğunun "Aygün" poeması üzrə çəkilən eyni adlı tammetrajlı bədii filmə quruluş vermişdi. Telestudiyada "Zəncirlənmiş adam" bədii televiziya və bir sıra sənədli televiziya filmlərini, film-konsertlər çəkmişdir.
1966-cı ildə Kamil Rüstəmbəyov C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına işə dəvət olunmuş, burada "Dağlarda döyüş", "Axırıncı aşırım", "Dərviş Parisi partladır" (Şamil Mahmudbəyovla birgə), "Gözlə məni" bədii filmlərinə, "Mahnı qanadlarında" film-konsertinə quruluş vermişdir. Bütün bu filmlər ümumittifaq ekranında göstərilmək üçün qəbul olunmuşdur. "Axırıncı aşırım" kinoromanı isə 1972-ci ildə Tbilisidə keçirilən V Ümumittifaq kinofestivalında nümayiş etdirilmiş, aktyorlardan Adil İsgəndərov Kərbəlayi İsmayıl, Həsən Məmmədov isə Abbasqulu bəy rollarını ifa etdikləri üçün ən yaxşı kişi rollarının ifasına görə mükafata layiq görülmüşlər.
Kamil Rüstəmbəyov bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olmuşdur.[1]